Azərbaycanın qiymətli kağızlar bazarında ciddi qiymət artımı qeydə alınıb.
FED.az xəbər verir ki, ölkədə ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR İstiqrazlarının qiyməti kəskin yüksələrək, 1010 dolları keçib. İstiqrazların marketmeykeri olan «PSG Kapital» investisiya şirkətindən verilən məlumata görə, hazırda birjada SOCAR İstiqrazlarının alış qiyməti 1004,80 dollar, satış qiyməti isə 1010 dollardır.
Bu göstərici həftənin əvvəlindəki qiymətlərdən xeyli yüksəkdir. Belə ki, noyabrın 20-də SOCAR İstiqrazlarının alış qiyməti 1003.2 dollar, satış qiyməti isə 1007,6 dollar idi.
Xatırladaq ki, hazırda SOCAR İstiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1010 dollardan aşağı satmaq istəmirlər.
Maraqlıdır ki, istiqrazların qiyməti adətən ödəniş tarixinə az müddət qalanda bu həddə çatırdı. İndi isə faiz ödənişinə hələ 2 aya yaxın müddət qaldığı halda, qiymətlər yüksəlməkdədir.
«PSG Kapital»dan bildirilib ki, bahalaşmaya səbəb istiqrazlara tələbatın kəskin artmasıdır, bazardakı təklif bu tələbi qarşılaya bilmir:
“Hazırda həm fiziki, həm də hüquqi şəxslər tərəfindən istiqrazların alışı üzrə çoxsaylı təkliflər var. Amma təkrar bazardakı təkliflər bu tələbi qarşılaya bilmir”.
İstiqraza tələbatın artmasının bir neçə səbəbi var. Əvvəla, kağızların buraxılmasından keçən bir il ərzində istiqrazlar üzrə faizlər qrafik üzrə vaxtında ödənilib. Bu dövrdə istiqraz sahibləri 5 milyon dollar qazanc götürüblər.
Digər səbəb, istiqazların hazırda bazarda ən yaxşı şərtlər təklif etməsidir. Nominal qiyməti 1000 dollar olan, dollarla illik 5% gəlir gətirən SOCAR İstiqrazları, digər alətlərdən daha çox qazanc təmin edir.
SOCAR-ın tətbiq etdiyi geri alma zəmanəti sayəsində isə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə pula çevirmək mümkündür. Qeyd edək ki, nəinki Azərbaycanda, hətta region ölkələrində heç bir qiymətli kağız üçün belə zəmanət mövcud deyil.
Bütün bunlar qiymətli kağızlara marağın və qiymətlərin yüksəlməsi ilə nəticələnib. Xatırladaq ki, istiqrazlar üzrə növbəti faiz ödənişi 2018-ci ilin əvvəlində olacaq.
SOCAR İstiqrazlarına yüksək tələbat - QİYMƏTLƏR KƏSKİN ARTDI
14:51
24 Noy 2017