Azərbaycan Mərkəzi Bankı (AMB) martın 18-də növbəti depozit hərracına yekun vurub.
FED.az xəbər verir ki, bu dəfə hərracda AMB-yə 28 günlük 100 milyon manat depozit yatırmaq imkanı çıxarılıb.
Amma əvvəlki hərraclardan fərqli olaraq banklar bu dəfə hərraca ehtiyatla yanaşmağa başlayıblar. Doğrudur, AMB-nin məlumatına görə, hərracda təklifdən artıq - 158 milyon manatlıq sifariş toplanıb.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.
Bununla yanaşı, qeyd edək ki, bu günkü hərracda bankların göstərdiyi tələb əvvəlkilərdən kəskin azdır.
Belə ki, martın 4-də keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 620,3 mln. Manat tələb olmuşdu.
Martın 10-da keçirilən hərracda 100 milyon depozit təkliyinə qarşı 268 milyon manat tələb olmuşdu.
Martın 11-də keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 313 mln. Manat tələb olub.
Nəhayət, martın 16-da keçirilən hərracda 100 milyon depozit təklifinə qarşı 255 milyon manat tələb olub.
Qeyd edək ki, depozit hərracına marağın azalması dollarla bağlı narahatlıqların yaranmasından sonra başlayıb. İndi banklar əllərində daha çox manat kütləsi saxlamağa üstünlük verirlər.