Azərbaycanın aparıcı riteyl banklarından olan «Bank of Baku» 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 3,4 milyon manat və ya 12,7 artaraq 30 milyon 152 min manat olub. Müştərilərə evrilən kreditlər üzrə gəlirlər 28,8 milyon manat olub ki, bu da əvvəlki ildən 4 milyon manat artıqdır.
Bundan başqa, bankın qiymətli kağızlardan əldə etdiyi gəlir 950 min manatdan 1,3 milyon manata yüksəlib.
Əvəzində ilk yarım ildə «Bank of Baku»nun faiz xərcləri azalaraq 6,3 milyon manatdan 6 milyon manata enib.
İlk yarım ildə «Bank of Baku»nun qeyri-faiz gəlirləri 5 milyon 227 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 5 milyon 489 min manat idi. Bu dövrdə bankın haqq və komissiya gəlirləri 1,5 milyon manat və ya 36% artaraq 5,5 milyon manata çatıb.
Bankın qeyri-faiz xərcləri isə bu dövrdə 1,4 milyon manat artaraq təqribən 20 milyon manata çatıb.
Qeyri-faiz xərclərinin artımı bütünlüklə əmək haqqı xərclərinin artımının hesabına baş verib.
Xalis mənfəəti 70% artıb.
Nəticədə bank ilin ilk yarısını 9 milyon 425 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bundan əlavə «Bank of Baku» aktivlər üzrə mümkün zərərlərə görə əvvəlki illərdə yaradılan ehtiyatlardan 3,2 milyon manat geri çəkib.
Nəticədə bankın vergiyə qədərki mənfəəti 12 milyon 613 min manat olub. 3 milyon 241 min manat mənfəət vergisi ödəniləndən sonra bankın xalis mənfəəti 9 milyon 372min maat təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 73% artıqdır.
Aktivləri 14% artıb
İlk yarım ilin sonunda «Bank of Baku»nın aktivləri 466,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 14% artıqdır. Bankdakı nağd vəsaitlər 11 milyn manat artaraq 103 milyon manata yüksəlib.
Kredit portfeli isə 52 milyon manatlıq artımla 390 milyon manata çatıb.
Kreditlərin böyük hissəsi əvvəlki kimi istehlak kreditlərinə aiddir – 33 milyon manatlıq artımdan sonra 262,7 milyon manat.
Biznes kreditləri 16 milyon manat artaraq 111 milyon manata, daşınmaz əmlak kreditləri isə 3 milyon manatlıq artımla 16,4 milyon manata yüksəlib.
Ümumilikdə bankın xalis kredit portfeli 291 milyon manatdır.
Depozit portfelini artırıb
Banklar üçün asan keçməyən dövrdə «Bank of Baku» depozit portfelini qoruyub saxlaya, hətta artıra bilib. İlk yarım ilin sonuna bankın depozit portfeli 220 milyon 170 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 26 milyon manat və ya 14% artıqdır.
Bankda fiziki şəxslərin əmanətləri 194 milyon manat (13% artım), şirkətlərin depozitləri isə 26,1 milyon manat olub (19% artım).
Bununla yanaşı, ilk yarım ildə «Bank of Baku»nun Mərkəzi Bank qarşısında öhdəlikləri 14 milyon manat artaraq 43 milyon manata çatıb.
Hesabat dövründə bankın kapitalı 10 milyon manat artaraq 76,4 milyon manatdan 86,4 milyon manata yüksəlib.