Biznesi hər kəs aça bilər, əsas istəyin və ilkin kapitalın mövcud olmasıdır. Lakin əməkdaşlarınızın sayının 20 və ya 2000 olmasından asılı olmayaraq, bizneslə “gözü bağlı” məşğul olduqda, siz tez bir zamanda günbəgün böyüyən və həll olunması mümkünsüz görünən problemlər toplusu ilə rastlaşırsınız. Biznesin, menecmentin öz qayda-qanunları var və onları bilməmək sizi məsuliyyətdən, ən əsası isə acınacaqlı nəticələrdən azad etmir. Təəssüf ki, bu qanun və təcrübələrin ən əsasları hələ də biznes məktəblərinin standart tədris proqramından kənarda qalır.
FED.az xəbər verir ki, bu baxımdan Bakıda Adizes İnstitutunun filialının açılması çox aktualdır. Bu filiala rəhbərlik Azərbaycanda artıq 5 il ərzində uğurla biznes aparan və Doktor Adizesin metodologiyası üzrə konsultasiyalar aparan Pavel Belorusski tərəfindən həyata keçirilir.
Eləcə də bax: Azərbaycanda biznes üçün - YAXŞI VƏ PİS GÖSTƏRİCİLƏR AÇIQLANIB
"Azərbaycandakı biznesdə mən üç unikal yanaşmaya rast gəldim: yavaş-yavaş, problem yoxdur və İnşallah",- deyə Pavel zarafat edir. "Lakin Adizes metodologiyasının vəzifəsi hər şeyi yerbəyer etməkdir. O, Azərbaycan biznesinə çox güclü təkan verəcək",- deyə o, əlavə edir.
-Siz uzun müddət Amerika universitetlərində riyaziyyat fənnini tədris etmisiniz. Sonra isə qəflətən hər şeyi atıb, bizneslə məşğul oldunuz. Bu qərarı qəbul etməyinizdə həlledici amil nə idi?
-Bəli, akademik karyeramı gözlənilməz şəkildə başa vurdum. Bir anda macəraya olan marağım dərs demək həvəsimi üstələdi və 1999-cu ildə mən universiteti tərk edib Çikaqoda internet-startapımı açdım. O zaman bu startapa başlamaq üçün mən 5 milyon dollar cəlb etdim və onu fəal şəkildə inkişaf etdirirdim.
Səkkiz il əvvəl artıq Rusiyada tərəfdaşlarımla birlikdə mən başqa bir layihənin – “Maksimum” tədris mərkəzinin işə salınması ilə məşğul olurdum. Bu layihəyə artıq 15 milyon dollardan çox sərmayə qoyulub. O vaxtlar bizim Moskvanın mərkəzində “Qızıl Oktyabrda” («Красный Октябрь») ofisimiz var idi. Günlərin birində mən ofisimizdən küçəyə çıxdım və bəstəboy bir adamla üz-üzə gəldim. Onun üzü mənə çox tanış gəldi. Bu, məşhur biznes-məsləhətçisi və aparıcı biznes metodologiyasının müəllifi Doktor Adizes idi. Həmin gün o, hansısa televiziya şirkətinin dəvəti ilə öz video-mühazirələrini lentə aldırırdı. Biz bir az söhbət etdik və mən onun kitablarını oxuduğumu bildirdim. Birlikdə kofe içdik və kifayət qədər tez dostlaşdıq. Sonda o: “Come join us”,- dedi.
Deməzdim ki, hər şeyi atıb ora qaçdım, lakin bu mənim üçün dönüş nöqtəsi oldu: mən maraqlanmağa, öyrənməyə başladım və bir neçə ildən sonra sertifikata layiq görüldüm. Aşkar etdim ki, Adizes metodologiyası idarəetmə elmi və menecment psixologiyasının kəsişməsində yaradılmış olduqca güclü bir alətdir, bu metodologiyanı tətbiq edən insanlar isə "təşkilati terapevtlər" andlandırılır, axı onlar "təşkilatın sağlamlığını" bərpa edirlər.
Mən daha sistemli şəkildə idarə etməyi və biznes qurmağı, insanların birgə işləməsinin təşkili qaydasını, şirkətin problemlərinin müəyyənləşdirilməsi üsulunu və bu problemlərin düzgün həll olunma ardıcıllığını öyrəndim. Bütün top-menecerlərin həmfikir olduğu şirkətin vahid missiya və baxışının əhəmiyyətini dərk etdim. Top-menecmentin baxışını maksimal şəkildə effektiv reallaşdırmağa imkan verən optimal təşkilati strukturlar qurmağı öyrəndim. İlk layihələrimin nə üçün uğursuz olduğunu və sonralar həyata keçirdiklərimi nə üçün həyata keçirə bildiyimi anladım. Mən peşəkar sahibkar olmağı, sistemi düzgün qurmağı və idarəetməni digər əllərə ötürməyi öyrəndim.
