"Premium Bank" ASC 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu ilin ilk 9 ayında bankın faiz gəlirləri 24 milyon 222 min manat bərabər olub. Bu ötən ilin eyni dövrünə nisbətən 224 min manat və ya 0,9% artım deməkdir. Faiz gəlirlərinin əsas hissəsini - 21 milyon 333 min manatı kreditlərdən əldə olunmuş gəlirlər təşkil edib ki, bu da illik 1 milyon 61 min manat (5%) çoxdur.
Daha 220 min manatı isə «Premium bank» qiyməitli kağızlardan qazanıb, bu, bankın gəlir siyahısında yeni maddədir – ötən il «Premium Bank» fond bazarından gəlir əldə etməmişdi.
Bu dövrdə, bankın faiz xərcləri 8 milyon 495 min manata bərabər olub ki, bu da illik müqayisədə 668 min manat və ya 9% artım deməkdir.
Faiz xərclərinin böyük hissəsini depozitlər üzrə faiz xərcləri təşkil edib – bu ilin 9 ayında «Premium Bank» əmanət sahiblərinə 6 milyon 465 min manat faiz gəliri ödəyib. Daha 1,8 milyon manat isə bankın cəlb etdiyi kreditlərə görə faiz kimi ödənilib.
Xərclərini artımı səbəbindən bankın xalis faiz gəlirləri 3% azalaraq 15 milyon 727 min manat olub.
İlk 9 ayda «Premium Bank»ın qeyri-faiz gəlirləri 12 milyon 751 min manat təşkil edib. Bu dövrdə bankın haqq və komissiya gəlirləri 9,4 milyon manat, xarici valyuta əməliyyatlarından gəlirləri isə 13% artaraq 3,3 milyon manata yüksəlib.
Qeyri-faiz xərcləri isə 19 milyon 53 min manat təşkil edib. Qeyri-faiz xərclərində azalma digər xərclərin hesabına baş verib, əvəzində bankda əmək haqqı və inzibati xərclər artıb.
Bankın əmək haqqı xərcləri 4 milyon 990 min manata, ümumi və inzibati xərcləri isə 3 milyon 104 manata bərabər olub. Əmək haqqı xərcləri 315 min manat (7%), ümumi və inzibati xərcləri 13 min manat artıb.
Nəticədə «Premium bank» 2024-cü ilin ilk 9 ayını 9 milyon 425 min manat əməliyyat mənfəəti ilə tamamlayıb. Bu 2023-cü ilin eyni dövründən 50% artıqdır. Xatırladaq ki, ötən ilin eyni dövründə bankın əməliyyat mənfəəti 6,3 milyon manat olmuşdu.
Əvvəlki dövrdə mümkün zərərlərdən ehtiyat üçün ayrılan 80 min manat geri çəkildikdən sonra isə bankın xalis mənfəəti 9 505 min manata yüksəlib. Bu 2023-ün analoji dövrü ilə müqayisədə 1 milyon 624 min manat və ya 20% artıqdır, xatırladaq ki, ötən il bankın xalis mənfəəti 7,8 milyon manat olmuşdu.
3-cü rübün sonuna «Premium Bank»ın aktivləri təqribən 651 milyon manat olub, ilin əvvəlində bu göstərici 34 milyon manat artıq olub. Aktivlərin böyük hissəsi - 469 milyon 149 min manatı bankın kredit portfelidir. Ənənəvi olaraq «Premium bank»ın kredit portfelinin böyük hissəsini – 363 milyon manatı biznes kreditləri təşkil edir.
Lakin, məlum olduğu kimi, son dövrlər «Premium Bank» istehlak və daşınmaz əmlak kreditlərini də inkişaf etdirməyə, əhali ilə daha çıx işləməyə başlayıb.
Nəticədə istehlak kreditləri ilin əvvəlindən 12 milyon 64 min manat (63%) artaraq 31 milyon 312 min manata yüksəlib. Daşınmaz əmlak (ipoteka) kreditləri isə 7 milyon 966 min manat (12%) artaraq 74 milyon 945 min manata çatıb.
Təkcə sonuncu – 3-cü rübdə bankın istehlak kreditləri 5 milyon manatdan çox, ipoteka krediti portfeli isə 3,5 milyon manat böyüyüb. Yeri gəlmişkən, məhz bu səbəbdən bankır ümumi kredit portfelində azalma olsa da, portfelin gəlirliyi 1 milyon manatdan çox artıb.
«Premium Bank»ın biznesində daha bir yenilik – qiymətli kağızlar bazarına yatırımlar sürətlə artaraq 15 milyon manatı keçib. Cəmi 3 ay əvvəl bu sahəyə 4 milyon yatırılmışdı, başqa sözlə yalnız 3-cü rübdə bank fond bazarına 11 milyon manat yatırım edib.
Hesabat dövründə bankın öhdəlikləri 35 milyon manat azalaraq 473 milyon manat olub. Rübün sonuna bankda fiziki şəxslərin 290 milyon manat əmanəti, şirkətlərin isə təqribən 83 milyon manat depoziti toplanıb.
3-cü rübün sonuna «Premium Bank»ın cəmi kapitalı demək olar ki dəyişməyib, daha dəqiqi yarım milyon manat artaraq 178 milyon manata yaxınlaşıb.