Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank» 2022-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, yanvar-sentyabr ayları ərzində bankın faiz gəlirləri 49,2 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dlövrü ilə müqayisədə təqribən 10 milyon manat və ya 24% artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi – 43,8 milyon manat – verilmiş kreditlərə görə hesablanan faizlərdir 0 təqribən 9 milyon manat artıb. Daha 4,7 milyon manat isə qiymətli kağızlardan daxil olub.
Bankın faiz xərcləri isə təqribən 4 milyon manat artaraq ötənilki 9,8 milyon manatdan 14 milyon manata yüksəlib. Bu dövrdə «Rabitəbank» bankdakı əmanət sahiblərinə 7,8 milyon manat faiz ödəyib bu əvvəlki illə müqayisədə 3,2 milyon manat və ya 70% artıqdır. Digər faiz xərcləri 5,3 milyon manat olub.
Bankın qeyri-faiz gəlirləri də təqribən 70% artaraq ötənilki 20,7 milyon manatdan 34,9 milyon manata yüksəlib. Bankın müştəri sayını və aktivliyini göstərən komissiya haqları üzrə gəlirləri təqribən 2 dəfə artaraq 13,8 milyon manatldan 24,5 milyon manata yüksəlib.
Xarici valyutalarla əməliyyatlardan isə «Rabitəbank» 5,2 milyon manat gəlir əldə edib (2,4 milyon manat və ya 85% artıq).
Amma 2022-ci ildə «Rabitəbank»ın qeyri-faiz xərcləri də kəskin artıb – 3-cü rübün nəticələrinə görə qeyri-faiz xərcləri 20 milyon manatdan çox artaraq ötənilki 34 milyon manatdan bu il 54,5 milyon manata yüksəlib.
Artımın 3 milyoln manatı əmək haqqı xərcləri ilə bağlıdır – ötən ilki 12,9 milyon manatdan bu il 15,9 milyon manata yüksəlib. Ümumi və inzibati xərclər isə 2,2 dəfə artaraq 12 milyondan 26,5 milyon manata yüksəlib.
Nəticədə «Rabitəbank» 3-cü rübü 15,5 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Bu vəsaitin 2,8 milyon manatı mümkün zərərlər üçün ehtiyatlara ayrılıb, dövrün sonuna mənfəət vergisi ödənilməyib. Nəticədə bank bu ilin 3-cü rübünü 12,7 milyon manat xalis mənfəətlə başa vurub.
Bu ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artıqdır, xatırladaq ki, bank 2021-ci ilin 3-cü rübünü 6,6 milyon manat xalis mənfəətlə bitirmişdi.
Rübün sonuna bankın aktivləri 892 milyon manat təşkil edib, bu ötən ilin sonu ilə müqayisədə 126 milyon manat azdır. Əvəzində bankın kredit portfelində kəskin artım baş verib.
İlin əvvəlindən etibarən «Rabitəbank»ın kredit portfeli 123 milyon manat və ya 26% artaraq 597 milyon manata yaxınlaşıb. Artımın böyük hissəsi- 73 milyon manatı biznes kreditlərin payına düşüb.
İstehlak kreditləri 40 milyon manat, ipoteka kreditləri isə 12 milyon manat artıb.
3-cü rübün sonuna bankın öhdəlikləri 779 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə öhdəliklərin həcmində 140 milyon manata yaxın enmə qeydə alınıb.
Bu dövrdə bankın depozit portfeli 553 milyon manat olub. Bankda fiziki şəxslərin əmanətləri 33 milyon manat və ya 13% artaraq 288 milyon manat, hüquqi şəxslərin depozitləri isə 265 milyon manat təşkil edib.
3-cü rübün sonuna «Rabitəbank»ın digər banklar və kredit təşkilatları qarşısında öhdəlikləri təqribən 30 milyon manat artaraq 160 milyondan 190 milyon manata yüksəlib.
Bankın kapitalı isə 13,5 milyon manat artaraq 113 milyon manatı keçib.