Azərbaycanın ən böyük bankı, bank sektorunu lideri olan ABB-nin rəhbərliyində yeni təyinatlar həyata keçirilib.
FED.az xəbər verir ki, Bankın 27 may 2024-cü il tarixində qiyabi şəkildə keçirilən Səhmdarlarının Ümumi Yığıncağında digər qərarlarla yanaşı, İdarə Heyəti sədrinin səlahiyyət müddəti 3 il uzadılıb.
Bundan başqa, Müşahidə Şurasının tərkibi də növbəti müddətə təsdiqlənib və Şuraya 2 üzv əlavə edilib.
Müşahidə Şurasının yeni üzvləri Rüfət Əlimərdanov və Məcid Məmmədovdur. 1969-cu il təvəllüdlü Rüfət Əlimərdanov Azərbaycan Dövlət İqtisad Universitetində və Texas Universitetində təhsil alıb. 1997-ci ildən müxtəlif maliyyə institutlarında rəhbər vəzifələrdə çalışır. Rüfət Əlimərdanovun karyerasında maraqlı məqamlardan biri – onun vaxtilə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Ukrayna bölməsinin rəhbəri işləməsidir.
Müşahidə Şurasının digər yeni üzvü– 1981-ci il təvəllüdlü Məcid Məmmədovdur.
M.Məmmədov, BDU-nun, Azərbaycan Dövlət İqtisad Universitetinin və Varvik Biznes Məktəbinin məzunudur. 2005-ci ildən müxtəlif kommersiya qurumlarında, o cümlədən bank sektorunda çalışıb.
Qanunvericiliyin tələblərinə əsasən, təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra namizədlər öz vəzifələrinin icrasına başlayırlar.
Qeyd edək ki, ABB-nin Müşahidə Şurasına yeni üzvlərin qoşulmasından sonra hazırda bankın Müşahidə Şurasının 7 üzvü var.
Müşahidə Şurasına Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov sədrlik edir.
Ş.Mövsümov həm də Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiridir.
Müşahidə Şurasının üzvləri isə
Azərbaycan Respublikasının Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov
Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev
Azərbaycan Respublikası Baş nazirinin köməkçisi və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının katibi Fəxri İsmayılov, eləcə də yeni təyin olunun üzvlər - Rüfət Əlimərdanov və Məcid Məmmədovdur.