Azərbaycan Beynəlxalq Bankının (ABB) faiz gəlirləri 1 milyard 95,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 181,4 milyon manat və ya 19,8% artım deməkdir.
Bankın faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Belə ki, ABB-nin kreditlərdən əldə etdiyi faiz gəlirləri bir ildə 157,6 milyon manat (23,7%) artaraq 822,1 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz gəlirlərinin 75%-ni təşkil edir.
Bankın gəlirliliyində əhəmiyyətli artım göstərən digər istiqamət isə qiymətli kağızlardır. ABB-nin ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri bir ildə 36,2 milyon manat (25,7%) artaraq 176,9 milyon manata çatıb.
Bunun əksinə olaraq, bankın digər banklarda və maliyyə institutlarında yerləşdirdiyi depozitlərdən əldə etdiyi faiz gəlirləri isə 72 milyon manat təşkil edib.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə ABB-nin ümumi faiz gəlirləri 914,2 milyon manat, o cümlədən kreditlərdən gəlirləri 664,4 milyon manat, qiymətli kağızlardan gəlirləri 140,6 milyon manat, digər banklardakı depozitlərdən gəlirləri isə 94 milyon manat təşkil edirdi.











