Son illər islam bankçılığı - maliyyə bazarlarının inkişafı ilə bağlı ən perspektivli istiqamətlərdən biridir. Azərbaycan da daxil olmaqla, region ölkələri ənənəvi bankçılıqla yanaşı, islam maliyyə sinin də tətbiqi üzərində işləyirlər.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, artıq ölkəmizdə də maliyyə bazarlarının inkişafı ilə bağlı yeni qəbul edilən sənəd və proqramlarda islam maliyyəsinin tətbiqi, eləcə də bununla bağlı hədəflər də nəzərdə tutulur.
İlk baxışdan əhalinin böyük hissəsinin müsəlman olması islam maliyyəsinin tətbiqinə dəstək verməli olsa da, reallıqda, maliyyə sektoruna şəriət qaydalarının gətirilməsi asan deyil. Müştərilər üçün, hətta müsəlman olsalar belə, artıq həyatımıza daxil olmuş və öyrəşdiyimiz ənənəvi bankçılıq alətlərindən və qaydalarından asanlıqla imtina etmək istəmirlər.
Ona görə də dünyada islam bankçılığının tətbiqi ilə bağlı müxtəlif üsullardan istifadə edilir. Onlardan biri də bir-birini tamamlayan xidmət və məhsullardan ibarət olun ekosistemin qurulmasıdır.
Azərbaycana qonşu Qazaxıstan artıq bu sahədə ciddi addmlar atıb. Maliyyə sektorunda innovasiyaların sürətli tətbiqi ilə seçilən qazaxlar islam bankçılığı üzrə yeni alətlər və məhsullar tətbiq ediblər.
Qonşu ölkədə bu yeniliyin tətbiqi həm də əhalinin islam bankçılığına, ümumiyyətlə ənənəvi və şəriət maliyyəsinə münasibətini də öyrənməyə imkan verib. Qazaxıstanın bu istiqamətdəki təcrübəsinin detalları bu gün Bakıda işinə başlayan bankda işinə başlayan "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə açıqlanıb.
«İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Araşdırma olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum oldu ki, bizim müsəlman auditoriyamız bizə – ənənəvi bankirlərə etibar etməkdən qəti şəkildə imtina edir».
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Bank CenterCredit"in (Qazaxıstan) Əmanətlər Mərkəzinin rəhbəri Dzhavid İsayev
Xatırladaq ki, "Bank CenterCredit" bankı Qazaxıstanın ən qədim banklarından biri olaraq maliyyə bazarında 37 ildir ki, fəaliyyət göstərir və 3 milyondan çox müştəriyə xidmət göstərir. Bu ekosistemin tərkibinə investisiya və sığorta şirkətlərimizlə yanaşı, gələcəyin texnoloji həllərini hazırlayan və daxilində 1000-dən çox mütəxəssisin çalışdığı "BCC Hub" kimi innovativ strukturlar daxildir.
Lakin bazarın və cəmiyyətin dəyişən tələbləri, xüsusilə İslam maliyyəsi istiqamətində bankın yanaşmalarını dəyişib: «İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Bu araşdırmanın nəticələri olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum oldu ki, bizim müsəlman auditoriyamız bizə – ənənəvi bankirlərə etibar etməkdən qəti şəkildə imtina edir. Müştərilərdə formalaşan bu inamsızlıq baryerini aşmaq üçün onlar üçün tamamilə yeni, müstəqil bir brendin yaradılmasının zəruri olduğunu anladıq».
Bank bu zərurəti nəzərə alaraq "Riza" brendini yaradıb. Yeni brend istifadəçilərə ayrıca və tamfunksiyalı bir mobil tətbiq olaraq təqdim ediləcək: «Bu layihənin həyata keçirilməsi üçün bankımızın strukturunda tam şəriət heyəti (Sharia board) formalaşdırılmış və normativ-hüquqi aktların 95%-i artıq hazır vəziyyətə gətirilmişdir. Cari dövrdə qüvvəyə minən yeni qanunvericilik fonunda, tezliklə rəsmi İslam pəncərəsi lisenziyasının alınmasına hazırlaşırıq», - deyə o, bildirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, maraqlı məqamlardan biri Qazaxıstanda islam bankçılığının tətbiqi üçün potensial hədəf qrupunun müəyyən edilməsi olub. Dzhavid İsayev qeyd edib ki, Qazaxıstanda 20 milyon əhali var və bunun təxminən 13,3 milyonu özünü müsəlman sayır.
"Bu kütlənin içərisində dinə bağlı olan və gündə beş dəfə namaz qılan 2,5 milyonluq bir müsəlman auditoriyası mövcuddur. İslam bankçılığı sahəsində istər Mərkəzi Asiyada, istərsə də məsələn, Azərbaycanda fəaliyyətə başlayan hər bir yeni qurumun edəcəyi ən böyük səhv bu kütləyə vahid bir kateqoriya kimi baxmaqdır».
Qazaxıstanlı bankir təklif edir ki, əslində bu kateqoriyanı bir neçə hissəyə bölmək lazımdır.
Banklardan radikal şəkildə imtina edənlər (0,3%): Bu qrup prinsipial olaraq bank xidmətlərindən istifadə etmirlər və bu, İslam pəncərəsi olsa belə, istifadə etmək fikrində deyillər.
