Azərbaycanın tanınmış banklarindan olan Rabitəbanka beynəlxalq maliyyə institutlarının marağı güclənməkdə davam edir.
Kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif beynəlxalq tərəfdaşlarla ümumilikdə 50 milyon ABŞ dolları həcmində maliyyə əməkdaşlığı formalaşdırılıb.
FED.az xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədr müavini Orxan Gültekin məlumat verib.
O.Gultekin təqdimatinda bildirib ki, Islamic Corporation for the Development of the Private Sector (ICD) KOB kreditlərinin maliyyələşdirilməsi üçün 15 milyon ABŞ dolları ayırıb.
Ən böyük maliyyə paketi isə International Islamic Trade Finance Corporation (ITFC) tərəfindən təqdim olunub. Qurum 20 milyon ABŞ dolları həcmində zəmanət və akkreditiv xətti ilə sahibkarların xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsini dəstəkləyir.
Bununla yanaşı, Black Sea Trade and Development Bank (BSTDB) KOB-ların maliyyələşdirilməsi istiqamətində 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb.
Eyni zamanda, Asian Development Bank (ADB) ilə 10 milyon ABŞ dolları məbləğində maliyyə xətti üzrə danışıqlar yekun mərhələyə çatıb və əməkdaşlığın yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.
Təqdimatda vurğulanıb ki, beynəlxalq maliyyə institutları ilə həyata keçirilən bu əməkdaşlıqlar təkcə yeni maliyyə resurslarının cəlb edilməsi deyil, həm də Azərbaycanın maliyyə sektoruna və biznes mühitinə olan etimadın artmasının mühüm göstəricisidir.















