FOMC-un protokolları və Amerikada inflyasiya göstəriciləri; DXY-da tendensiya dəyişəcəkmi?
“InvestAZ İnvestisiya şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi – 5 DƏFƏ ARTIB
Ötən həftənin cümə günü Amerikada güclü açıqlanan əmək bazarı hesabatından sonra bu həftə ABŞ-da dərc olunacaq inflyasiya məlumatları FED-in monetar siyasətinin gələcəyinə dair bir çox suallara aydınlıq gətirə bilər. Digər tərəfdən, FED-in çərşənbə günü son iclasının protokolları da yaxından izləniləcək. Bu arada, üçüncü rübün balans hesabat dövrü başladığı üçün enerji qiymətləri diqqət mərkəzində olacaq.
İnvestorlar FED-in "hələ uzun müddətə daha yüksək" faiz dərəcəsi yanaşmasını qiymətləndirməyə davam edərkən, ABŞ-da bu həftə sentyabr ayı üçün çox gözlənilən istehlak və istehsal qiymətləri indeksi məlumatları açıqlanacaq.
Avqust ayı CPI hesabatı, benzinin qiymətlərindəki artımdan qaynaqlanan 14 ayda ən sürətli artımı göstərdi. Qida və yanacaq xərclərini əhatə etməyən baza inflyasiyada isə təxminən iki ilin ən yavaş artım tempi müşahidə olundu.
Cümə günü açıqlanan məşğulluq məlumatlarına gəldikdə, maaş artımının yavaşladığı sentyabr ayında qeyri-kənd təsərrüfatı sektorunda yeni yaranan iş yerlərinin sayı proqnozlaşdırılandan daha böyük bir artım göstərdi ki, bu da, sərt pul-kredit siyasətinin hələ bir müddət davam edəcəyinə dair ehtimalları bir qədər də qüvvətləndirdi.
Daha yüksək inflyasiya rəqəmləri FED-in faiz dərəcələrinin daha uzun müddət yüksək qalması lazım olduğu mesajını gücləndirə bilər. FED-in 31 oktyabr — 1 noyabr iclasında faiz dərəcələrini sabit saxlaması gözlənilir, lakin bəzi investorlar daha bir artım ola biləcəyini düşünür.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü sentyabr iclasının protokolları dərc ediləcək. İnvestorlar protokollarda FED rəsmilərinin ilin sonuna qədər yeni faiz artımına doğru hərəkət edib-etməyəcəyəcəklərinə dair ipucu axtaracaqlar.
İnvestorlar həmçinin həftə ərzində bir neçə FED rəsmisinin, Atlanta FED-in sədri Rafael Bostiç, Minneapolis FED-in sədri Nil Kaşkari, Boston FED-in sədri Syuzan Kollins, Dallas FED-in sədri Lori Loqan və Federal Ehtiyyatlar Sisteminin sədr-müavini Filip Cefferson və qubernator Kristofer Uolleri dinləmək imkanı əldə edəcəklər.
Üçüncü rübdə balans hesabat dövrü, “Wall Street” investorlarının artan istiqraz gəlirləri qarşısında səhmləri yüksəltmək üçün katalizator axtardıqları bir vaxtda bəzi böyük bankların hesabatları ilə başlayır.
“JPMorgan” (JPM), “Citigroup” (C) və “Wells Fargo” (WFC) cümə günü bazarın açılışından əvvəl hesabatlarını açıqlayacaq və investorlar bu hesabatlarda daha yüksək faiz dərəcələrinin kredit tələbindən tutmuş istehlakçı davranışına qədər olan sahələrə təsirinin əlamətlərini axtaracaqlar.
Həftə ərzində hesabat verəcək digər şirkətlərə çərşənbə axşamı “PepsiCo” (PEP), cümə axşamı “Delta Air Lines” (DAL) və cümə günü sığorta şirkəti “UnitedHealth Group” (UNH) daxildir.
Qazanc mövsümü səhmlərin yaxın müddətli yolunu müəyyən edə bilər. Son enişindən sonra belə, “S&P 500” yenə də illik müqayisədə 10% bahadır.
Qlobal maliyyə sisteminin başbilənləri, rəhbər simaları, rəsmiləri və mərkəzi bank rəhbərləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantıları üçün Mərakeşdə bir araya gələcəklər.