Adizes metodologiyası mənə arzumu həyata keçirməyə kömək etdi. İndi ən çox sevdiyim fəaliyyət növü konsultasiyalardır. Mən Rusiyanın, Ukraynanın və Azərbaycanın bir neçə iri şirkətlərində transformasiya prosesini aparıram, həmçinin Qazaxıstan və Türkiyədəki layihələrdə də kömək edirəm.
-"Müalicəyə ehtiyacı olan" şirkətə gələndə siz "haran ağrıyır",- deyə soruşursunuz yoxsa xəstəliyin əlamətləri onun səbəblərini sizə dərhal göstərir? Şirkət əməkdaşlarını şirkətin "müalicəyə ehtiyacı olduğuna" inandırmaq məcburiyyətində qalırsınızmı?
-Xeyr, biz heç kimi çaxnaşmaya salmaq istəmirik. Eyni zamanda, mən əməkdaşlarının hər şeyin mükəmməl olduğunu düşündüyü şirkətə hələ rast gəlməmişəm. Çox vaxt hər kəs öz problemlərinin olduğunu, şirkətin digər problemlərini isə birinci şəxsin həll etməli olduğunu düşünür. Bu, idarəetmə sisteminin iyerarxik və avtoritar olduğu Azərbaycanda özünü xüsusilə büruzə verir. Həqiqətən də, əgər bütün idarəetmə yalnız şirkətin rəhbərinin əlindədirsə, xoşagəlməz hadisə baş verdikdə müqəssir kim ola bilər?
Hətta mərkəzləşməmiş idarəetmə sisteminə malik olan şirkətlərdə belə əməkdaşlar tez-tez şirkətdaxili müharibələrdə və ya kiçik münaqişələrdə iştirak edir. Startaplarda isə bütün əməkdaşlar bir otaqda oturur, bir-biri ilə daim ünsiyyətdə olur və baş verənlərə dair eyni baxışa malik olurlar. Şirkət inkişaf edib böyüdükcə əməkdaşlar müxtəlif şöbələr üzrə bölüşdürülür, müxtəlif ofislərdə, mərtəbələrdə, binalarda yerləşdirilir. İnsanlar orqanik ünsiyyətdən kənarlaşır və ünsiyyəti sistemləşdirmək zərurəti yaranır. Fikir ayrılığı yaranır, beləliklə də problemlər başlanır. Bəs axı biz hələ də ümumi iş üçün çalışırıq! Lakin hər kəs yalnız özünü düşündükdə münaqişələr qaçılmazdır. Müxtəlif alətlərə malik olmasına baxmayaraq Azides metodologiyası yalnız bir məqsədə qulluq edir: həmkarlar arasında hörmət və etimadı bərpa etmək, qeyri-konstruktiv münaqişələri aradan qaldırmaq.
Əlbəttə ki, bəzi hallarda xəstəliyin əlamətləri dərhal görünür, lakin heç vaxt tələsik nəticə çıxarmaq olmaz.
Bir çox hallarda əməkdaşlar şirkətdə bəzi işlərin yolunda olmadığını anlayır, lakin onlar heç nəyin dəyişməyəcəyinə dair fikirlərlə çoxdan barışıblar. Buna görə də onlar mövcud vəziyyətə uyğunlaşırlar. İlk tanış olduqda Azides metodologiyası onlara şirkətdə məhz nəyin baş verdiyini və vəziyyəti necə dəyişməyin mümkün olduğunu göstərir. Adətən insanlar həvəslənir, qollarını çırmayıb işə başlamağa hazır olurlar.
-Doktor Adizesin metodologiyasına uyğun olaraq hansı təlimləri və hansı şirkətlər üçün aparmısınz?
Özümün ilk böyük təlimlərimdən birini Qazaxıstanın ən iri neft şirkəti “KazMunayQaz” üçün keçirmişəm. Ümumilikdə mən təxminən əlliyə yaxın şirkətə təlim keçmişəm. Təkcə “Yandex” və “Megafon” şirkətləri üçün mən onlarla təlim təşkil etmişəm və hal-hazıra Rusiyanın digər iri pərakəndə satış şirkətləri ilə çalışıram. Bundan əlavə, Azərbaycanda da hələ adlarını açıqlamayacağım bir çox iri şirkətlərlə çalışmışam.
