Xüsusi olaraq FED.az üçün, Könül Soltanova, San-Xose, ABŞ
Eləcə də bax: Azərbaycanda hansı banklar kredit kartı verir?
Yeni bir ölkəyə miqrasiya etmək - həyatı müəyyən mənada sıfırdan başlamaq kimidir. Bunun müsbət və mənfi tərəfləri də mövcuddur, özünüzü yenidən yaradırsınız. Bura sizin kredit tarixçəniz də daxildir.
ABŞ-a köçmədən əvvəl necə bir kredit müştərisi olmağınız burada əhəmiyyət daşımır və yeni kredit tarixçəsini formalaşdırmaq isə mütləqdir. Kiçik məbləğli olsa da kreditlərdən başlamalı olacaqsınız, müəyyən bir dövrdən sonra iri həcmli biznes, avtomobil və ya ipoteka krediti üçün müraciət edəndə artıq formalaşmış bir tarixçə olsun.
ABŞ-da əslində kredit müraciəti çox asandır, hətta bir çox onlayn kredit təşkilatları - CreditOneBank, Reflex, Aspire, və ya Discover fəaliyyət göstərir, müraciət formasını doldurursunuz, sizin kredit skorinq, gəlir\xərc nisbətiniz hesablanır və sizə cavab gəlir. Əgər cavab müsbətdirsə, növbəti addım olaraq kredit kartı sizin poçta gəlir.
Bütün bunların edilməsi SSN - social security number əsasında mümkün olur, bu sənəd istənilən rəsmi işə düzələn zaman, istənilən kredit müraciətində, vergi ödənişlərində istifadə olunur və özündə sizin gəlir və çıxarlarınız, ilə bağlı məlumatı əks etdirir.
SSN işləmək izni olan miqrantlar üçün əldə edilə biləndir. Yəni turist kimi gəldikdə SSN almağınız bir xeyli vaxt alır. Sosial nomrə olmadan onlayn kredit müraciəti edə bilmirsiniz, təbii ki, onun olmaması bir çox şeyləri sizə məhdudlaşdırır. Buna rəsmi işləmək və sığorta xidmətləri də daxildir.
İlk kredit müraciəti - Wells Fargo
Debet kartım aktivləşəndən 3-4 ay sonra bankdan kredit imkanları ilə bağlı maraqlandım. Green card sahibi, yəni davamlı rezident olmadığım üçün kredit üçün müraciət edə bilməyəcəyimi söylədilər.
Amma əgər kredit tarixçəsinin formalaşmasını istəyirəmsə “Secured card” üçün müraciət edə biləcəyimi söylədilər..
- Secured card (Zəmanətli kredit) nədir?
İstədiyin kredit həcmində məbləği banka girov qoyursan, minimum məbləğ 300 dollardır. Sonra sənə həmin məbləğdə kredit xətti açılır, yəni öz pulunu unudub həmin vəsaitdən kredit kimi istifadə edirsən, lazım gələndə də faizini ödəyirsən.
Amma adi müraciəti forması kimi prosedurdan keçirsən, bank işçisi müəyyən suallar verir, onları cavablandırmaq tələb olunur.
Qeyd edim ki, bu hissədə dürüstlüyüm əleyhimə oynadı. Cavabı elə həmin an, ya gün ərzində öyrənmək imkanı olur.
Bankdan rəsmi aldığım məktubda gəlirlərimin çox az olması səbəbindən kreditdən imtina etdikləri yazılmışdı, düzü “secured card” üçün müraciət etdiyim halda, kredit kartdan imtina ilə bağlı cavab almışdım və səbəbinin gəlirlə bağlı olması məni bir az məyus etdi. Yəqin ki, prosesi tam anlamamışdım.
İkinci kredit müraciəti - Bank of America
Üstündən daha bir neçə ay keçdikdən sonra təkrar şansımı yoxlamaq istədim. Çünki kredit tarixçəsinin olması vacibdir. Düşündüm ki, bu dəfə BOA-da secured card üçün müraciət edim.
Banka yaxınlaşdım, sənədləri təqdim etdim, niyyətimi bildirdim. Bank əməkdaşı mənə bildirdi ki, biz hətta sosial nömrə olmadan da kredit verə bilirik. Hər şey application-yəni müraciəti necə doldurmadan asılıdır. Xanım -mənə kredit tarixçəmi qurmaqda kömək edəcəyini söz verdi
Deməli proses belə işləyir- siz hətta secured kart istəsəniz belə proses banka kredit müraciəti doldurmaqla başlayır və bankın kredit şöbəsi sizin məlumatlar əsasında sizə kontur təklif hazırlayır (bu əks təklif də o qədər də indivudual deyil, yəni bankın mövcud məhsulları içərisindən seçilir), ya da kontur təklif olmur və sizə imtina cavabı gəlir.
