Unibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib.
Eləcə də bax: “Unibank”ın 12 milyon manatlıq səhmləri - LİSTİNQƏ ALINIB
FED.az-ın məlumatına görə, bu barədə Bankın açıqlamasında deyilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
21 iyulda səhmlərə abunə yazılışı başlayıb və Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
21 iyul 2022-ci il tarixdən başlanılmış abunə yazılışı üzrə səhmlərin ümumi dəyərini təşkil edən 11 900 000,00 manat məbləğ 1 avqust 2022-ci il tarixdə tamamlanıb. Bu səbəbdən, səhmlərə abunə yazılışının emissiya prospektinin tələblərinə uyğun olaraq 1 avqust 2022-ci il tarixdən etibarən başa çatdığı elan edilir.
Səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə 4 avqust 2022-ci il tarixində başlanılacaq.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edək ki, səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra "Unibank"ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksələcək.