Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) hər bir borcalan haqqında maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verəcək.
FED.az xəbər verir ki, bu, müvafiq olaraq “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihələrində öz əksini tapıb.
Layihələrə əsasən, banklar və BOKT tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir.
Qeyd edək ki, mərkəzləşdirilmiş kredit reyestrində toplanmış məlumatlara bank sirrinin bu qanunla müəyyən olunmuş qorunma qaydaları şamil olunur.