Xəbər verildiyi kimi, Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı - ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı davam edir.
FEDaz xəbər verir ki, iyunun 11-də başlayan abunə yazılışı prosesindən indiyədək artıq 9 mindən çox investor 11 mindən çox sifariş yerləşdirib. ABB-nin yeni səhm emissiyasının anderrayteri olan “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadənin sözlərinə görə, investorlar tərəfindən böyük marağın səbəbi səhmlərin sərfəli yatarım olmasıdır.
«ABB-nin səhmləri kifayət qədər sərfəli investisiya alətidir. Bir tərəfdən, bu səhmlər yüksək dividend gəliri qazandırır, digər tərəfdən səhmlərin özünün də qiymətinin yaxın gələcəkdə artım potensialı böyükdür. ABB səhmdarlarına dividend ödənişi son illər ərzində bir neçə dəfə artaraq bir səhm üzrə 0.041 manata çatıb. Bu da səhmin nominal dəyərinin 15.1%-ni təşkil edir. Bunu da müşahidə edən və dəyərləndirən investorların sayı az deyil».
Xatırladaq ki, ABB səhmlərini istənilən fiziki və hüquqi şəxs əldə edə bilər. Yeri gəlmişkən, səhmlərə abunə yazılışı prosesinə artıq ölkəmizdəki digər banklar da qoşulub. Beləliklə, ABB səhmlərini ABB mobile tətbiqi, ABB-nin və digər bankların filialları, ölkəmizdə fəaliyyət göstərən bütün investisiya şirkətləri vasitəsilə sifariş vermək olar.
Bir şəxs ABB-nin 100 ədəddən 75 min ədədə qədər səhmini ala bilər. Səhmlərin qiyməti 27 qəpikdən başlayır, amma abunəyazılışı prosesində qiymətin daha da artacağı gözlənilir.
Satışa çıxarılan səhmlərin sayı 322 milyon ədəddir. Amma sifarişlərin sayı daha çox olsa, səhmlər ilk növbədə daha yuxarı qiymətə sifariş verən investorlara satılacaq.