Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində gücünü qoruyaraq həftəlik şamını 104.8 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin üzərində qaldığı müddətcə, dollarda artım tendensiyası davam edə bilər. Qeyd edək ki, cari həftə ərzində ABŞ-da açıqlanacaq bir sıra önəmli iqtsadi göstəricilər dolların gələcəyinə dair bir çox suallara aydınlıq gətirə bilər. Belə ki, bu həftənin çərşənbə axşamı Amerikada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, çərşənbə günü dərc olunacaq İstehsal Qiymətləri İndeksi, həmçinin ABŞ Federal Ehtiyyatlar Sisteminin faiz qərarı və FOMC-un mətbuat konfransı birjalara yön verə bilər. FED-in növbəti faiz artımı ehtimallarının öz yerini faiz endirimlərinə verməsi fonunda dekabrda faiz artımına gedilməyəcəyinə kəsin gözüylə baxılsa da, FOMC-un toplantısı tənzimləyici qurumun monetar siyasətdə hansı yol xəritəsini izləyəcəyi açısından çox böyük önəm kəsb edir.
Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 50% təşkil edir.
Yaponiya Mərkəzi Bankının “Neqativ Faiz Siyasəti”-ni sonlandıracağına dair ehtimalların güclənməsi fonunda ötən həftə dollar Yapon yeni qarşısında kəskin ucuzlaşdı. Ötən həftəyə 146.70¥ həddində start verən USDJPY məzənnəsi həftə ərzində 141.65¥ hədlərinə qədər gerilədikdən sonra, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəni 144.97¥ səviyyəsində başa vurdu. Təhlillərə əsasən “ayılar” qiyməti 145¥ səviyyəsinin altında saxlaya bilsələr, cütlükdə eniş tendensiyası davam edə bilər.
Britaniya funt-sterlinqi ardıcıl 3 həftə dollar qarşısında bahalaşdıqdan sonra, ötən həftə ucuzlaşaraq həftəlik şamını 1.2545 səviyyəsində tamamladı.
İnvestorlar birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, FED ilə yanaşı, Avropa Mərkəzi Bankının və İngiltərə Mərkəzi Bankının faiz qərarlarını, həmçinin Mərkəzi Bankların baş tutacaq Mətbuat konfransları zamanı sədrlər Kristin Laqardın və Endryu Beylinin çıxışlarını yaxından izləyəcəklər. Hər iki bankın da faiz dərəcələrini sabit saxlayacağı ehtimal edilsə də, analitiklər xüsusilə baş bankirlərin çıxışlarında pul-kredit siyasətlərinin gələcəyinə dair ipucları axtaracaqlar.
Bazar iştirakçıları bu həftə həmçinin İsveçrə Mərkəzi Bankından Libor faiz qərarı, Yeni Zelandiyada ÜDM-in həcmi, Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin həcmi, Avrozonada və Almaniyada “ZEW” İqtisadi Aktivlik İndeksi, ABŞ-da, İngiltərədə və Avrozonada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəriciləri diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan yüksəliş əsas valyutalar kimi avronun da dollar qarşısında kəskin ucuzlaşmasına səbəb oldu.
Bu həftə cümə axşamı Avropa Mərkəzi Bankının Faiz qərarı və AMB sədri Kristin Laqardın çıxışı, Aropa Liderləri Sammiti, Avrozonada və Almaniyada “ZEW” İqtisadi Aktivlik İndeksi və Avrozonada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi rəqəmlər diqqətlə izləniləcək.
GBP
Ötən həftəni 1.2545 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində bu həftə tendensiyanın gedişinə təsir edəcək əsas məqamlar İngiltərə Mərkəzi Bankının Faiz qərarı, Böyük Britaniyada ÜDM-in həcmi, əmək bazarına dair statistik rəqəmlər və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləridir.
NEFT
Ötən həftəyə 79.70$ hədlərində başlayan “Brent” nefti həftə ərzində qlobal iqtisadiyyatlar, xüsusilə Çində artan iqtisadi narahatlıqlar fonunda 73.80$-a qədər gerilədi. Lakin buradan dəstək alan OİLUK həftəlik şamını 76.10$ səviyyəsində tamamladı.
“Qara qızıl” hazırda enerji birjalarında 76.52$-dan təklif olunur. Analitiklərin proqnozlarına əsasən “Ayılar” qiyməti 78$ həddinin altında saxladığı müddətcə, neft 75$-a kimi ucuzlaşa bilər. 75$ həddi qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir.
78$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, “Brent” neft 80$ və 82$-a kimi bahalaşa bilər.
XAU/USD
Kriptovalyuta birjalarındakı qiymət artımları fonunda ötən həftə “güvənli liman” olan qızıla tələb kəskin azaldı. Qızılın qiyməti keçən həftənin ilk günü yaşanan 196$-lıq volatillikdən sonra, eniş tendensiyasını davam etdirərək 1994$ hədlərini test etdi. Həftəlik şamını 2004$-da bağlayan qızıl hazırda 1997$-dan təklif edilir. “Ayılar” qiyməti 2000$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası həftə ərzində 1967$-a kimi davam edə bilər. Buna qədər isə “satıcılar” 1985$ və 1971$-lıq dəstək hədlərini qırmağı bacarmalıdırlar. Mümkün artım ssenarisində isə, “buğalar” 2016$ , 2033$ və 2048$ səviyyələrində “ayılar”ın müqavimətlərini sındırmalıdırlar.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.