Praqmatik müsəlmanlar (30-40%): Bu qrup qeyd etdiyim 2,5 milyonluq kütlənin böyük bir hissəsidir. Onlar 75% ehtimalla İslam pəncərəsindən istifadə edəcəklərini bildirirlər. Lakin onların əsas tələbi odur ki, şəriətə uyğunluq (sharia compliance) üçün əlavə pul ödəmək istəmirlər. Yəni, bu məhsullar da ənənəvi bankın məhsulları kimi rəqabətqabiliyyətli, eyni dərəcədə sərfəli və maraqlı olmalıdır. Bax bu, bizim işləmək istədiyimiz əsas hədəf auditoriyamızdır.
İslam bankçılığında maraq doğuran digər problem vəsaitin necə saxlanmasıdır:
«İslam maliyyəsi bazarına daxil olarkən etdiyimiz digər bir kəşf ondan ibarətdir ki, müsəlman bazarının hazırda hamının etməyə çalışdığı bank kartlarına ehtiyacı yox idi, onlara BNPL (indi al, sonra ödə) lazım deyildi. Onların ən böyük ehtiyacı bu sualın ətrafında fırlanır: "Mən vəsaitimi harada şəriətə uyğun şəkildə saxlayım?"
Bu fundamental ehtiyacı qarşılamaq üçün Qazaxıstanda ilk dəfə olaraq şəriət qaydalarına uyğun fəaliyyət göstərən "Vardat Al-Hayat" (Həyat Çiçəyi) adlı İslam investisiya fondu (İPİF) işə başlayıb. Bir növ MVP 1.0 (minimum həyatqabiliyyətli məhsul) rolunu oynayan bu fond, müsəlmanların bu tip məhsullara real tələbatının olduğunu tam şəkildə sübut edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əmanətlər Mərkəzinin rəhbəri vurğulayıb ki, yeni yaradılan rəqəmsal tətbiq istifadəçilərin həm dini, həm gündəlik, həm də maliyyə ehtiyaclarını qarşılamaq üçün üç əsas zonaya bölünüb:
1. Islamic Lifestyle (İslam Yaşam Tərzi): Müştərilərin sırf dini ehtiyaclarına dəstək verən zonadır. Burada istifadəçilər namaz vaxtlarını görür, onlayn rejimdə Quran oxuyur, zəkatlarını ödəyir və xeyriyyəçiliklə məşğul olurlar. Yəni bir müsəlman kimi öz ehtiyaclarını bağlayırlar.
2. Tərəfdaşlıq Zonası (Club): Araşdırmalarımız zamanı gördük ki, bir müsəlmanın ehtiyaclarından danışırıqsa, onlar üçün ilk ehtiyac pul yox, məhz yemək (halal qida) olur. İnsan "bəli, mən 2,5 milyonluq potensial müsəlman kateqoriyasına aidəm" dediyi zaman onun üçün önəmlidir ki, "yaxşı, mən ipoteka götürə bilərəm, amma donuz əti yeməyəcəm". Bu, bizim üçün böyük bir insayt oldu və biz restoran şəbəkələri ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə başladıq. "Club" vasitəsilə daxildə müsəlmanlar üçün ən böyük halal ekosistemlərdən birini qururuq. Hədəf odur ki, tətbiqimizlə İtaliyada (Milanda), Almaniyada və ya dünyanın hər hansı bir nöqtəsində olan müsəlman özünə lazım olan restoranı rahatlıqla tapsın.
3. Maliyyə Zonası (BaaS üzərində): Bu zona tamamilə şəriət prinsiplərinə uyğun maliyyə alətlərini təqdim edir. Məsələn, bura yerləşdirdiyimiz narıncı rəngli kartımız tamamilə pulsuzdur, sadədir və daxilində qorxulu heç nə yoxdur. Müştəri başa düşür ki, onun pulları qeyri-etik maliyyələşmələrə – ona icazə verilməyən sahələrə yönəldilmir. Çünki İslam maliyyəsi yalnız müsəlmanlar üçün deyil, həm də müəyyən prinsipləri, etik dəyərləri olan bütün insanlar üçündür.
"Riza" mobil tətbiqi texnoloji olaraq "KIT" platforması üzərində qurulub və onun üzərinə "BAAS" (Banking-as-a-Service) həlləri inteqrasiya olunub. Bu çevik infrastruktur imkan verir ki, gələcəkdə bank eyni sistemi yeni xarici bazarda – məsələn, Özbəkistanda qura bilsin.
«BAAS» bazasında bizə qoşulmaq üçün yeganə bir "rozetka" (birləşmə nöqtəsi) bəs edəcək ki, 6 ay ərzində bizə maraqlı ola biləcek istənilən regionda yeni bir neo-bank qura bilək»-deyə Qazaxıstan nümaynədəsi bildirib.
Ənənəvi bankçılığın güclü maliyyə bazası ilə İslam hüququnun etik prinsiplərini rəqəmsal platformada birləşdirmək, müasir maliyyə dünyasının ən perspektivli trendlərindən biridir.
«Riza» təcrübəmiz göstərir ki, müştərini düzgün seqmentlərə ayırmaq, onun fundamentaldan başlayan ehtiyaclarını doğru analiz etmək və bunu çevik texnoloji arxitektura ilə təqdim etmək, regional bazarlarda İslam bankçılığının gələcək uğur formulunu müəyyən edir»-deyə Əmanət Mərkəzinin rəhbəri bildirib.













