“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - bank) idarə heyəti səhmdarların nəzərinə çatdırır ki, 15 sentyabr 2020-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: «Paşa Həyat»ın sahibi bir ildə - 20,7 MİLYON MANAT QAZANIB
Bununla yanaşı, koronavirus (Covid 19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə və kütləvi yığıncaqların qadağan olunmasını nəzərə alaraq səsvermə qiyabi şəkildə keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu ilin maliyyə hesabatının təsdiq olunması haqqında;
2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi haqqında.
3. 2019-cu ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi haqqında.
4. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin strateji baxışı və missiya bəyanatı haqqında.
Ümumi yığıncağın gündəliyindəki məsələlərlə əlaqədar materiallar 2020-ci il sentyabrın 1-dən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının ümumi yığıncağı haqqında əsasnamənin 2.11-ci bəndini nəzərə alaraq ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bildirişə əlavə olunan bülleten formasını dolduraraq bağlı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2020-ci il sentyabrın 14-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir.