Müsahibimiz AccessBankın Mikro və Pərakəndə Müştərilər üzrə Direktoru Yaşar Soltanovdur.
-Yaşar bəy, mümkünsə oxucularımız üçün özünüzü təqdim edərdiniz.
1984-cü il təvəllüdlüyəm, Bakı şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. Bank İşi üzrə həm bakalavr həm də magistr təhsilimi bitirdikdən sonra Bankda işləmək arzumu reallaşdırmaq üçün 2006-cı ildə ilk olaraq öz tərcümeyi halımı Azərbaycan Mikro Maliyyələşdirmə Bankına, yəni indiki AccessBank-a təqdim etdim və qısa zamanda iş təklifi aldım. Beləliklə, ilk iş yerim olaraq 2006-cı ildən AccessBankda çalışıram. Bu gün Mikro və Pərakəndə Müştəriləri üzrə Direktor vəzifəsindəyəm.
-AccessBankın kredit departamentində yeni ilə hazırlıq işləri necə gedir?
Yeni il ilə bağlı hər il olduğu kimi bu il də hazırlıq işləri artıq görülmüşdür. “Üçü var idi üçü yox idi” adlı kredit kampaniyası ilə start vermişik. Həmçinin ilin sonunda bankımızla uzun müddət fasiləsiz əməkdaşlıq edən, normal kredit tarixçəsinə malik olan müştərilərimizə hədiyyələrin təqdim edilməsi planlaşdırılır.
-"Üçü var idi, üçü yox idi" kredit kampaniyasının müştərilər üçün üstünlüyü nədir?
Bildiyiniz kimi, kampaniya mikro və nağd kreditləri əhatə edir. Əsas üstünlük ondan ibarətdir ki, kreditin ödəniş planı üzrə son 3 ayının faizləri sıfırlanır. Həmçinin 3 ay güzəşt müddəti əldə etməklə həmin aylarda banka yalnız faiz məbləği ödəmiş olur. Yekunda bunları ümumiləşdirsək demək olar ki, müştəri kredit müddəti ərzidən faiz dərəcəsində endirim əldə etmiş olur.
-Üç ay güzəşt müddəti kredit dönəminin əvvəlinə aiddir, ya müştərilərin çətinlik çəkdiyi digər vaxtlar da ola bilər?
Güzəşt müddəti son 3 ay istisna olmaqda kredit müddətinin istənilən aylarına tətbiq edilə bilər. Lakin, güzəştli ödəniş ayları kredit verilməzdən əvvəl müəyyənləşdirilməlidir, bu qayda kredit götürüldükdən sonra tətbiq oluna bilməz. Müştəri kredit dövrünün hansı mərhələsində gəlirlərinin az olacağını əvvəlcədən bilir və onun istəyinə əsasən güzəşt müddəti məhz həmin aylara təyin olunur.
-Bəs kredit hansı valyutada verilir?
Mikro kreditlər üçün valyuta seçimində müştərilər sərbəstdir. Bugün Bank olaraq müştərilərə 3 fərqli valyutada - Azərbaycan manatı, ABŞ dolları və Avro ilə kredit təklif olunur. Bu zaman valyutadan asılı olaraq kredit şərtləri fərqli ola bilər. Lakin nağd kreditlərdə kreditin valyutası müştəri tərəfindən yox, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsbit olunmuş qaydalar əsasında müəyyənləşir. Belə ki, sözügedən qaydaya əsasən, nağd kreditlərin valyutası müştərinin rəsmi gəlirinin valyutasına müvafiq təyin olunmalıdır.
Yəni, sadə dillə desək, müştəri əmək haqqısını Azərbaycan manatı ilə alırsa kredit manatla, ABŞ dolları ilə alırsa kredit dollarla verilməlidir.
-2017-ci ildə kreditlərlə bağlı ən uğurlu kampaniya və ya məhsul hansı olmuşdur?
Cari ildə həyata keçirdiyimiz ən uğurlu kampaniya Bankın 15 illiyi ilə əlaqədar etdiyimiz “15=12” adlı kampaniya olmuşdur. Bu kampaniyanın şərtlərinə əsasən, minimum 15 aylıq kredit götürən müştəri, kreditin son 3 ayının faiz ödənişlərindən azad olunurdu. Kampaniya 2 ay müddətində davam etdi və müştəri məmnunluğu qazanmaqla yanaşı, müştəri cəlbinə yetərincə səbəb oldu.
-Qarşıdan gələn il üçün AccessBankın kredit siyasəti necə olacaq?
