Hazırda bankların qarşısında duran əsas məsələlərdən biri də rəqəmsallaşmadır. Dijitallaşma banklara müştəriyə daha tez və keyfiyyətli xidmət göstərmək üçün əla imkan yaradır. Rəqəmsallaşma digər bank xidmətlərlə yanaşı, kreditlərdə də tətbiq edilir. Belə nümunələrdən biri də “Unibank”dadır.
Bank müştərisinə cəmi 15 dəqiqə ərzində, banka gəlmədən böyük məbləğdə biznes krediti təklif edir. Azərbaycanda onlayn üsulu ilə verilən ilk overdraft krediti barədə FED.az-a “Unibank”ın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov danışıb.
Bankın rəsmisi ilə müsahibəni təqdim edirik.
- Günümüzdə bir çox iş adamlarının maraq göstərdikləri onlayn overdraft krediti nədir? İlk növbədə istərdik ki, məhsul haqqında bir qədər ətraflı məlumat verəsiniz.
Bu kredit biznesdə qısamüddətli kassa kəsirlərin bağlanması üçün müştərilərə banka gəlmədən ayrılan vəsaitdir. Unibank Azərbaycanda ilk dəfə olaraq overdraft kreditinin onlayn formada verilməsini həyata keçirdi. Ötən ilin sentyabrında biz ilk onlayn overdraft kreditimizi biznes müştərimizə ayırdıq. “Unibank”ın overdraft krediti üzrə 3 layihəsi var :
Müştərinin “Unibank”da olan dövriyyələrinə bağlı kreditlər: Dövriyyəyə bağlı kreditin ayrılması zamanı dövriyyənin analizi aparılır, alqoritmlər hesablanıb müəyyən limit çıxarılır. Bir müştəriyə proqram üzrə təyin oluna bilən maksimal məbləğ 100 min manatdır. Lakin qeyri-standart yanaşmalar da olur və xüsusi yanaşma ilə müştərilərimizə daha yüksək məbləğdə kredit limiti ayıra bilirik.
Əmək haqqı layihələrinə bağlı kreditlər: Dövriyyəyə bağlı onlayn overdraft kreditlərimizdən fərqli olaraq, bu layihə üzrə maksimal limit həddi yoxdur.
Ekvayrinq- POS terminal işlədən müştərilər üçün kreditlər: POS-terminal dövriyyəsinə əsasən limit ayrılır. Müştərinin götürdüyü krediti ödəmək üçün də banka gəlməsinə ehtiyac olmur, POS terminal vasitəsi ilə olunan ödənişlərin müəyyən hissəsi avtomatik olaraq kreditin silinməsinə yönləndirilir.
- Overdraft kreditini götürmək nə qədər vaxt tələb edir?
Overdaft kreditini almaq üçan banka gəlməyə ehtiyac yoxdur. Müştəri istənilən yerdən müraciətini onlayn şəkildə edir, elə kreditini də onlayn şəkildə alır. Biz müştərilərimiz üçün elə sistem qurmuşuq ki, onlar daim internet banklarında götürə biləcəkləri kredit limitini görürlər və istədikləri halda müraciətlərini edirlər. Müraciət başlanan andan kreditin sahibkarın hesabına oturması cəmi 15 dəqiqə çəkir. Sənədlər Asan imza ilə imzalanır və müştərinin banka gəlməsinə ehtiyac qalmır. Kredit rəsmiləşdirdikdən sonra vəsait birbaşa müştərinin hesabına köçürülür. Hesaba oturduqdan sonra sahibkar özü internet bank vasitəsi ilə vəsaiti hara lazımdırsa yönləndirir.
-“Unibank”ın bu kredit məhsulunu başqa bankların oxşar məhsulundan üstün edən nədir?
Overdarft kreditinin tam olaraq onlayn verilməsi ölkəmizdə hələ ki təkcə “Unibank”dadır. Girovsuz və kreditlərin 15 günədək faizsiz olması, bu məhsulun üstünlüklərindəndir. Sahibkara qısa müddətə təcili pul lazım olarsa, overdraft krediti əvəzolunmaz məhsuldur.
- Kimlər overdraft kreditindən faydalana bilər?
İlk növbədə sahibkar “Unibank”ın müştərisi olmalıdır. Müraciət edən hüquqi şəxs azı 4-6 ay müddətində bankla əməkdaşlıq etməlidir. Bank həmin sahibkarı dövriyyələrini görəndən sonra ona girovsuz kredit ayırır. Elə şirkətlər var ki, davamlı olaraq bu məhsulun istifadəçisinə çevrilib. Hətta artıq 10-cu dəfə ardıcıl olaraq bu krediti götürüb qaytaran şirkətlər var. Dövriyyələr artdıqca kredit limiti də artır və sabibkar öz internet bankında ona ayrılan kredit limitini görür. Hər ay limit dəyişə bilər.
