Vergilər Nazirliyi “Azərmaş” zavodu ilə avtomobillərin satın alınması haqqında 209 min 999,88 manatlıq müqavilə imzalayıb.FED.az xəbər verir ki, bu barədə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyindən məlumat verilib.
““Azərmaş” avtomobil zavodu Vergilər Nazirliyi üçün avtomobil tədarük edəcək. Müəssisə ilə avtomobillərin satın alınması haqqında müqavilə 2018-ci il iyunun 11-də imzalanıb. Müqavilənin dəyəri 209 min 999,88 manatdır», - deyə məlumatda bildirilir.
Zavodun direktoru Emin Axundova istinadən verilən məlumata görə, «Azərmaş” 2018-ci ildə 1,5 min ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bu il ayda 160 ədəd avtomobil istehsal olunacaq. Onların 60 ədədi “Xəzər” LD, 100 ədədi isə "Xəzər" markalı olacaq. Bütövlükdə, 2018-ci ildə 1,5 min ədəd, 2019-cu ildə 3 min ədəd, 2020-ci ildə 5 min ədəd avtomobil istehsal olunacaq.
"Xəzər SD" markalı avtomobilin qiyməti 16 min manat, "Xəzər LD" markalı avtomobilin qiyməti isə 18 min manat olacaq.
Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub.*
İnterfaks-Azərbaycan