Ən çox fəxr etdiyim “müştərilər” isə Azərbaycanda "Dərs Evi" tədris mərkəzi də daxil olmaqla, Azides metodologiyasının prinsipləri əsasında qurulmuş şəxsi şirkətlərimdir.
-Azərbaycanda iş adamları və onların şirkətlərində ən çox yayılmış “xəstəlik” nədir?
-Azərbaycana gələndən sonra idarəetmə tərzimi Azərbaycana uyğunlaşdırmağı çətinləşdirən bir neçə idarəetmə yanaşması ilə rastlaşdım. Bunlardan biri "yavaş-yavaş", digəri "problem yoxdur", üçüncüsü isə "İnşallah" adlanır (gülümsəyir).
"Problem yoxdur" yanaşması – işçiyə tapşırıq verirsiniz, o sizə "problem yoxdur" deyə cavab verir və sonda onu yerinə yetirmir. Nə üçün? Çünki tapşırıq olduqca çətin idi. Sual olunur: "Niyə tapşırığı aldığınız zaman onu yerinə yetirə bilməyəcəyinizi demədiniz?"
O isə cavabında: "Çünki rəhbərliyə “Yox” cavabını vermək olmaz". Və bu Azərbaycanda mövcud olan digər bir problemdir – rəhbərlə işçi arasındakı məsafə. İsraildə rəhbərin tabeliyindəki işçi ona yaxınlaşıb: "Sən axmaqsan, sən bunu səhv edirsən", – deyə bilər. Bu, onların mədəniyyətinin bir hissəsidir, onlarda iyerarxik məsafə yoxdur.
Azərbaycanda rəhbərlər Allah kimidir və işçilərin onlarla eyni səviyyədə qarşılıqlı əlaqə qurması yolverilməzdir. Xaricdən gəlib öz sadəlövh demokratik yanaşmanı göstərdikdə sənə bu cür davranışla heç kəsin hörmət etməyəcəyini izah edirlər. Sən mövcud paradiqmanı pozacaqsan. Allah göydən yerə enib işçilərlə birlikdə nahar etməyə əyləşsə, nəyə inam qalar ki?
İnşallah yanaşması isə tapşırığın yerinə yertirilməməsinə görə məsuliyyəti tamamilə aradan qaldırır, çünki onun yerinə yetirilməsi üçün hələ uca Tanrının köməyi də lazım olur. Nəticə etibarilə, bu səhv motivasiya davranışının formalaşmasına gətirib çıxarır.
Azərbaycanlı iş adamlarına işlərini başqalarına ötürməyi öyrənmək lazımdır. Bu, çox hiyləgər bir şeydir. İnsanların sadəcə olaraq avtokrat olub bütün hakimiyyəti öz əllərinə almaq istədikləri üçün işləri başqalarına ötürməyi bacarmadıqlarını demək düzgün deyil. Kiməsə sadəcə olaraq tapşırıq verib: “Get, bunu yerinə yetir”, - demək olmaz. Rəhbər istənilən halda öz idarəetmə alətləri vasitəsilə vəziyyəti nəzarət altında saxlamalıdır. Azərbaycanda ən böyük idarəetmə problemi hakimiyyətin həddən artıq mərkəzləşməsi və mentor (məsləhətçi) mədəniyyətinin olmamasıdır. İnsanlar öyrətməyə və öyrənməyə çox da həvəsli deyillər, buna görə də “nə isə” baş verir.
-Doktor Adizesin metodologiyası ilə yenidən strukturlaşdırmağa başladığınız şirkət öz ilk müsbət nəticələrini nümayiş etdirməsi üçün nə qədər vaxt keçməlidir?
-Düşünürəm ki, bunun üçün iki-üç gün də kifayətdir, çünki hətta ilk giriş təlimində fərqli idarəetmə üslublarını izah etdikdən sonra, insanlar bir-biri ilə əvvəlkindən daha fərqli şəkildə münasibət qurmağa başlayır.
Qəflətən sehrli şəkildə dəyişməsi üçün təşkilata verilə biləcək bir həb mövcud deyil. Burada sistemli yanaşma lazımdır, əhəmiyyətli dəyişikliklər isə bir neçə aydan sonra baş verə bilər. Bəzi dəyişikliklər isə artıq ilk gündən hiss olunacaq.
Burada yaxşı və pis xəbər var. Pis xəbər odur ki, tənzimlənmiş qaydaları pozmadan heç nəyi yaxşılaşdırmaq mümkün deyil. Yaxşı xəbər isə odur ki, əldə yaxşı nəticə verən işçi alət var. Lakin ondan düzgün istifadə etmək üçün səy göstərmək lazımdır.
