Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun Autograph-ın təsisçisi Ramin Musayevə verdiyi müsahibəni təqdim edir.
Deyl Karneginin məsləhətlərindən biri odur ki, görüş zamanı həmsöhbətinizin kabinetinə nəzər salın, onun maraq dairəsini otaqda yerləşən əşyalardan təyin edə bilərsiniz. Kabinetdəki çoxsaylı avtomobil maketləri, suvenirlər, orijinal italyan retro avtomobilinin sükanı onun avtomobillərə olan böyük sevgisini əks etdirir. Digər tərəfdən incəsənətə, rəsm əsərlərinə və kitablara marağını da görmək olar.
R.M. Anar müəllim, avtomobillərə marağınız nə zamandan başlayıb?
A.Ə. Düşünürəm ki, hər bir insanda bəzi vərdişlər, nəyəsə maraq və həvəs artıq uşaqlıqdan formalaşır. Məndə də avtomobillərə maraq hələ yeniyetməlik dövründən var idi. Düzdür, həmin dövrdə bu, sadəcə bir uşaqlıq, yeniyetməlik həvəsi idi. Amma illər keçdikcə bu maraq daha da artaraq professional bağlılığa çevrildi.
R.M. Uşaqlıq arzunuz nə idi? Kim olmaq istəyirdiniz və bu arzuya çatmısınızmı?
A.Ə. Uşaqlıqda hərbçi olmaq, həmişə vətənə xidmət etmək istəyirdim. Düşünürəm ki, hərbi xidmət keçərkən, ordu sıralarında qulluq edərkən bu arzuma qismən də olsa çatdım. Bu gün isə vətənə xidməti hazırkı işlərimizlə davam etdirməyə çalışıram.
R.M. Bilirəm ki, həddindən artıq məşğulsunuz. Bəs vaxt tapıb avtomobil idarə edə bilirsiniz? Onu da qeyd edim ki, idmana olan həvəsiniz də hiss olunur.
A.Ə. Avtomobil idarə etməyi çox sevirəm. Sükan arxasında demək olar həm də istirahət edirəm. İmkan tapan kimi avtomobil idarə edirəm. İdmana marağım çox böyükdür, hər zaman məşğul oluram. Buna mütləq vaxt ayırmaq lazımdır. Çalışıram ətrafımdakı insanları, dostlarımı da idmana cəlb edim.
R.M. Sizin sevdiyiniz avtomobil markası hansıdır və səbəbi nədir?
A.Ə. Məncə, Avtomobil Federasiyasının rəhbəri kimi konkret avtomobil markasının adını açıqlamağım düzgün olmazdı. Amma hər zaman klassik avtomobillərə üstünlük vermişəm. Ümumiyyətlə, tarixi elementlərə, tarixi əhəmiyyət kəsb edən əşyalara həmişə marağım olub. Heydər Əliyev Mərkəzində klassik avtomobil sərgisinin təşkil edilməsində də tarixin yaşadılması amili böyük rol oynayıb.
Fransanın Müluz şəhərinin Avtomobil Muzeyi, Almaniyanın “Classic Remise” muzeyinin və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə 2015-ci ilin fevral ayında belə bir sərginin açılışı oldu. Ötən müddət ərzində çoxlu sayda ziyarətçilər, xarici qonaqlar, ölkəmizdə səfərdə olan dövlət başçıları və digər rəsmi nümayəndə heyətləri bu sərgiyə böyük maraq göstəriblər. Burada istehsal illəri üzrə avtomobil dizaynının təkamülünü görmək mümkündür.
Onu da qeyd edim ki, bu günədək Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda sərgilər açılıb, amma məhz avtomobil sərgisini yaş və digər kateqoriyalardan asılı olmayaraq, bütün insanları birləşdirən sərgi hesab etmək olar.
R.M. Azərbaycan Avtomobil Federasiyası yarandığı gündən aktiv fəaliyyət göstərir, avtomobil yarışları və digər tədbirlər təşkil olunur. Federasiyanın fəaliyyətində əsas məqsədlər nədən ibarətdir?
A.Ə. Əvvəla onu deyim ki, ölkəmizdə idmanın bütün sahələri üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi və qayğısı mövcuddur. Çoxsaylı idman yarışları keçirilir, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Dövlət tərəfindən aparılan idman siyasəti nəticəsində idmançılarımız bu yarışlarda böyük nailiyyətlər əldə edir. O cümlədən Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti, ölkəmizdə avtomobil idmanının inkişafı birbaşa Azərbaycan Prezidentinin nəzarətindədir.
