2020-ci ilin yanvar ayında Azərbaycanda banklara qoyulan depozitlər kəskin artıb.
Eləcə də bax: Bankir: «Krediti alıb başqa məqsəd üçün - İSTİFADƏ EDİRLƏR»
FED.az xəbər verir ki, bu ilin yanvar ayında depozitlərin həcmi 21 milyard 660,5 milyon manat olub. Depozitlər ötən ilin dekabr ayına görə 1,56% və ya 333,8 milyon manat artıb. Qeyd edək ki, 2019-cu ilin dekabr ayında depozitlərin məbləği 21 milyard 326,7 milyon manat olub.
Artım hüquqi şəxslərin - şirkətlərin hesabına olub.
Belə ki, yanvarda fiziki şəxslərin depoziti 2019-cu ilin dekabr ayına görə 83 milyon və ya 0,97% azalaraq 8 milyard 425 milyon manat olub. Qeyd edək ki, dekabrın sonunda bu göstərici 8 milyard 508 milyon manat idi.
Fiziki şəxslərin depozitində azalma demək olar ki, tələbli depozitin hesabına olub. Belə ki, fiziki şəxslərin tələbli depoziti 2020-ci ilin yanvar ayında 2 milyard 788,9 milyon manat, 2019-cu ilin dekabr ayında 2 milyard 849,3 milyon manat olub. Tələbli depozitlər 2,12% və ya 60,4 milyon manat azalıb.
Fiziki şəxslərin müddətli depozitlərində dekabr ayı ilə müqaisədə azalma olub. Müddətli depozitlər ötən ilin dekabr ayında 5 milyard 658,7 milyon manat, 2020-ci ilin yanvar ayında bu göstərici 5 milyard 636,1 milyon manat olub. Azalma 0,39% və ya 22,6 milyon manat olub.
Hüquqi şəxslərin depozitləri isə kəskin artıb.
2020-ci ilin yanvarında hüquqi şəxslərin depozitləri 13 milyard 235,5 milyon manat olub. Yanvar ayında 2019-cu ilin dekabr ayına görə 3,17% və ya 406,8 milyon manat artım olub. Qeyd edək ki, 2019-cu ilin dekabrında bu göstərici 12 milyard 818,7 milyon idi.
Hüquqi şəxslərin depozitlərində artım tələbli depozitlərin hesabına baş verib. Tələbli depozitlər 2019-cu ilin dekabr ayında 10 milyard 213,1 milyon manat, 2020-ci ilin yanvar ayında 10 milyard 974,9 milyon manat olub. Tələbli depozitlər bu ilin yanvar ayında ötən ilin dekabr ayına görə 7,46% və ya 761,8 milyon manat arıb.
Hüquqi şəxslərin müddətli depozitlərində 2019-un dekabrına nəzərən 2020-ci ilin yanvarında azalma olub. Ötən ilin dekabrında müddətli depozitin həcmi 2 milyard 605,6 milyon manat, bu ilin yanvarında 2 milyard 260,6 milyon manat olub. Hüquqi şəxslər üzrə müddətli depozitlər 13,2% və ya 345 milyon manat azalıb.