Görüşlər qlobal iqtisadiyyatları böhrana sürükləmədən inflyasiyanın nəzarət altına alına biləcəyi ilə bağlı düşüncələrin artdığı bir mühitdə keçiriləcək.
Bu arada, BVF-nin yenilənmiş proqnozlarını ehtiva edən “Dünyanın İqtisadi Görünüşü” hesabatı da çərşənbə axşamı yayımlanacaq.
Ötən həftə neft qiymətləri, Rusiyanın yanacaq ixracı qadağasını qismən ləğv etməsindən sonra, makroiqtisadi çətinliklərlə əlaqədar tələb narahatlıqlarının artırması fonunda 3 həftəlik bahalaşmadan sonra mart ayından bəri ən kəskin həftəlik itkisini yaşadı.
Cümə günü “Brent” fyuçersləri 51 sent artaraq 84.58$-a satılıb. “WTI” isə 48 sent artımla 82.79$-dan alıcı tapıb.
Səudiyyə Ərəbistanı və Rusiya ilin sonuna qədər tədarük ixtisarını davam etdirəcəklərini bildirsələr də, yüksək faiz dərəcələrinin qlobal artımı yavaşlatacağına dair narahatlıqlar səbəbindən yanacağa tələbatın azalması ehtimalları fonunda “Brent” həftəlik müqayisədə təxminən 11%, “WTI” isə 8%-dən çox ucuzlaşıb.
Yaxın Şərqdə artan geosiyasi risklər cari həftə ərzində neft qiymətlərinə təsir göstərə bilər.
Qiymətli metala gəldikdə isə, qızılın (XAUUSD) bir unsiya üçün qiyməti 9 günlük eniş tendensiyasından sonra, ötən həftənin son günü 1810$ səviyyəsindən dəstək alaraq bir qədər bahalaşdı və həftəni 1831$ səviyyəsində tamamladı. “Buğalar” qiyməti 1820$ həddinin üzərində saxlaya biləcəyi təqdirdə, artım tendensiyası davam edə bilər.
9 oktyabr tarixindən başlayan xəbər təqvimində isə Amerikada dərc olunacaq çərşənbə günü İstehsal Qiymətləri İndeksi, FOMC-un son toplantısının protokolları, cümə axşamı İstehlak Qiymətləri İndeksi, İşsizlik Müavinatı üçün Müraciət Edənlərinin Sayı kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən yaxından izləniləcək.
EUR
Keçən həftənin əvvəli Avropa birjalarında satış yönümlü bir tendensiya gözə çarpsa da, həftənin ortasından sonra EURUSD məzənnəsi 1.0450 səviyyəsindən dəstək alaraq bahalaşmağa başladı və həftəni 1.0600 səviyyəsində tamamladı. Bu həftə isə diqqətlər Avropa Mərkəzi Bankının son toplantısının protokollarına və ECB sədri Kristin Laqardın çıxışına yönəlib.
Analitiklər inflyasiya və tənəzzül dilemmasının ən çox hiss olunduğu regionun Avropa olduğunu xatırladaraq, son vaxtlar açıqlanan məlumatların regionda inflyasiya təzyiqinin zəiflədiyini göstərdiyini bildiriblər.
Avropanın ən böyük iqtisadiyyatı olaraq göstərilən Almaniyada çərşənbə günü açıqlanacaq İstehlak Qiymətlərinin Manşet və Baza İndeksi göstəriciləri investorlarının diqqət mərkəzində olacaq.
Tarixində ilk dəfə eniş trendini 11 həftə davam etdirən EURUSD pariteti ötən həftəni 1.06$ səviyyəsində tamamladı. “Buğalar” qiyməti bu səviyyəsinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ardıcıl 11-ci həftə ucuzlaşan GBPUSD məzənnəsi 1.2040 həddini test etdikdən sonra, ötən həftənin ortalarından etibarən bahalaşaraq həftəni 1.2240 həddlərində bağladı. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan və Almaniyadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərədə dərc olunacaq ÜDM-in həcmi, sənaye istehsalının həcmi, xüsusən də BoE sədri Endryu Beylinin çıxışı kimi önəmli statistik məlumatlar və əhəmiyyətli xəbərlər təsir edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir
___________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.