Azərbaycanın aparıcı banklarından olan «Rabitabank» 2021-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
Eləcə də bax: Banklar 1-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, yanvar-mart aylarında bankın faiz gəlirləri 12 488 min manat, faiz xərcləri 11 275 min manat olub.
Faiz gəlirinin əsas hissəsi kreditlər üzrə faizlərdən gəlib – «Rabitabank» ilk 3 ayda kredit faizlərindən təqribən 11 milyon manat əldə edib, daha 1,3 milyon manat isə qiyməli kağızlara investisiyalardan daxil olub.
Faiz xərcləri isə ötən ilin eyni dövrünə nisbətən 4,4% azalıb.
Bankın qeyri-faiz gəlirləri 6 064 min manat, qeyri-faiz xərcləri isə 9 624 min manat təşkil edib.
Nəticədə 6 047 min manat əməliyyat mənfəətinin 2 552 min manatı mümkün zərərlərdən ehtiyat ayırmalarına yönəldilib.
Nəticədə bankın xalis mənfəəti 3 495 min manat olub, ötən il bu rəqəm 3 qat az idi.
2021-ci ilin 1-ci rübündə «Rabitabank» kiçilib, onun aktivləri təqribən 111 milyon manat və ya 13,36% aşağı düşüb. Aktivlərin aşağı düşməsi bankdakı nağd vəsaitlərin kəkin azalması – 257 milyon manatdan 95 milyon manata enməsi ilə bağlıdır.
İlin əvvəlindən keçən 3 ay ərzində bankın öhdəlikləri və depozit portfeli də kəskin azalıb. 1-ci rüb ərzində depozit sahibləri bankdan 94 milyon manat və ya bütün depozitlərin 17%-ni çıxarıblar. Nəticədə öhdəliklər 618,7 milyon manata, depozit portfeli isə 546 milyon manatdan 452 milyon manata düşüb.
Əsas azalma hüquqi şəxslərin depozitlərində baş verib – 83,5 milyon manat. Fiziki şəxslərin əmanətləri isə 10 milyon manat azalıb.
Rübün sonuna bankın kapitalı 101,2 milyn manat təşkil edib.