Azərbaycanda 2026-cı il üzrə sistem əhəmiyyətli banklar məlum olub.
"Azərbaycanda sistem əhəmiyyətli banklar strategiyalarını yenidən nəzərdən keçirməlidir" - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ənənəvi olaraq 2026-cı il üzrə sistem əhəmiyyətli bankların yeni siyahısını dəqiqləşdirib.
2026-cı il üzrə sistem əhəmiyyətli bank siyahısında - “Azərbaycan Beynəlxalq Banki” ASC, “Bank Respublika” ASC, "Kapital Bank" ASC, "Paşa Bank" ASC, "Unibank" KB ASC yer alıb.
Bu siyahı 2025-ci ildən bəri dəyişməyib – həmin bankloar ötən il də sistem banklar idi.
Qeyd edək ki, Azərbaycanda «sistem əhəmiyyətli bank» dedikdə maliyyə sistemində böyük paya və təsirə malik olan, problemlə üzləşəcəyi halda bütün bank sektoruna və iqtisadiyyata ciddi risk yarada bilən banklar nəzərdə tutulur.
Söhbət bankın böyük aktivlərə, kredit və depozit portfelinə malik olması, ölkə üzrə bu göstəricələrdə böyük pay sahibi olması, geniş filial şəbəkəsinin olması, eləcə də digər banklarla və ümumilikdlə maliyyə sistemi ilə sıx əlaqəli olmasından gedir.
Bankın əvəzolunmazlığı amili də rol oynayır, yəni həmin bankın xidmətlərini qısa müddətdə başqa bank əvəz edə bilmirsə, o sistemm əhəmiyyətli bank sayılır.
Belə vəziyyətdə bankın başına hadisə gələrsə, onun iflası maliyyə bazarlarında zəncirvari təsir yarada bilər, buna görə də həmin banklara adi banklardan daha sərt nəzarət edilir.
Göründüyü kimi, belə banklara qarşı daha yüksək kapital tələbləri, əlavə kapital buferləri tələbləri, daha sərt risk idarəetmə standartları, daha tez-tez hesabat və nəzarət tətbiq olunur.
Xatırladaq ki, Azərbaycanın bank sisteminə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilib. Belə bankların müəyyən edilməsi üçün meyarlar ilk dəfə hələ 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilib və həmin bankların ilk siyahısı yaradılıb.
Sistem əhəmiyyətli bankların müəyyən edilməsi meyarları ötən il - 2025-də yenilənib. Yeni meyarlar Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 19 mart 2025-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” 09 aprel 2025-ci il tarixində qüvvəyə minib.
Sistem əhəmiyyətli banklar ölkənin bütün maliyyə sektorunun vəziyyətinə və dinamikasına təsir edir. Həmin bankların əməliyyatlarının əhatə dairəsi və həcmini nəzərə alanda, bu banklar üzrə maliyyə dayanıqlığının pozulması bank sektoruna risklər yarada bilər.
Yeri gəlmişkən, Mərkəzi Bankın mövqeyi belədir ki, hər hansı bankın sistem əhəmiyyətli bank elan edilməsi ona üstünlük vermir. Eyni zamanda hər hansı bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması demək də deyil.
Əksinə, sistem əhəmiyyəti bank elan edilməsi o deməkdir ki, onun rəhbərliyi təkcə öz bankı üçün deyil, bütün maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında daha məsuliyyətli olmalıdır.
Bunun üçün isə belə banklara qarşı əlavə normativ tələblər qoyulur. Məsələn, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələblərini (məcmu və birinci dərəcəli kapitalının adekvatlığı üzrə), leverec əmsalı tələbi adi banklardan fərqlənir.
Hazırda qüvvədə olan qaydalara əsasən, bankın sistem əhəmiyyətli olub-olmaması aşağıdakı cədvəldə olan göstəricilər (kateqoriyalar, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:
|
No |
Kateqoriya |
İndikator |
Xüsusi çəki (%) |
|
1 |
Ölçü |
Cəmi aktivlər |
30% |
|
Depozit portfeli |
10% |
||
|
2 |
Şaxələnmə |
Maliyyə institutları qarşısında öhdəliklər |
8.3% |
|
Maliyyə institutlarında yerləşdirilən aktivlər |
8.3% |
||
|
Qiymətli kağızlar üzrə öhdəliklər |
8.3% |
||
|
3 |
Əvəzolunmazlıq |
Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar |
7.5% |
|
Əmanətçi sayı |
7.5% |
||
|
Unikal müştəri sayı |
7.5% |
||
|
Maliyyə inklüzivliyi |
7.5% |
||
|
4 |
Mürəkkəblik |
Birjadankənar törəmə maliyyə alətləri |
2.5% |
|
Ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar |
2.5% |
Bankın sistem əhəmiyyətliliyinin müəyyən edilməsi üçün indikatorlar üzrə aşağıdakı maliyyə göstəricilərindən istifadə olunur:
- cəmi aktivlər – bankın leverec əmsalının hesablanmasında istifadə olunan xalis aktiv və balansdankənar öhdəliklərin cəmi;
- depozit portfeli – banka aidiyyəti olan şəxslərin, habelə kredit təşkilatları və digər maliyyə institutlarının depozitləri istisna olmaqla, fiziki və hüquqi şəxslərin depozitləri;
- maliyyə institutları qarşısında öhdəliklər – dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin yerinə yetirilməsinə təminat (zəmanət) verən fondların və digər ixtisaslaşmış dövlət qurumlarının kreditləşmə məqsədilə bankda yerləşdirdikləri vəsaitlər, həmçinin banka aidiyyəti şəxs olan maliyyə institutları qarşısındakı öhdəliklər istisna olmaqla, yerli banklar, bank olmayan kredit təşkilatları, lizinq, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlar qarşısında olan öhdəliklər;
- maliyyə institutlarında yerləşdirilən aktivlər – ləğvetmə prosesində olanlar istisna olmaqla, yerli banklar, bank olmayan kredit təşkilatları, lizinq, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlara qarşı tələblər;
- qiymətli kağızlar üzrə öhdəliklər – bankın buraxdığı qiymətli kağızlar üzrə öhdəlikləri;
- ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar – AZİPS (Real Vaxt Rejimində Hesablaşmalar Sistemi) üzərindən aparılmış əməliyyatların sayı və cəmi məbləği;
- əmanətçi sayı – bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı;
- unikal müştəri sayı – hesabat dövrünün son tarixinə hesab qalığı azı 100 (yüz) manat ekvivalentində olan, habelə son 3 (üç) ay ərzində azı bir əməliyyat aparmış bank müştərilərinin sayı;
- maliyyə inklüzivliyi – bankın bankomatları, xidmət etdiyi POS-terminalları, habelə filiallarının sayı;
- birjadankənar törəmə maliyyə alətləri – birjadankənar ticarət edilən törəmə maliyyə alətlərinin əvvəlcədən müəyyən olunmuş qiymətlə qalıq dəyəri;
- ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar – satış üçün mövcud olan və ticarət üçün alınmış qiymətli kağızların ümumi dəyəri.












