İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Araşdırma olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum oldu ki, bizim müsəlman auditoriyamız bizə – ənənəvi bankirlərə etibar etməkdən qəti şəkildə imtina edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Bank CenterCredit"in (Qazaxıstan) Əmanətlər Mərkəzinin rəhbəri Dzhavid İsayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Xatırladaq ki, "Bank CenterCredit" bankı Qazaxıstanın ən qədim banklarından biri olaraq maliyyə bazarında 37 ildir ki, fəaliyyət göstərir və 3 milyondan çox müştəriyə xidmət göstərir. Bu ekosistemin tərkibinə investisiya və sığorta şirkətlərimizlə yanaşı, gələcəyin texnoloji həllərini hazırlayan və daxilində 1000-dən çox mütəxəssisin çalışdığı "BCC Hub" kimi innovativ strukturlar daxildir.
Lakin bazarın və cəmiyyətin dəyişən tələbləri, xüsusilə İslam maliyyəsi istiqamətində bankın yanaşmalarını dəyişib: «İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Bu araşdırmanın nəticələri olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum oldu ki, bizim müsəlman auditoriyamız bizə – ənənəvi bankirlərə etibar etməkdən qəti şəkildə imtina edir. Müştərilərdə formalaşan bu inamsızlıq baryerini aşmaq üçün onlar üçün tamamilə yeni, müstəqil bir brendin yaradılmasının zəruri olduğunu anladıq».
Bank bu zərurəti nəzərə alaraq "Riza" brendini yaradıb. Yeni brend istifadəçilərə ayrıca və tamfunksiyalı bir mobil tətbiq olaraq təqdim ediləcək: «Bu layihənin həyata keçirilməsi üçün bankımızın strukturunda tam şəriət heyəti (Sharia board) formalaşdırılmış və normativ-hüquqi aktların 95%-i artıq hazır vəziyyətə gətirilmişdir. Cari dövrdə qüvvəyə minən yeni qanunvericilik fonunda, tezliklə rəsmi İslam pəncərəsi lisenziyasının alınmasına hazırlaşırıq», - deyə o, bildirib.













