İran Milli Bankı, dünya miqyasında banklar arasında elektron transferi təmin edən SWIFT-in (Society for Worldwide Interbank Financial Telecommunication) ABŞ-ın sanksiyalarına riayət etməsi və bəzi İran banklarının sistemə daxil olmasını təxirə salması səbəbilə, bu sahədə artıq müştərilərə xidmət göstərməyəcəyini açıqlayıb.
ELƏCƏ DƏ BAX: Bakıdakı İran bankı: «Biz SWIFT-siz də işləmişik» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, İran Milli Bankından verilən açıqlamada, bu gün günortadan sonra başlayaraq bütün şöbələrdə SWIFT transferləri üçün xidmət göstərilməyəcəyi qeyd edilib.
SWIFT Noyabrın 5-də verdiyi açıqlamada ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxil olmasını təxirə saldıqlarını bildirmişdi.
Qeyd edək ki, SWIFT sisteminin bloklanması İranın 70 maliyyə qurumunu bu sistemdən kənarda qoyub. Bura İranın 14 ən böyük bankı da aiddir. İranın ABŞ sanksiyaları nəticəsində SWIFT sistemindən ayrılması ikinci dəfədir ki, baş verir. İlk dəfə belə hal 2012-ci ildə baş vermiş və İran 2016-cı ilədək SWIFT-dən kənarda qalmışdı.
SWIFT sistemi rəsmi olaraq Amerikaya tabe deyil, bu sistem Belçikada qeydiyyatdan keçmiş kooperativ birlik tərəfindən idarə olunur. Bu birliyə dünyanın əksər ölkələrinin maliyyə təşkilatları üzvdürlər. Bu gün SWIFT -ə dünyanın 200 ölkəsindən 10,8 min maliyyə təşkilatı qoşulub.
İndiyədək ABŞ İran münasibətlərində SWIFT sistemi ilə bağlı məsələlər qalxsa da, sistem bildirmişdi ki, siyasətə qarışmır. Amma artıq ikinci dəfədir ki, İran bu sistemdən ayrılır.
Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxması aydın olduqdan sonra Avropa maliyyə sanksiyalaından yan keçmək üçün yeni ödəniş sisteminin yaradılacağını bəyan etmişdi. Amma bunu çatdırmaq mümkün olmayıb.