"Bank Respublika", prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək verdi.
Belə ki, Bank bu məqsədlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulmuşdur.
Memoranduma uyğun olaraq, Bank, Bakı şəhərində və regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq material, avadanlıq və digər əmlakları təqdim etmişdir.
“Bank Respublika, Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşulmaqla bağlı çağırışına daha öncə digər məsələlərdə olduğu kimi böyük məmnuniyyətlə dəstək vermişdir. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük önəm vermişdir. Biz inanırıq ki, proqramın iştirakçıları verilən dəstək sayəsində gələcəkdə daha böyük sahibkara çevrilə biləcəklər. Bu isə, eyni zamanda gələcəkdə yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsinə yardımçı olacaq”. deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.