Azərbaycanın bank sektorunun ən fəal üzvlərindən olan «Unibank» KB 2025-ci ilin I rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 58 milyon manata bərabər olub. Bu ötən ilin I rübü ilə müqayisədə 2 milyon manat və ya 4% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 55,6 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 2,5 milyon manata yaxın və ya 5% artıqdır.
Faiz xərcləri isə 2,9 milyon manat və ya 15% artaraq 22,1 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 17 milyon manatını depozitlər üzrə faiz xərcıləri təşkil edib ki, bu da illik müqayisədə 804 min manat və ya 5% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 34,2 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 5,1 milyon manat və ya 17% çoxdur.
Hesabat dövründə "Unibank"ın qeyri-faiz gəlirləri 27,2 milyon manat, qeyri-faiz xərcləri isə 49,5 milyon manat olub.
Qeyri-faiz gəlirləri 2,8 milyon manat (12%), xərcləri isə il ərzində 5,5 milyon manat (12%) artıb.
Qeyri faiz gəlirlərinin 23,9 milyon manatı alınan-haqq və komissiya gəlirlərinin, 3,2 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 172 min manatı isə digər gəlirlər olub. Haqq və komissiya gəlirləri 2,7 milyon manat (13%) artıb.
"Unibank"da əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 113 min manat (1%) artaraq 17,8 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 868 min manat (9%) artımla 10,4 milyon manata, amortizasiya xərcləri 604 min manat (25%), artımla 3 milyon manata, digər xərcləri isə 3,9 milyon manat və ya 27% artımla 18,2 milyon manata bərabər olub.
Əməliyyat mənfəəti 12 milyon manata yaxınlaşıb.
"Unibank" ilk rübü 785 min manat mənfəət vergisi ödənişindən sonra 2,8 milyon manat xalis mənfəətlə başa vurub.
"Unibank" bu ilin ilk rübünün sonunda 1 milyard 803 milyon manat aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 43,7 milyon manat (2%) artıb. Aktivlərin 225,2 milyon manatını nağd pul vəsaitləri, 48,7 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə "Unibank" 1 milyard 170 milyon manat kredit portfelinə malik olub.
Onun da 612,7 milyon manatını istehlak, 457,3 milyon manatını biznes kreditləri, 100,3 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2024-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 15,8 milyon manat (1%), biznes kreditləri 20,4 milyon manat (5%), ipoteka kreditləri 1,2 milyon manat (1%) böyüyüb.
Ümumi kredit portfelinin 35,7 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 1 milyard 135 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 21 milyon manat, başqa sözlə 2% artım deməkdir.
ÖHDƏLİKLƏR 1,6 MİLYARD MANATI KEÇİB
Bankın öhdəlikləri 1 milyard 633 milyon manata bərabər olub. Depozit portfelinin həcmi 1 milyard 205 milyon manatı ötüb ki, onun da 964,1 milyon manatı fiziki şəxslərin əmanətlərinin, 241,2 milyon manatı hüquqi şəxslərin depozitlərinin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə "Unibank"ın öhdəlikləri 40,6 milyon manat (3%), depozit portfeli 620 min manat (0,1%), fiziki şəxslərin əmanətlərin isə 7,6 milyon manat (1%) böyüyüb.
Balans kapitalı təxminən 3,1 milyon manat və ya 2% artaraq 170,1 milyon manata yaxınlaşıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 16,7 milyon manata bərabər olub. bU ötən ilin sonu ilə müqayisədə 2,7 milyon manat (19%) çoxdur.