-Noyabrın 8-də Bakıda Doktor Adizezin biznes forumu keçiriləcək və bizdə Doktor Adizesin İnstitutunun filialı açılacaq ...
O, artıq bu aydan açılıb. Mən həmin filiala rəhbərlik edirəm, Doktor Adizes isə simvolik qırmızı lenti kəsmək və azərbaycan dilində “Dəyişikliyin idarə olunması” (“Mastering change”) kitabını təqdim etmək üçün gəlir. Bu, Doktor Azidesin azərbaycan dilinə tərcümə olunmuş ilk kitabıdır və bu, bizim üçün əlamətdar hadisədir.
Doktor Adizes 2015-ci ildən etibarən azərbaycan şirkətlərini konsultasiya edir. Lakin o, öz işini yalnız müəyyən iri şirkətlərlə aparırdı və bu fəaliyyət geniş ictimaiyyətə açıqlanmırdı. Azides metodologiyası Azərbaycanın artıq 20-dən artıq iri şirkətində tətbiq edilir.
İndi isə Bakıda Azides İnstitutunun filialını açmaqla biz, həmçinin digər şirkətləri də əməkdaşlığa dəvət edirik.
-Bakı filialında əcnəbi mütəxəssislər çalışacaq yoxsa siz bunun üçün artıq yerli mütəxəssislər hazırlamısınız?
-İlk vaxtlarda burada yerli və xarici mütəxəssislər birlikdə çalışacaq, inkişaf etdikcə isə bilik və təcrübə ötürüləcək. Biz yerli mütəxəssislərin inkişafı ilə fəal şəkildə məşğul oluruq.
-Sizcə, Doktor Azidesin noyabrın 8-də keçirəcəyi biznes-forumda iştirak edən azərbaycanlı iş adamları nə əldə edəcəklər?
-Onlar hansı təşkilati dəyişikliklərin şirkətin qeyri-konstruktiv daxili münaqişələrə sərf etdiyi vaxtı, pulu və digər resursları azaltmağa, bazarın həcmini və satış dövriyyəsini artırmağa kömək edəcəyini, təşkilatın strukturunda hansı dəyişikliklərin lazım olduğunu biləcəklər. Bütün bunları onlar çox böyük təcrübəyə malik olan və onlarla ölkələrin hökumət başçılarına, eləcə də Coca-Cola, Visa, British Airlines kimi iri şirkətlərin rəhbərlərini konsultasiya etmiş məşhur Doktor Azidesdən öyrənəcəklər. Bu, 10-15 dəqiqəlik ünsiyyətdən sonra şirkətdə mövcud olan problemləri anlaya və onları həll edə biləcək sadə və gözlənilməz tövsiyələr verə bilən bir insandır
-Biznes-forumdan qabaq Doktor Adizesin metodologiyasını dərk etmək üçün onunla tanışlığı hansı kitabdan başlamağı tövsiyə edirsiniz?
-İlk növbədə "Dəyişikliyin idarə olunması" (“Mastering Change”, «Управление изменениями») və "Mükəmməl rəhbər" (“Ideal Executive”, «Идеальный руководитель») kitablarını oxumaq lazımdır. Müəyyən məlumatı olanlar üçün шsə "Korporativ həyat dövriyyəsinin idarə edilməsi" (“Managing Corporate Lifecycle”, «Управление жизненным циклом корпораций») kitabını məsləhət görürəm. Əvvəlcədən xəbərdarlıq edim ki, bu kitab daha mürəkkəbdir və yalnız iddialı oxuculara aydın ola bilər.
-Sonda Adizes İnstitutunun aparıcı təlimçisi kimi bütün azərbaycanlı iş adamlarına həvəsləndirici tövsiyəniz nədir?
-Ən əsası heç vaxt unutmayın: təkmilləşmələr mümkündür. Və hər bir problemin daxilində bir fürsət gizlənir. Təkmilləşmələr üçün alətlər mövcuddur. Tənbəllik etməyin, qollarınızı çırmayıb bu alətləri öyrənməyə başlayın. Yeniliklərdən çəkinməyin. Xüsusilə də yanınızda hər an kömək etməyə hazır olan və bunu necə etməyin üsullarını bilən insanlar olduqda.
-Dəyişikliklərə hazır olanların nəzərinə çatdırıram ki, noyabr ayının 8-də Doktor İtshak Adizesin və Pavel Belorusskinin "İstənilən təşkilat üçün uğur formulu" («Формула успеха любой организации») mövzusunda çıxış edəcəkləri biznes-forum baş tutacaq.
Forumun iştirakçılarının Doktor İtshak Adizeslə fərdi konsultasiya imkanı olacaq.