Azərbaycanın bank sektoru, daha dəqiq desək bəzi banklar qəribə problemlə üzləşiblər. FED.az-ın məlumatına görə, bəzi banklar kredit vermək üçün girov saxladıqları evləri sonradan tapa bilmirlər.
Bakı şəhərində aparılan söküntü-tikinti işləri zamanı işlərin düzgün koordinasiya edilməməsi ölkə bankları üçün problem yaratmağa başlayıb.
FED.az-ın banklardan əldə etdiyi məlumatlara görə, söküntü aparılan ərazilərdə digər əmlaklarla yanaşı, kredit götürmək üçün banklara girov qoyulan əmlaklar da sökülür. Bu zaman banklara xəbərdarlıq edilmədiyindən banklar baş verənlərdən yalnız kreditdə problem yarananda xəbər tuturlar.
Sökülən əmlaklar arasında əksəriyyət mənzillər və evlərdir. Bununla yanaşı, banka girov qoyulmuş kiçik mağazalar, hətta böyük obyektlər – mağaza və restoranlar da var. Bu obyektlərin bir hissəsi binaların sökülərək yerində yeni binaların tikintisi zamanı ləğv edilir. Bir qrup obyektlər isə, xüsusilə də yol kənarında olanlar, dövlət ehtiyacları üçün həyata keçirilən tikniti işləri zamanı sökülür.
Bu işlər barədə banklara məlumat verilməməsi onların saxladıqları girovu itirməsi, nəticədə isə kreditin təminatsız qalması ilə nəticələnir. Nəticədə həmin kreitlərin qaytarılması ilə bağlı ciddi problem yaranır. Məsələ o qədər ciddi şəkil alıb ki, bir qədər əvvəl bu mövzu Azərbaycan Banklar Assosiasiyasında bankların iştirakı ilə müzakirəyə çıxarılıb (Bax: Girov evlərin sökülməsi bankları hiddətləndirib – FED.az).
Banklardan FED.az-a verilən məlumata görə, belə vəziyyətin yaranmasının səbəbi şəhərdə aparılan söküntü işləri ilə bağlı banklara məlumat verilməməsidir. Nəticədə banklar girov əmlakların sökülməsindən iş işdən keçəndən sonra xəbər tuturlar. Belə hallar Bakının müxtəlif ərazilərində baş verib, sonuncu dəfə banklar bu problemlə «Sovetski» adlanan ərazidə üzləşiblər: «Girov qoyduğumuz evə baxmağa gedəndə onun yerində park salındığını görürük»-deyə banklardan bildirilib.
Girov təminatından məhrum olan banklar həmin kreditin qaytarılması ilə bağlı çətinliklərlə üzləşirlər. Bank sektoru bunun günahını söküntü işlərini aparan və onlara nəzarət edən təşkilatlarda – yerli icra hakimiyətlərində görürlər. ABA-dan FED.az-a bildirilib ki, məhz həmin təşkilatların bankları söküntü işləri barədə əvvələdən xəbərdar etməməsi nəticəsində belə hallar yaranır: «Əslində icra hakimiyyəti orqanları sökülən əmlakların sənədlərini və onların girovda olub olmadığını diqqətlə araşdırmalı, belə əmlak ortaya çıxarsa, dərhal onu saxlayan banka məlumat verməlidirlər. Yalnız bu məsələ həllini tapandan sonra söküntü aparıla bilər. Reallıqda isə heç bir araşdırma aparılmadan evlər söküür və banklar yeni vəziyyətlə üzləşirlər».
Maraqlıdır ki, həmin evləri girov qoyub banklardan kredit götürən müştərilər də söküntü işləri barədə banklara məumat vermirlər. Banklar hesab edir ki, bunun səbəbi müştəriyə verilən kompensasiyadır: «Həmin şəxslər sökülən əmlaka görə kompensasiyalarını artıqlaması ilə alırlar, ona görə də bu barədə bankları xəbərdar etməkdə maraqlı deyillər». Kompensasiya alan müştərilər bu pulla başqa ərazilərdə ev və obyek alırlar, onların bankdan götürdyü kredit isə girovsuz qalır. Yeri gəlmişkən, müştərilərin banka xəbər verməməsinin səbəbi də budur – girov əmlak olmayanda bankların müştəriyə təsir imkanları da azalır.
Banklar bildirir ki, söküntü işləri ilə bağlı belə qarışıqlıq təkcə kredit məsələsində problem yaratmır. Söküntülən sonra vaxtilə burada yaşamış adamların özlərini də tapmaq çətin olur. Bank nəinki girovu, hətta müştərinin özünü itirir. Eyni vəziyət başqa sahələrdə də problem yaradır, həmin şəxslə əlaqəli adamlar və təşkilatlar onu tapmaqda çətinliklə üzləşirlər.
Aparılan müzakirələrdən sonra bu vəziyyəti həll etmək üçün qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. Təklifə görə, söküntü işləri zamanı bütün əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət ediləcək və yalnız onlardan girovda oladığı haqqında arayış alınandan sonra əmlak sökülə biləcək. O vaxta qədər isə bu tələbə əməl olunması üçün yerli icra hakimiyyətlərinə müraciət ediləcək.
«Girov saxladığımız evi tapa bilmirik» - BANKLARIN YENİ PROBLEMİ
14:55
27 Noy 2017