Təbii ki, Azərbaycan Avtomobil Federasiyasının əsas hədəflərindən biri, ilk növbədə, bu istiqamətdəgörülən işlərə töhfə verməkdir. Məhz buna görə, federasiya öz fəaliyyətində yol hərəkəti təhlükəsizliyi məsələlərinə, avtomobil idmanının və avtomobil turizminin inkişafına, bu sahələrdə maarifləndirmə və sosial məsuliyyətin təbliğatına xüsusi diqqət yetirir. Federasiya müxtəlif növ avtomobil yarışları təşkil etməklə yanaşı, peşəkar idmançıların hazırlanmasına, onların beynəlxalq yarışlarda iştirakına dəstək verir.
Biz həmçinin beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançıların daha yüksək yarış seriyalarında iştirakını təmin etmək üçün işlər aparırıq. Eyni zamanda federasiyanın beynəlxalq əlaqələri, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) üzvü kimi bu qurum çərçivəsində fəaliyyəti genişlənməkdədir.
R.M. Azərbaycanda avtomobillərə maraq böyükdür, xüsusən də gənclər arasında. Bəzən onları «avtoş» adlandırırlar, çünki onlar avtomobillərində yol hərəkəti qaydalarını pozaraq, öz aralarında yarışırlar. Sizcə, bu şəxslərin potensialından necə istifadə etmək olar? Bəlkə onların arasında həqiqətən istedadlı gənclər var və avtomobil yarışlarında çempion ola bilərlər. Bir zamanlar Bentley Boys komandasını da məhz belə gənclər yaradaraq çempion olub, tarixə düşüblər.
A.Ə. Təəssüf ki, bir çox hallarda sürücülər avtomobili təhlükəli idarə edir, sürətə meyili göstərərək öz həyatlarını və piyadaların həyatlarını təhlükəyə atırlar. Qeyd edim ki, Azərbaycan Avtomobil Federasiyası müxtəlif avtomobil yarışları təşkil edir. Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə yeni kartinq mərkəzi istifadəyə verilib. Belə kartinq mərkəzlərinin sayını artırmağı düşünürük. Hazırda yarış trekinin yaradılması üzərində iş gedir.
Belə bir trekin inşasına böyük maraq var. Ümid edirik ki, yaxın zamanda avtomobil idmanı həvəskarlarına lazımi infrastrukturu təqdim edə biləcəyik. Bu, avtomobil idmanı həvəskarları üçün yeni imkanlar açır. Doğrudur, dünya praktikası onu göstərir ki, yarış infrastrukturunun yaradılması istiqamətində görülən tədbirlər avtomobil yollarında sürətli və təhlükəli idarəetmə hallarının əhəmiyyətli dərəcədə azalmasına xidmət edir.
Amma bunun üçün ən əsası – insanların, sükan arxasına keçən sürücülərin daxili yanaşması dəyişməlidir. Belə olarsa, özlərinin də, digər insanların da həyatlarını qorumuş olarlar. Bununla bağlı biz həm də müxtəlif fəaliyyət planları hazırlayır, sosial aksiyalar və maarifləndirici tədbirlər həyata keçiririk.
R.M. Ölkəmizdə əvvəlcə Baku City Challenge və artıq Formula 1 yarışları reallaşdı. Bunlar ölkə Prezidenti cənab İlham Əliyevin avtomobil idmanına verdiyi önəmi və olan marağını göstərir. Gələcəkdə FIA standartlarına cavab verən milli yarışlar olacaqmı?
A.Ə. İdmanın, o cümlədən avtomobil idmanının inkişafı, əhali arasında idman vasitəsilə sağlam həyat tərzinin təşviqi, gənc nəslin həm fiziki, həm mənəvi cəhətdən sağlam böyüməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində avtomobil idmanı yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qısa müddət ərzində ölkəmizdə müxtəlif avtomobil idmanı yarışları təşkil olunub. Artıq Bakı avtomobil idmanının zirvəsi hesab edilən Formula 1 yarışlarına ev sahibliyi edir. Belə bir mötəbər yarışların keçirilməsinin Azərbaycan üçün siyasi, iqtisadi və sosial önəmi var. Həmçinin, böyük yarışlar yerli avtomobil idmanının inkişafı üçün geniş platforma yaradır. Bu, istər ümumi marağın artması, istərsə də yerli kadrların hazırlanmasına böyük töhfədir.
