Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin Şuşa şəhərində “Qarabağda rəqəmsal bank-maliyyə infrastrukturunun qurulması: innovativ ödəniş xidmətləri, müasir ödəniş həlləri” mövzusunda işgüzar görüşü keçirilib.
Qarabağda artıq 4 bank işləyir, 26 bankomat var
ABA-dan FED.az-a bildirilib ki, qurumun icraçı direktoru Yunus Abdulov Azərbaycan Banklar Assosiasiyası və onun üzv təşkilatları üçün növbəti strateji dövrdə ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, sektorda rəqəmsallaşmanın dərinləşməsi, vətəndaşlarımıza müasir və etibarlı bank-maliyyə xidmətlərinin təqdim edilməsi fonunda ölkəmizin bütün regionlarında rəqəmsal bank-maliyyə infrastrukturunun qurulması, eləcə də yeni bizneslərin maliyyələşməsinə dəstək göstərilməsinin prioritet hədəf olduğunu qeyd edib.
“Visa Inc.” beynəlxalq ödəniş sisteminin baş direktoru və Azərbaycan üzrə meneceri Nurlan Hacıyev “Visa” tərəfindən ödəniş xidməti təchizatçıları, o cümlədən banklarla əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan Mərkəzi Bankı və ekosistem iştirakçıları ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal ödənişlərin inkişaf etdirilməsi və innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətin uğurla davam etdirildiyini deyib.
ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov ölkəmizin bütün regionları kimi Qarabağda, xüsusilə də Şuşa şəhərində rəqəmsal ödənişlərin qabaqcıl beynəlxalq trendlər nəzərə alınmaqla inkişaf etdirilməsinin və bu istiqamətdə vahid konsepsiyanın tətbiqinin zəruri olduğunu vurğulayıb.
Görüşün sonunda banklar “Visa Inc.” beynəlxalq ödəniş sistemi tərəfindən ölkəmizdə rəqəmsal ödənişlərin inkişafı, innovativ ödəniş həll və texnologiyalarının tətbiqi və digər nominasiyalar üzrə təltif edilib.