Azərbaycanda kənd təsərrüfatı məhsullarının yerli istehsalını artırmaq üçün subsidiya mexanizmlərinə yenidən baxılması təklif olunur.
“Aqromarket Servis”: «Subsidiya mexanizmi işləməsə, yerli istehsal təşviq edilməsə, yerli şirkətlərin inkişafı mümkün deyil” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu təklifi “Aqromarket Servis” MMC-nin direktoru Ramazan Karaşahin FED.az-a müsahibəsinidə səsləndirib.
Onun sözlərinə görə, dövlət dəstəyi yalnız xaricdən gətirilən məhsulların alınmasını deyil, Azərbaycanda toxum, gübrə və kənd təsərrüfatı avadanlıqlarının istehsalını da təşviq etməlidir:
“Əgər xaricdən hər hansı toxum, dərman və ya gübrə gətirib yerli bazarda eyni qiymətə sataraq valyutanı xaricə daşıyırsınızsa, bu, yalnız bu günü xilas etməkdir, gələcəyi deyil. Əgər ölkənin və kənd təsərrüfatının gələcəyini, təməllərini qorumaq istəyiriksə, mütləq şəkildə subsidiya mexanizmini yerli istehsalçıya yönəltməliyik. Faiz dərəcəsini dövlət özü müəyyən edə bilər – 1 faiz, 5 faiz və ya 10 faiz ola bilər – lakin bu şəkildə bir fərqlilik yarada bilərik”.
“Subsidiya mexanizmi işləməsə, yerli istehsal təşviq edilməsə, yerli şirkətlərin inkişafı mümkün deyil”, – deyə şirkət rəhbəri bildirib.
R.Karaşahin hesab edir ki, yerli məhsullara əlavə subsidiya üstünlüyü verilməsi daxili istehsalın genişlənməsinə kömək edə bilər.
Onun fikrincə, bu üstünlük 1%, 5% və ya 10% səviyyəsində müəyyən edilə bilər. Konkret dərəcəni isə dövlət seçməlidir.
Şirkət rəhbəri bildirib ki, idxal məhsullarının satışına əsaslanan model ölkənin xarici bazarlardan asılılığını davam etdirir.
İş adamının sözlərinə görə, hazırda Azərbaycanda gübrə bazarında yerli istehsalat təxminən 20 faiz paya malikdir: Bu 20 faizlik payın daxilində isə 90 faizlik pay bizə məxsusdur. Yəni bu payın 90 faizini yalnız biz təmin edirik, yerdə qalan 10 faizi isə digər şirkətlərin payına düşür».
O, yerli istehsalla yanaşı, aqrar sahədə kadr hazırlığının, torpaq analizlərinin və fermerlərin maarifləndirilməsinin də gücləndirilməsini vacib sayıb.