Azərbaycan Avtomobil Federasiyası V1 Challenge Azerbaijan yarışlarını təşkil edir. Bu yarışlarda məhz yerli pilotlar iştirak edirlər. Gələn ildən etibarən bu yarışların mütəmadi çempionat formatında keçirilməsi nəzərdə tutulur. Offroad idmanı üzrə müxtəlif layihələr həyata keçirilir. Eyni zamanda bizim dəstəyimiz ilə pilotlarımız xaricdə keçirilən idman yarışlarına qatılır.
R.M. Formula 1 yarışının Bakıda keçirilməsi şəhərimizi Monakoya bənzədir.
A.Ə. Avroviziya, Avropa Oyunları, Formula 1 Azərbaycanı həm də dünyaya tanıtmaq üçün bir vasitədir. Bu da uğurla həyata keçirilir və turizmin inkişafına öz töhfəsini verir. Şəhərimiz çox gözəldir. Hətta, Formula 1 yayımını izləyərkən Bakını tam başqa rakursdan görüb, onun gözəlliyini hiss edirsən. Həm tarixi, həm də müasir abidələrimiz unikaldır və onları görən qonaqlar heyran olurlar. Yeni inşa edilən binalar isə tarixi tikililərlə yanaşı şəhərimizi müasirləşdirir.
Heydər Əliyev Mərkəzinin binasını dünya memarlığının möcüzəsi hesab etmək olar. Məşhur arxitektor Zaha Hadidin yaratdığı bu fantastik bina paytaxtımızın mənzərəsinə xüsusi ahəng qatdı. Bu yaxınlarda Hugo Boss şirkəti bizə müraciət edərək burada reklam çarxı da çəkdi. Yəni sevindirici haldır ki, Mərkəzin binası dünyada tanınır və artıq dünyada nüfuz qazanmış markaların diqqətini çəkir. Azərbaycana gələnlər isə vətənlərinə ölkə və xalqımız, qonaqpərvərliyimiz haqqında xoş təəssüratlarla dönürlər.
R.M. Hugo Boss reklamı sosial şəbəkələrdə çox böyük marağa səbəb oldu, hamı fəxrlə paylaşaraq, müsbət statuslar yazırdı.
A.Ə. Çəkiliş qrupu Azərbaycana gələndə Heydər Əliyev Mərkəzini, orada olan avtomobilləri görəndə heyran oldu. Məkanın arxitektur gözəlliyi və burada çəkiliş üçün unikal imkanlar, ekranda izlənilən son məhsula da parlaq görüntü verir.
Ümumiyyətlə, dünyanın bir sıra kanallarında yayımlanan məşhur verilişlərin Azərbaycanda apardıqları çəkilişlərə tərəfimizdən müvafiq dəstək göstərilir. Avtomobil Federasiyası həm müasir avtomobillər, həm offroad, həm də klassik avtomobilləri bu çəkilişlər üçün təqdim edir.
Bu günlərdə isə The Grand Tour şousunun aparıcısı Ceremi Klarkson öz heyəti ilə Azərbaycana gəldi. Onlar Gürcüstan və Azərbaycanın regionlarında, Bakıda çəkilişlər edir. Bu çəkilişlər də Avtomobil Federasiyasının dəstəyi ilə həyata keçirilir.
R.M. Elektromobillərə olan marağınızı bilirəm. Avtomobil Federasiyasının dəstəyi ilə həm də elektromobillər təşviq edilir. Amma hələ də gömrük vergiləri yüksək olduğundan elektromobillər çox baha başa gəlir və benzin, dizel avtomobilləri ilə qiymətinə görə rəqabət apara bilmir. Halbuki, məsələyə ekoloji tərəfdən ölkəmizə belə avtomobillərin sayının artması gərəklidir. Bu sahədə nə yeniliklər ola bilər?
A.Ə. Hazırda ətraf mühitin qorunması dünya qarşısında duran əsas məsələlərdəndir və bütün imkanlar ətraf mühitin, ekologiyanın qorunmasına yönəlib. Bu baxımdan elektrik avtomobilləri zərərli tullantısız, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri kimi gündəmdədir.
Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində elektrik avtomobilləri ilə bağlı innovativ ekoloji layihənin həyata keçirilməsinə başlanılıb. Bu çərçivədə həm də müxtəlif ünvanlarda istehlakçıların maliyyə xərci olmadan elektrik doldurma stansiyalarının qurulmasına dəstək veririk. Bu məntəqələrin regionlarda da quraşdırılması nəzərdə tutulur. Gömrük rüsumlarının azaldılması ilə bağlı məsələyə gəlincə, ümumilikdə elektrik avtomobillərinin geniş tətbiqi üzrə beynəlxalq təcrübə ətraflı öyrənilib və ölkəmizdə tətbiqinə dair tədbirlər planı hazırlanıb, müvafiq strukturlara təkliflər verilib.
Azərbaycan Avtomobil Federasiyasının prezidenti olaraq FIA-nın Ətraf Mühit və Dayanıqlılıq Komissiyasında təmsil olunmağım həm də bu sahədə apardığımız işlərin beynəlxalq təcrübəyə əsaslanmasına və yoxlanılmış modellərin tətbiq edilməsinə xidmət edir.
Doğrudur, elektrik avtomobillərinin qiymətləri hələ ki, bazarda digər avtomobillərlə müqayisədə yüksək olduğundan onlara geniş müraciət edilmir. Amma şəhərimizin küçələrində elektrik avtomobillərinin olması müsbət haldır və belə sürücülərə rəğbət istər-istəməz artır. Bu sahədə aparılan işlər sayəsində düşünürəm ki, gələcəkdə elektromobillər daha geniş yayılacaq. Çünki bu avtomobillər ekoloji təmiz olmaları ilə yanaşı, həm də insan həyatı üçün təhlükəsiz nəqliyyat vasitəsidir.
R.M. Heydər Əliyev Mərkəzində sərgidə nümayiş olunan klassik avtomobillərə böyük maraq var. Bu qədər klassik avtomobili toplamaq nə qədər zamana başa gəlib? Onlar ideal vəziyyətdədirlər və avtomobilsevərlərin diqqətini çox çəkir.
A.Ə. Qeyd edərdim ki, bu sərgi hazırlıq prosesinə görə ən uzun çəkən layihələrdən biridir. Klassik avtomobilləri toplayıb sərgidə bir araya gətirmək üçün bir neçə il ərzində işlər aparılıb. Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyası tərəfindən nümayiş olunan, tərəfdaşlarımızın və şəxsi kolleksiyaçıların layihə üçün təqdim etdikləri avtomobillər sərgilənir. Bu avtomobillərin hər biri öz modeli, dizaynı və tarixçəsi ilə diqqəti cəlb edir.
Amma təbii ki, eksponatları toplamaqla iş bitmir. Bu avtomobillər gündəlik xidmət tələb edir. Qeyd etdiyiniz kimi, avtomobillər ideal vəziyyətdədirlər. Avtomobillərə gündəlik xidmət edən mütəxəssislərdən ibarət xüsusi komandamız var. Klassik avtomobil sahibləri bu işin nə qədər diqqət və zəhmət tələb etdiyini daha yaxşı bilər.
Bu sərgi klassik avtomobillərə marağı artırdı. İnsanlar illərlə qarajlarda saxladıqları ötən illərin avtomobillərini bərpa edir, bizim ənənəvi təşkil etdiyimiz yürüşlərə qatılırlar. Bu avtomobil yürüşlərində iştirak insanlar tərəfindən bir bayram kimi qarşılanır. Onlar bu yürüşlər üçün xüsusi olaraq ötən illərin dəbinə uyğun geyimlər sifariş edir, avtomobillərində həmin illərin musiqilərini səsləndirir. Məncə bu gözəl ənənədir, həm tarixə olan hörmətdir, həm də tarixin yaşadılmasıdır.
R.M. Təəssüf ki, avtomobil yollarında vəziyyət o qədər də sevindirici deyil. Yol hərəkəti qaydalarına çox zaman riayət olunmur, qəzaların və yollardakı ölümlərin statistikası kədərləndirir. Federasiya bu istiqamətdə hansı işlər aparır?
A.Ə. Müsahibənin əvvəlində qeyd etdiyim kimi, yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsələlər fəaliyyətimizdə vacib istiqamətlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Dövlət başçısının FIA prezidenti Jan Todla görüşündə yol hərəkəti təhlükəsizliyi məsələsi də müzakirə mövzusu olub. Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Yol Hərəkəti Təhlükəsizliyi üzrə beşillik Dövlət Proqramı hazırlanıb.
