“Rabitəbank” ASC daha bir rahat bankçılıq addımı ataraq Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiya oldu.
Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, elektron poçt) aparılmasına və ödənişin dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. AÖS-ün daha bir üstünlüyü odur ki, vəsaitin köçürülmə prosesi cəmi 5 saniyədə yekunlaşır. Əməliyyatlar milli valyutada həyata keçirilir və bir əməliyyat üzrə maksimal məbləğ 40 000 AZN-dir. Büdcə ödənişləri üçün əməliyyat üzrə məbləğ limiti yoxdur.
Bu sistem rəqəmsal bank həllərinin effektivliyini yüksəldərək müştərilərə məsafədən xidmət imkanlarını və xidmət çeşidlərini genişləndirəcək.
Müştərilər Banka müraciət etməklə öz hesablarından AÖS-də istifadə etmək üçün ilkin qeydiyatdan keçə bilərlər.
Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən 2020-ci ildə istifadəyə verilib. Yaxın zamanda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılması planlaşdırılır.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.