Azərbaycan Beynəlxalq Bankının (ABB) qeyri-faiz gəlirləri 451,5 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 111,3 milyon manat və ya 32,7% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatlarına istinadən xəbər verir.
Bankın qeyri-faiz gəlirlərinin artımında əsas rolu alınan haqq və komissiya gəlirləri oynayıb. Bu maddə üzrə gəlirlər bir ildə 66,1 milyon manat (28,6%) artaraq 296,5 milyon manata yüksəlib və cəmi qeyri-faiz gəlirlərinin 65,7%-ni təşkil edib.
Bankın gəlirlərində ən kəskin artım isə “Digər gəlirlər” maddəsində qeydə alınıb. Bu istiqamətdən gəlirlər bir ildə 31,7 milyon manat (79,7%) artaraq 71,5 milyon manata çatıb.
Eyni zamanda, ABB-nin xarici valyuta əməliyyatlarından xalis gəliri də 13,9 milyon manat (21%) artaraq 80,2 milyon manat olub.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə ABB-nin ümumi qeyri-faiz gəlirləri 340,2 milyon manat, o cümlədən komissiya gəlirləri 230,5 milyon manat, valyuta gəlirləri 66,3 milyon manat, digər gəlirlər isə 39,8 milyon manat təşkil edirdi.