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə hazırlanan Dövlət Proqramı üzrə işlərə müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlər cəlb olunub. Proqram layihəsi yol hərəkəti təhlükəsizliyi ilə bağlı mövcud yerli və beynəlxalq təcrübəni əsas götürərək, problemlərin həlli üçün ən effektiv kompleks tədbirləri özündə əks etdirir.Qeyd etmək istərdim ki, Proqramın hazırlanmasında 40-dan çox ölkənin təcrübəsi öyrənilib.
Proqramın əsas məqsədlərindən biri yol-nəqliyyat hadisələrində ölən və xəsarət alanların sayını, yol-nəqliyyat hadisələri nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı azaltmaqdır. Ümid edirəm ki, sənəd yaxın zamanlarda qəbul olunacaq və yol hərəkəti sahəsindəki durumun dəyişilməsinə təkan olacaq, mövcud qanunvericilikdəki müəyyən boşluqları da aradan qaldıracaq.
R.M. Gələcək nəslin yol təhlükəsizliyi üzrə hansı işlər aparılır? Xüsusi ilə də məktəblilərin məlumatlandırılması sahəsində.
A.Ə. Azərbaycan Avtomobil Federasiyasının bu sahədə mütəmadi həyata keçirdiyi proqramlar var. Heydər Əliyev Mərkəzinin Təhsil Nazirliyi ilə birlikdə təşkil etdiyi proqram çərçivəsində məktəblilərin Mərkəzə mütəmadi ziyarətləri təşkil olunur, onlar yol hərəkəti təhlükəsizliyi mövzusunda təlimlərdə iştirak edirlər. Proqram il ərzində 14-15 min şagirdi əhatə edir, onlara yol hərəkəti təhlükəsizliyi sahəsində vacib məqamlar canlı müzakirələr formatında çatdırılır.
Federasiya tərəfindən müxtəlif yaş kateqoriyalarına aid maarifləndirici nəşrlər hazırlanır, bir sıra beynəlxalq kampaniyalar çərçivəsində ölkəmizdə layihələr həyata keçirilir. Məsələn, FIA-nın “Uşaqları xilas edək”, “Təhlükəsiz məktəb yolları” və “Uşaqlar üçün sürəti azalt” kimi layihələrini qeyd etmək olar. Bu ilin iyun ayında isə #3500Həyat adı altında keçirilən beynəlxalq yol hərəkəti təhlükəsizliyi kampaniyası çərçivəsində tərəfimizdən “Uşaqlar üçün sürəti azalt” layihəsinə başlanılıb.
Formula 1 yarışı ərəfəsində regionlarda avtomobil idmanı üzrə çempionatlar təşkil olunur. Bu layihə ötən il maraqla qarşılandı və bununla da Formula 1 yarışı təkcə Bakını deyil, regionları da əhatə etdi, regionlardan seçilən qalib məktəblilər Bakıda Formula 1 günlərində mükafatlandırıldı və onlar yarışları canlı izləyə bildilər.
Eyni zamanda uşaqlara yol hərəkəti qaydalarını öyrənməyə kömək edəcək avtoşəhərciyin layihələndirilməsi üzrə işlər aparılır. Bu tip şəhərciklər bir çox ölkələrdə var və uşaqlara yol hərəkəti qaydalarını interaktiv formada öyrətmək imkanı yaradır, kiçik yaşlarından onlarda yol hərəkətindəki məsuliyyət dərəcəsini aşılayır.
R.M. AAF-nın gələcək planları haqqında nə deyə bilərsiniz?
A.Ə. Azərbaycan Avtomobil Federasiyası FIA-nın üzvü kimi beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Avtomobil Federasiyasının prezidenti kimi FIA-nın müxtəlif komissiyalarında, işçi qruplarında və toplantılarında iştirak effektiv təcrübə mübadiləsinə imkan verir.
Biz yol hərəkəti təhlükəsizliyi ilə bağlı ən uğurlu modelin Azərbaycanda tətbiq olunacağına ümid edirik. Eləcə də bir sıra beynəlxalq layihələr çərçivəsində tədbirlərimiz davam edəcək. Bu layihələr yol hərəkəti təhlükəsizliyi və ölkəmizdə avtomobil idmanının inkişafına yönəlib.
Onu da demək istəyirəm ki, müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda iştirak edərkən digər ölkələrdən olan həmkarlarımız Azərbaycanda avtomobil idmanına verilən dövlət dəstəyindən qibtə ilə danışırlar. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avtomobil idmanına bu qədər diqqət və qayğı ilə yanaşır. Mən avtomobil idmançıları adından möhtərəm prezidentimizə bu diqqət və dəstəyə görə təşəkkür edirəm.
