Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Eləcə də bax: Əmanətlərin sığortalanması üzrə kompensasiyanın - Məbləği Artırıldı
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
“Banklar haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, müvəqqəti inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin müəyyən edilməsi və bankın nizamnamə kapitalının müvafiq həcmdə azaldılması barədə qərar qəbul edir. Bankın kapitalı itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri 1 manata endiriləcək.
Təklif edilən digər dəyişikliklə sistem əhəmiyyətli bankların ödəmə qabiliyyətinin bərpasında dövlətin iştirakı qaydası da dəyişir. Belə ki, ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın dövlət tərəfindən satınalınması dövlət büdcəsi vəsaiti hesabına və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsilə həyata keçirilir. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, bankın səhmlərinin yeni nominal dəyəri müəyyən edilərək nizamnamə kapitalı müvafiq həcmdə azaldılır. Bankın kapitalı itirildiyi halda isə bankın nizamnamə kapitalının dəyəri 1 manata endiriləcək və bu qiymətə satın alınacaq.
Əvvəl bankın nizamnamə kapitalının dəyəri şərti maliyyə vahidinə bərabər idi. (Apa)