Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı ilə bağlı biznes ideyaları olan 35 yaşadək Azərbaycan vətəndaşlarını Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştiraka dəvət edir. FED.az xəbər verir ki, İştirak üçün http://amal.gov.az/az/members/ səhifəsindəki formanı doldurmaq və əlaqə üçün şəxsi məlumatları yerləşdirmək lazımdır. Müraciətlər fevralın 15-dək qəbul ediləcək.
Layihə mütəxəssisləri müraciət edən və seçim şərtlərinə uyğun gələn bütün şəxslərlə görüşəcəklər. Görüşlərdən sonra iştirakçılar hazırlıq səviyyələrinə və istəklərinə uyğun olaraq yönləndiriləcək. İştirakçılara biznes ideyalarının icra edilə biləcək plan halına salınması və reallaşdırılması istiqamətində dəstək veriləcək.
Eləcə də bax: Yeni agentliyə direktor - TƏYİN OLUNDU
AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kənd yerlərində yaşayan gənclərin məşğulluğuna yönəlmiş layihəsidir. Layihənin əsas məqsədlərindən biri də innovativ aqrar layihələrin tapılıb dəstəklənməsidir. Layihə aqrobiznes ideyalarını reallaşdırmaq məqsədilə gəncləri lazım olan bilik və vəsaitlə təmin etməyə hədəflənib.
AMAL ilə bağlı suallara amal.gov.az saytından və [email protected] elektron poçtu vasitəsilə cavab almaq olar.