R.M. Sizə Heydər Əliyev Fondunun icraçı direktoru kimi müraciət etmək istəyirəm. Fondun son maraqlı layihələrindən ən çox diqqətimi çəkən Bakı Kitab Mərkəzi oldu. Açılışdan sonra orada oldum. Möhtəşəm yerdir, oradakı kitablar diqqətimi çəkdi, özəlliklə Azərbaycan dilində olanlar.
A.Ə. Bu layihə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın çoxdankı arzusu idi. Məqsəd, kitablara marağın artırılması idi. Qərar qəbul olundu, Mehriban xanımın nəzarəti ilə təşkilat komitəsi yaradıldı. Araşdırmalar apardıqdan sonra şəhərin mərkəzində 2500 kv.m. sahədə 40 mindən çox nəşri olan kitab mərkəzi maraqlı konsepsiya əsasında quruldu. Bu hələ başlanğıcdır. Tələbat öyrənilərək yeni nəşrlər də gətiriləcək.
Mərkəzə gənclərin axınını görəndə çox sevinirik. Vaxtımın bir hissəsini Kitab Mərkəzində keçirdiyimdən ziyarətçilərin kitaba olan marağını izləyə bilirəm. İnsanlar həvəslə gəlib kitab alır, orada saatlarla oturub mütaliə edirlər. Qiymətlər də münasib edillib ki, hər kəs əldə edə bilsin. Orada kafe, suvenir şöbəsi və mütaliə üçün məkanlar var, fiziki qüsuru olanlar üçün xüsusi şərait yaradılıb. Kitab Mərkəzində həm də maraqlı tədbirlər, görüşlər keçirilir.
R.M. Çox zaman sosial şəbəkələrdə selfi üçün mərkəzə gedənlərə istehza edilir ki, oxumağa və almağa yox, trend olaraq şəkil çəkdirməyə gedirlər.
A.Ə. Bu normal haldır. Kimsə orada kitab oxumaqdan zövq alır, kimsə şəkil çəkdirməkdən. Müasir zaman selfisiz mümkün deyil. Hətta, parklar yaradanda Selfie Point nöqtələrini yerləşdirməyi düşünürük.
Kitab mərkəzində smartfonlara şəkil çəkmək sərbəstdir, lakin professional kamera ilə çəkilişlərə qadağa var. Bunun da səbəbi odur ki, sui-istifadə edərək orada reklam çəkilişləri edirdilər. Buna da etirazımız yoxdur, lakin əvvəlcədən müraciət olunmalı və razılaşdırılmalıdır. Əsas odur ki, digər ziyarətçilərə maneçilik törədilməsin.
Bakı Kitab Mərkəzində hər hansı bir nəşrlərin təqdimatını sərbəst etmək olar. Bizə əcnəbi yazıçılar belə müraciət edirlər. Sosial şəbəkələrdə olan status və şərhləri oxuyanda sevinməmək olmur - belə bir mərkəzin yaradılmasına çox əmək sərf edilibdir. Əməyimizin ziyarətçilər tərəfindən yüksək qiymətləndirilməsi sevindiricidir.
R.M. Mənim ilk diqqət yetirdiyim, orada Azərbaycan dilində kitablar üçün ayrıca şöbənin olmasıdır. Bu, sevindirici haldır.
A.Ə. Təəssüf ki, Azərbaycan dilində kitablar azdır. Gənc yazıçılar son dövrdə ümidsiz yaşayırdılar. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın son dövrdə keçirdiyi poeziya tədbirləri də buna bir təkan oldu, yazıçılar üçün bir platforma yaradıldı. Gənclər bir araya gəlib, müzakirələr edirlər. Planlaşdırırıq ki, Bakı Kitab Mərkəzi həm də Azərbaycan dilində yeni nəşrlər çap edib, təqdimatlarını keçirsin.
Bir məqamı da deyim, Bakıda musiqi notları tapmaq çox müşkül məsələyə çevrilmişdi. İnternetdə belə onlar məhdud saydadır. Biz Bakı Kitab Mərkəzində həm də not və partituralar satılan bölmə yaratdıq. Hətta dahi bəstəkarların əsərlərini yenidən çapa verilməsi və burada satışının təşkili üzərində iş gedir. Bu gəlir əldə etmək üçün deyil, tələbatı təmin etmək üçündür. Xalqımıza və vətənimizə layiqincə xidmət üçün gələcəkdə belə layihələri davam etdirəcəyik.