- Overdraft onu götürənə nə kimi üstünlük verir?
Bu overdraftların əsas mədsədi bankın qazanc əldə etməsi deyil. Overdraftlar hesablaşma- kassa əməliyyatlarına dəstək üçündür. Yəni hesablaşma üzrə “Unibank”la işləyən müştərilərimiz tərəfindən çox müsbət qarşılanan bir məsələdir. Hansısa şirkətdə kassa kəsirləri olur və ya hansısa şirkətə ödəniş etməli, maaş verməli, təcili vergi ödənişi etməli olur- bunları ödəmək üçün overdraft kreditlərindən istifadə edən sahibkar, vaxt itksi ilə üzləşmir. Müştəri ehtiyacı olduğu təqdirdə “Unibank”a onlayn müraciət edərək, problemlərini təcili həll edə bilir.
- Halhazırda bu məhsula maraq nə dərəcədədir?
Bu məhsula maraq kifayət qədər yüksəkdir. Təkcə son 5 ayda 2 milyon manatdan çox overdraft krediti verilib. Məhsulun rahatlığı və şərtlərinin əlverişli olması, bu məhsula marağı daha da artırır.Mən bir-iki real nümunə çəkmək istəyirdim. Bir müştərimiz məhsul almalı idi, hesabına isə vəsait 15 gündən sonra oturacaqdı. Məhsul satan şirkət isə ona bildirmişdi ki bu gün alsa və nağd ödəniş edərsə, endirim edəcək. Dərhal bizə müraciət etdi və 15 günlük overdraft krediti götürdü. Bununla da həm kreditə faiz ödəmədi, həm də həmin gün məhsulu endirimlə- daha ucuz aldı. Başqa bir nümunədə isə restoran fəaliyyəti ilə məşğul olan müştərimiz hər dəfə ödəniş üçün vaxt ayırmağa və banka gəlmək imkanlarının olmadığına görə POS- temirnal üzrə overdraftdan- borcun avtomatik silinməsi xidmətindən yararlanır. Müştərinin istəyindən asılı olaraq nağdsız formada hesabına gələn vəsaitin bir qismini avtomatlaşdırılmıs üsulda kreditin ödənişinə yönəltdik. Əmək haqqı layihəsinə bağlı overdraft da bir çox sahibkarlar tərəfindən tez-tez istifadə olunur. Onlar işçilərinin əmək haqqları gecikməsin deyə overdraft kreditləri götürüb əmək haqqlarını verir. Belə müraciətlər də kifayət qədərdir. Əsasən böyük şirkətlər müraciət edir.
- Daha çox istifadə olunan overdraft krediti hansıdır?
Bu məhsulu yeni yaratdığımız zaman, ən çox istifadə olunan dövriyyəyə bağlı overdraft krediti idi. Lakin son zamanlar bazarda plastik kartlarla aparılmış əməliyyatların artması sayəsində nağdsız ödənişlərin artığını müşahidə edirik.Bu POS terminal istifadə edən müştərilərin dövriyyəsinin çoxalmasına və eyni zamanda POS terminal overdraft məhsulu üzrə sifarişlərin artmasına təkan verib.
- Necə oldu ki, bu məhsulu yaratdınız?
Bildiyiniz kimi son zamanlar bankların qarşısında duran əsas məsələlərdən biri rəqəmsallaşmadır. Onun nəticəsi olaraq Azərbaycanda da bu məhsulu tətbiq etmək qərarına gəldik. Bu ilin may ayında Gürcüstan paytaxtında keçirilən “Beşinci KOS Bank Klubunun Konfransı-2019”da bankımız tərəfindən təqdim olunan onlayn kredit təcrübəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Hətta bu beynəlxalq konfransda Unibank MDB məkanının Ən İnnovativ Banklarından biri seçilərək, serifikat təqdim edildi. İlin sonuna kimi korporativ xidmət göstərdiyimi müştərilər üçün daha bir neçə məhsulumuzu təqdim etməyi planlaşdırırıq.
- Bu məhsulun perspektivi necədir və biznes mühitində çalışanlar onlayn kredit imkanları barədə nə dərəcədə məlumatlıdırlar?
Bazardakı tendensiyanı nəzərə alsaq, bu templərlə şəffaflaşma getsə, müştərilərimizin dövriyyələri artmaqda davam etsə, hesab edirəm ki, gələn ilin sonunadək sahibkarlara verilən kreditlərimizin 30% -i onlayn formada ola bilər. Müştərilərin onlayn xidmətlərə hazır olmaları maarifləndirmə ilə əlaqədardır. Amma şirkətlərdə şəffaflaşma getdikcə, dövriyyələri rəsmiləşdikcə, internet banka qoşulduqca, bu iş daha da asanlaşacaq. Əgər internet banka qoşulubsa, ordan köçürmə edirsə, ordan kreditləri də rahat götürə biləcəklər.