«Azərbaycan Beynəlxaq Bankı» müştərilərə təklif etdiyi “Klassik əmanət” üzrə faiz dərəcələrini artırıb.
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə xeyli artım gözə çarpır.
Bankın əvvəlki ayda açıqladığı “Klassik əmanət” məhsulunda manatda faizlər aylıq ödənildikdə 1 illik əmanətlər üçün 6%, 2 illik üçün 6,5% və 3 illik üçün 6,5% təşkil edirdisə, fevralda bu rəqəmlər müvafiq olaraq 1 illik 8%, 2 illik 8,5% və 3 illik 9% müəyyən olunub. Əlavə olaraq əmanət paketinə müddəti 18 ay olan əmanət əlavə edilib və faiz dərəcəsi 8,25%-dir.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik artıb belə ki, 1 illik əmanətlərdə faizlər 6,5%-dən 9%-ə, 2 illik 7%-dən 9%-ə və 3 illikdə isə 7%-dən 9,5%-ə qalxıb.
Qeyd edək ki, xarici valyuta üzrə faizlərdə də artım var. USD valyutasında əmanət yerləşdirmək istəyən şəxslər yanvar ayında 1 illik müddətdə faizlərin müddətin sonu hesablanması şərti ilə 0,1% göstəricisi ilə əmanət yerləşdirə bilirdisə, fevralda 1 illik əmanətlər üzrə faizlər aylıq əsasla ödənildikdə 2,5%, müddətin sonu ödənildikdə isə 3% gəlirlilik dərəcəsi müəyyən edilib. 1 illik əmanətlə eyni gəlirlilik dərəcəsinə sahib olan müddəti 18 aylıq əmanət əmanət paketinə əlavə edilib.
Yüksək faizlərlə əmanət etmək istəyənlərin nəzərinə çatdıraq ki, manat əmanəti üzrə göstəricilər bank tərəfindən təklif olunan kampaniya daxilində 01.04.2024 tarixinədək qüvvədədir.
«Azərbaycan Beynəlxaq Bankı» əmanət faizlərini artırdı – RƏQƏMLƏR, MÜQAYİSƏ
15:49
9 Fev 2024