2018-ci il üçün planlarımız çoxdur, hamısı haqqında danışmaqla vaxtınızı çox almış olarıq. Prioritet istiqamətlər, kredit şərtlərinin bazara uyğunlaşdırılması yolu ilə optimallaşdırılması, çoxsaylı kredit kampaniyalarının keçirilməsi, yeni kredit məhsullarının təklifidir. Bu və ya digər tədbirlər, müştəri bazasının artırılmasına, bankın daha dayanıqlı və yüksək səviyyəli xidmətlər göstərməklə bazardakı mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir. Ümumilikdə bütün bu tədbirlərin əsasında müştəri məmnunluğunun yüksəldilməsi və bank bazarında AccessBankın payının daha da artırılması dayanır.
-Hal-hazırda əhalinin kreditlərə marağı necədir? Hansı məhsullara daha çox maraq var?
Manatın devalvasiyasından sonra müştərilərin Banka müraciəti əsaslı səbəblərdən bir qədər azalsa da, bugün bu məsələ ilə bağlı vəziyyət tam fəqlidir. 2015 və 2016-cı illərlə müqayisədə 2017-ci ildə ölkə iqtisadiyyatının inkişafı, müştərilərin ödəmə qabiliyyətinin artmasına, bu isə öz növbəsində onların kredit götürmə imkanlarının yaranmasına və artımına səbəb olmuşdur. Təbii ki, bu hal müştərilən banklara artan marağını yaradır. Məhsullara gəldikdə, müştərilər bugün real biznesə yatırım etmək üçün daha çox biznes kreditlərinə üstünlük verirlər.
-Müştərilər nə üçün AccessBanka müraciət etməlidir?
Tam əminliklə deyəbilərik ki, AccessBank bugün geniş çeşidli məhsullar və xidmətlər təklif edən bank olaraq fəaliyyətini uğurla davam etdirir. Təbii ki, uğurun başlıca amillərindən biri, bəlkə də ən əsası müştəri məmnunluğudur. Biz müştərilərimizə artıq qeyd etdiyim kimi bütün növ bank məhsullarını təqdim edirik, bu isə Banka müraciət edən müştərinin bütün istəklərinin həyata keçirilməsinə zəmin yaradır. Operativlik, yüksək səviyyəli xidmət və müştərilərə qayğı ilə yanaşmaq bizim əsas meyarımızdır. Onu da qeyd edim ki, devalvasiya müddətində, daha ümumi desək ölkə iqtisadiyyatının durğunluq dövründə belə AccessBank müştərilərə daim xidmət göstərmişdir, kreditləşmə dayanmamışdır. Bu da bizim sabit maliyyə tərəfdaşı olduğumuzu göstərir. Məncə ən azı bu sadaladığım səbəblərə görə müştərilər bizi seçməlidir. Ümumilikdə bunun nəticəsidir ki, bugün AccessBankın mikro kreditlər bazarındakı payı 50%-dən çoxdur.
-Kredit departamentinin direktoru olmağın ən çətin tərəfləri hansılardır?
Bu işin özünəməxsus çətin tərəfləri var, xüsusən də, indiki durumda. Onları təxminən bu formada qruplaşdırmaq olar:
-Krediti müştərilərin istəyinə görə deyil, potensialına görə təyin edilməsi və buna görə işçi heyətinin bilik və bacarığının artırılması, onların daim motivasiyada saxlanılması;
-İşçi heyətinin karyera imkanlarının formalaşmasına dəstək;
-Kredit portfelinin inkişafı və keyfiyyətinin qorunub saxlanılması;
-Yeni kredit məhsullarnın yaradılması və reallaşdırılması, cari kredit məhsulların təkmilləşdirilməsi.
-Çətinliklərdən danışdıq, bəs AccessBankda işləməyin üstünlüyü nədir?
Üstünlükləri çoxdur, əminliklə deyərdim ki, AccessBank çalışmaq üçün ən ideal təşkilatlardan biridir. Ən əsası, burada vəzifə təyinatları daxili seçim əsasında aparılır. Yəni, istənilən rəhbər vəzifəyə təyin olunacaq şəxs Bankın öz əməkdaşları, burada çalışmış və iş fəaliyyətində fərqlənmiş işçilər arsından seçilir. Başqa sözlə, Bankda karyera imkanları genişdir və bu proses tam şəffaflıqla aparılır. Bu isə əməkdaşlara yüksək motivasiya verir. Cari pozisiyaya gəlmək üçün mən altı pillə adlamışam.
Digər üstünlüklərə gəldikdə, burada iş mühiti tam fərqlidir. Rəhbər və işçilər arasında isti münasibət, bir çox məsələlərdə əməkdaşların qərarvermə sərbəstliyi, işçilərin problemlərinə qayğı ilə yanaşılması əməkdaşların bu kollektivdə çalışmaqlarından fərəh duymalarına səbəb olur.
Bütün bu deyilənləri nəzərə alaraq bank sistemində karyera qurmaq istəyən şəxslərə AccessBankda çalışmağı tövsiyə edərdim.