"Paşa Bank" bu ilin 3-cü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, bank bu rüb üzrə 359,5 milyon manat faiz gəliri əldə edib. Bu ötən ilin 3-rübü ilə müqayisədə 35,6 milyon manat və ya 11% artım deməkdir.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 195,2 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 27 milyon manat və ya 16% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 102 milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat (13%) artım deməkdir.
Faiz xərcləri 40,9 milyon manat (93%) artaraq 84,9 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 72,2 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 38,8 milyon manat və ya 2,2 dəfə çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri xərclərin illik müqayisədə artımı fonunda 267,3 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 1,8 milyon manat və ya 1% azdır.
Bankın qeyri-faiz gəlirləri isə 28,7 milyon manat və ya 17% artaraq 194,6 milyon manata yüksəlib.
Qeyri faiz gəlirlərinin 121,1 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 30,6 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 19,8 milyon manat (20%), xarici valyutadan gəlirlər 3,1 milyon manat (11%) artıb.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri 268,6 milyon manata bərabər olub. Bu da ötən ilin III rübü ilə müqayisədə 39,3 milyon manat, başqa sözlə 17% çoxdur.
Əmək haqqı xərcləri 13 milyon manat (19%) artaraq 81,2 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 90 milyon manata yaxın olub ki, bu da son bir il ərzində 15,7 milyon manat və ya 21% artım baş verib.
Amortizasiya xərcləri 1,1 milyon manat (4%) artaraq 27,5 milyon manata, digər xərcləri isə 9,5 milyon manat (16%) artaraq 70 milyon manata yüksəlib.
Bank bu dövrdə 193,3 milyon manat əməliyyat mənfəəti əldə etsə də bu göstərici əvvəlki ilin eyni dövründən 12,4 milyon (6%) aşağıdır.
38,5 milyon manat mənfəət vergisi ödənişindən sonra bank bu rübü 146,8 milyon manat xalis mənfəətlə tamamlayıb. 2023-cü ilin III rübü ilə müqayisədə xalis mənfəət yarım milyon manat (0,3%) aşağı düşüb.
"Paşa Bank" bu ilin III rübündə 8 milyard 576 milyon manat aktivlərə malik olub. Ötən ilin sonu ilə müqayisədə aktivlər 75 milyon manat (1%) kiçilib.
Hesabat dövründə "Paşa Bank" 3 milyard 249 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 414 milyon manat (14,6%) böyüyüb.
Onun da 94,5 milyon manatını istehlak, 2 milyard 944 milyon manatını biznes kreditləri, 210,6 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 8,9 milyon manat (10,4%), biznes kreditləri 350 milyon manat (14%), ipoteka kreditləri 55,1 milyon manat (35%) böyüyüb.
Müştərilərin əmanətlərini geri götürür...
Bankın öhdəlikləri 7 milyard 737 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 77 milyon manat, başqa sözlə 1% azdır.
Depozit portfelinin həcmi 6 milyard 860 milyon manat olub ki, onun da 1 milyard 916 milyon manatı fiziki, 4 milyard 944 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 75 milyon manat (1,1%), şirkətlərinin depozitlərində isə 357 milyon manat (7%) azalma , fiziki şəxslərin əmanətlərində 282 milyon manat (17%) artım baş verib.
Balans kapitalı 1,6 milyon manat və ya 0,2% artaraq 838,8 milyon manata yaxınlaşıb.