Azərbaycanın aparıcı banklarından olan, mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.
Eləcə də bax: «AG Bank»ın vəziyyəti məlum oldu - BANK HESABATI
FED.az xəbər verir ki, 2020-ci ilin birinci rübündə “AccessBank”ın faiz gəlirləri 13,1% artaraq 25 milyon 984 min manata, faiz xərcləri isə 16% azalaraq 10 milyon 722 min manat təşkil edib.
Nəticədə bankın xalis faiz gəlirləri 50%-ə yaxın artaraq 15 milyon 262 min manat olub.
Birinci rübdə “AccessBank”ın qeyri faiz gəlirləri 2 milyon 340 min manat, qeyri-faiz xərcləri isə 16 milyon 21 min manat təşkil edib.
Nəticədə Bank 2020-ci ilin birinci rübünü 2 milyon 475 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, “AccessBank” ötən ilin eyni dövrünü 74,6 milyon manat zərərlə başa vurmuşdu, səbəbi 92 milyon manata yaxın ehtiymat ayırmaların olması idi.
Bu ilə isə bank həm əməliyyat, həm də xalis mənfəətə çıxıb.
Birinci rübün sonunda “AccessBank”ın aktivləri 895.341 milyon manat təşkil edib.
Bu ilin birinci rübünün sonunda Bankın xalis kredit portfeli 532 milyon 401 min manata bərabər olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın məcmu portfeli 604 milyon 053 min manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin birinci rübündə kreditlərin 97.6%-i manatla verilib.
2020-ci ilin birinci rübü ərzində “AccessBank” 124.716 milyon manat məbləğində kredit verib və bu, ötən ilin birinci rübü ilə müqayisədə 26,472 milyon manat çoxdur. Bankın hər ay verdiyi kreditlərin 50%-dən artıq hissəsi və bütün mikro kreditlərin 35%-i kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.
Mart ayının sonuna Bankın əmanət portfeli 588.351 milyon manat təşkil edib.
2020-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 15.261 milyon manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur.
Hazırda Bankın məcmu kapitalı 79 milyon 411 min manatdır, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 29,4 min manat çoxdur.
Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 50.98% təşkil edib, bu isə normadan (30%) təxminən 1.7 dəfə artıqdır.
«AccessBank»ın İdarə Heyətinin sədri Anar Həsənov birinci rübün maliyyə nəticələrini şərh edərkən bildirib ki, Bankın mənfəətə çıxması müştərilərin etibarının və komandanın düşünülmüş fəaliyyətinin nəticəsidir: «Biz başa düşürük ki, bankımızın inkişafı bilavasitə iqtisadi sabitlikdən və müştərilərimizin əminliyindən asılıdır. Güclü müştəri güclü bank və eyni zamanda, bütünlüklə güclü maliyyə sektori deməkdir. Buna görə də “AccessBank”ın işinin əsas məqsədi mikro, kiçik və orta biznesi dəstəkləməkdən ibarətdir, çünki onların inkişafı Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edir».
Bank rəhbəri bildirib ki, dünyada yayılan koronavirus və onun iqtisadiyyata mənfi təsiri dövründə bank öz müştərilərinə dəstək verəcək: «Çox güman ki, gələn rüb bazar üçün çətin dövr olacaq, amma biz əminik ki, müştərilərimizlə birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Biz, uğurları ilə qürur duyduğumuz müştərilərimizi dəstəkləməkdə davam edəcəyik».