Bitcoini 2018-ci ildə nə gözləyir? Bu sual yəqin ki, bir çoxları üçün hələ də müəmma olaraq qalır. Kimlərsə onun birdən birə ucuzlaşacağını bəziləri isə əksinə bu kriptavalyutanın pul tarixində yeni bir era açdığını düşünürlər. Bəs, əslində kriptavalyuta nədir? Sabun köpüyü, yoxsa həqiqi pul? FED.az xəbər verir ki, "Report" bu sualın cavabını tapmağa çalışıb.
Azərbaycanlı ekspertlər bu barədə nə düşünür?
İqtisadçı ekspert Samir Əliyev hələ 2009-cu ildən bitcoini izlədiyini bildirdi. Ekspertin fikrincə bitcoin istənilən ölkənin iqtisadiyyatı üçün böyük təhlükədir. “Mən bitcoin-ə pul vahidi kimi yox, əmtəə kimi baxıram”, deyə ekspert bildirib. O bitcoinin növbəti illərdə bahalaşmayacağını düşündüyünü söylədi: "Fikrimcə bu “köpük” yaxın gələcəkdə bir çox investorlara ziyan vura bilər".
Samir Əliyev iqtisadçıların və beynəlxalq təşkilatların bu məsələyə skeptik yanaşdıqlarını bildirdi: "Hesab edirəm ki, bitcoin günlərin bir günü birdən-birə ucuzlaşacaq", - deyə ekspert bildirib.
Lakin heç də bütün azərbaycanlı ekspertlər belə düşünmür. Belə ki, iqtisadçı ekspert Vüqar Bayramlı istənilən halda bitkoinin virtual valyuta erasının başlanğıc olduğunu bildirdi. Bu kriptavalyutanın gələcək taleyinə gəlincə isə o bitkoinin gələcəyinin iki ssenari üzrə ola biləcəyini bildirib. İlkin senariyə görə, bitkoinin son 1 il ərzində 17 dəfə bahalaşması ciddi narahatlıq yaradır. Belə ki, bitkoinin növbəti illərdə də durmadan bahalaşacağı təqdirdə onun köpük olması öz əksini tapacaq. Onun sözlərinə görə, növbəti 6 ay ərzində isə qiymətin stabil qalacağı təqdirdə bu pul vahidi özünü doğrultmuş olacaq.
Əcnəbi ekspertlər bitcoinin taleyi haqqında nə deyir ?
Blokçein proyektinin yaradıcısı Yevqeni Qlariantov bitkoinlə bağlı açıqlaması zamanı bildirib ki, bitkoin bazarda qızılın virtual analoqu kimi çıxış edir. Onun fikrincə, elə bu faktor da bu kriptavalyutanın qiymət artımına səbəb olur. İnvestorlar üçün bitkoin hazırda kriptavalyutalar arasında ən etibarlı saxlanc yeridir. Hazırda bir çox investorlar məhs bitkoinin qiymət dəyişkənliyində qazanmağa çalışırlar deyə o bildirib. Yevqeni Qlariantovun fikrincə "Bitcoin"in qiyməti yaxın iki ildə 100 min dollara çata bilər.
"Blockchain.ru" şirkətinin həmtəsisçisi Dmitri Matsukun fikrincə bitkoin 40 min dollar olacaq. Onun fikrincə, bitkoinin Koreya birjasına çıxışı həmçinin bitkoin fyuçerslərinin ABŞ və Yaponiyada işə düşməsi institusional investorların bazara çıxmasına səbəb olacaq. İnstitusional investorlar bazarda böyük pul kütləsinə malikdirlər və bununla da bazarı idarə edirlər. O bildirib ki, bu investorlar hələ uzun müddət gözə görünməz qəpikləri bazarda saxlaya biləcəklər.
ABŞ Mərkəzi Bankının rəhbəri Janet Yellen də "Bitcoin"in spekulyativ olduğunu bildirib. Fed sədri: "Bitkoin hazırda ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi yoxdur, müəyyən bir zəmanəti yoxdur, olduqca spekulyativ bir aktivdir. Tənzimləyicisi yoxdur. Bankların, tənzimləyicilərin bu bazardakı iştirakçılarla, məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır",- deyə o qeyd edib.