“Azərbaycanda qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmalar 5-10 saniyə ərzində tamamlanacaq”.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin I müavini Alim Quliyev deyib.
“Hazırda AMB ölkə üçün çox böyük əhəmiyyəti olan 2 mühüm layihə üzərində çalışır. Bu layihələrdən biri ani ödəniş sisteminin yaradılması ilə bağlıdır və ən qabaqcıl trendlərdən biri hesab olunur.
Dünyanın 50 ölkəsində ani ödəniş sistemi tətbiq edilməkdədir. Bu sistemin yaradılması nəticəsində fiziki şəxslər, biznes strukturları və dövlət qurumları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşamalar 7/24/365 rejimində 5-10 saniyə ərzində tamamlanacaq. Digər layihə isə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması ilə bağlıdır.
Bu, Azərbaycanın bank sektorunda göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xüsusi təkan verəcək. Layihəni bu sahədə geniş təcrübəyə malik IBM şirkəti reallaşdırır. Eyni zamanda, xarici ekspertlərin iştirakı ilə biz ölkə üzrə rəqəmsal transformasiya planının hazırlanması üzərində fəaliyyət həyata keçiririk”, - A.Quliyev qeyd edib.