Bu ilin yanvar ayında biz ani ödəniş sistemləri vasitəsilə 312 milyon AZN dəyərində 2,1 milyon əməliyyat emal etdik. Aprel ayına gəldikdə isə bu rəqəmlər 940 milyon AZN dəyərində 9,8 milyon əməliyyata çatdı. 4 ay ərzində əməliyyat sayında 4,6 dəfə, məbləğdə isə 3 dəfəlik artım müşahidə olunub.
Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş proqram təminatı mühəndisi, ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2021-ci ildən 25-ci ilə qədər sistemdə emal edilə bilən əməliyyatların sayı təqribən 116 mindən 10 milyona yaxın səviyyəyə çatdı:
"Bu, 5 il ərzində 86 dəfəlik artım deməkdir. Məbləğ baxımından isə 281 milyon AZN-dən 2,6 milyard AZN-ə çatdı. Bu isə 9,3 dəfəlik artım deməkdir.
Xüsusilə diqqət çəkən odur ki, 2021-ci ildən 24-ə qədər artım sabit və ardıcıl idi. Hər 1-2 ildən bir ikiqat artım müşahidə edilirdi. Yalnız 2025-ci ildə həqiqi bir dönüm nöqtəsi oldu və əməliyyatın sayısı 2024-cü ilə müqayisədə 12 dəfədən çox artdı. Bunun əsas səbəbi isə P2P ödənişlərinin artıq AÖS sistemi vasitəsilə emalının təşkil edilməsidir".
"Bir müqayisə üçün də qeyd edim ki, bu 4 ayın ərzində (2026-cı ilin) emal edilən ümumi məbləğ (2,23 milyard AZN) artıq 2025-ci ilin illik, tam illik həcminin 85%-ni təşkil edir. 2026-cı ilin aprel ayında hər iki göstərici üzrə yeni aylıq rekord qırıldı", - deyə o, bildirib.