Təklif sistemdə onlayn şəkildə aktiv olanda, əməliyyatçı sizin razılığınızla onu qəbul edib, sizə həmin məhsulu hazırlayır.
- Yəni Bank əməkdaşı mənim sıfırdan profilimi yaradır bankda, kredit müraciətimi hazırladı
- Verilən standard suallar
- Daşınmaz əmlakınız varmı? Yəni yaşadığınız ev sizin mülkünüzmüdür, əgər cavab hədirsə onun dəyəri
- Kirayədə yaşayırsınız? Cavab hə olarsa, aylıq ödənişiniz, kirayənizi paylaşırsınızmı
- Şəxsi avtomobiliniz varmı? Varsa, bazar qiyməti
- Avtomobil kirayə edirsinizmi? Cavab hə olarsa, nə qədər ödəyirsiniz
- Aylıq gəlirləriniz
Suallar ümumidir, cavabları bir-başa olaraq yoxlamaq və ya təsdiq edən sənəd göstərmək tələb olunmur, normalda əgər sosial nömrəniz bankda varsa - onlar sizin adınızda başqa bir kreditin olub-olmamasını sorğu edə bilir. Ümumilikdə ABŞ sistemləri qarşı tərəfin verdiyi informasiyaya güvən əsasında qurulub.
Bu dəfə suallara verdiyim cavablar Wells Fargo-da verdiyim cavablardan fərqli oldu, yəni gözləntiləri anlayırdım. Sistemdən gələn kontur təklif belə oldu
Mənə 99 dollar girov qoymaqla, 500 dollar həcmində, cash back və bonusları aktiv kredit kartı təklif olundu.
.Qeyd edim ki adi “secured” kartda, siz 500 dollarlıq kredit üçün 500 dollar girov qoyursunuz və heç bir cash back funksiyası olmur.
Mən edilən təklifi qəbul etdim, bundan ötrü çek hesabı açıb ora 100 dollar qoydum ki, prosesə başlanılsın, həmin vəsaitə blok qoyulanda, artıq kredit kartının gələcəyinə tam zəmanət yaranır.
Beləliklə mənim ilk kredit kartım oldu.
Kredit şərtləri
- Faiz dərəcələri müxtəlif ola bilər, istehlak məqsədli kredit kartı üçün illik 25-36% arasında dəyişir, onlayn kredit təşkilatlarının təklifi illik 36% olur, amma tanınmış iri banklar 26% civarında verir.
- Kart açıldıqda hesabat dövrü adlı bir tarix müəyyən olunur, hər ay istifadə etdiyiniz məbləği hesabat dövründən əvvəl karta geri qoysanız, heç bir faiz ödəmirsiniz, digər halda alış-verişlərinizə faiz hesablanması işə düşür və sizə hesablanmış faizləri ödəyə biləcəyiniz son tarix haqqında məlumat verilir, alış-veriş etdiyiniz gündən 25 gün az olmamaq şərti ilə.
- Cash back - nağd çıxarışlara aid edilmir, nağd çıxarılış üçün 5% komisyon tutulur. Nağd çıxarış limiti kredit limitinin tam həcmi qədər olmur. Məsələn kredit xətti 500 dollardırsa. nağd çıxarış limiti 200 dollardır.
Kredit verilməsindən imtina səbəbləri
- Gəlirlərin çox az olması
- Mövcud çekinq hesablarda mənfidə olmağınız, məsələn öncə qeyd etmişdim ki, çekinq hesabların komisyonları olur, hesabdan pulu tam çıxartmısınız, sonra da aylıq komisyonlar hesabı mənfiyə aparıb
- Kredit müracətlərinin çoxluğu - kredit müraciəti zamanı banklar kredit sisteminə sorğu göndərir, eyni bir müştəri haqqında fərqli banklar sorğu göndərsə belə bu sistemdə qeyd olunur və bu bankda sizin maddi çətinliyiniz olması haqqında fikir yaradır, bu halda növbəti kredit müraciəti etmədən öncə 2-3 ay gözləməyiniz tövsiyə olunur.
Məqalənin müəllifi: Könül Soltanova, San-Xose, Kaliforniya, ABŞ