Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu.
Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlər artdığı halda, məişət avadanlıqlarının alınması və digər istehlak kreditləri üzrə faizlər azalıb.
Azərbaycanda banklardan hər ay 400 milyon – KREDİT GÖTÜRÜLÜR
FED.az Azərbaycan Mərkəzi Bankının 30 sentyabr 2026-cı il tarixinə açıqladığı istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatları 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisə edib.
Məlumata əsasən, 2026-cı il sentyabrın 30-na kredit kartları vasitəsilə verilən kreditlər üzrə sektorun orta illik faiz dərəcəsi 27% təşkil edib. Bu göstərici 2025-ci ilin sentyabr ayının sonunda 25% olub. Beləliklə, bir il ərzində kredit kartları üzrə orta faiz dərəcəsi 2 faiz bəndi yüksəlib.
Eyni zamanda, 2025-ci ilin dekabr ayının sonunda kredit kartları üzrə orta faiz dərəcəsi 26% təşkil edib. Bu isə 2026-cı ilin ilk doqquz ayı ərzində də 1 faiz bəndi artımın baş verdiyini göstərir.
Avtomobil kreditləri üzrə də bahalaşma müşahidə olunub. Belə ki, 2025-ci ilin sentyabr və dekabr aylarının sonunda bu kreditlər üzrə orta faiz dərəcəsi 13% olduğu halda, 2026-cı ilin sentyabr ayının sonunda 14%-ə yüksəlib.
Digər istehlak kreditləri üzrə isə əks tendensiya qeydə alınıb. Bu kateqoriya üzrə orta faiz dərəcəsi 2025-ci ilin sentyabr ayının sonunda 21%, dekabrın sonunda 22% olduğu halda, 2026-cı ilin sentyabr ayının sonunda 20%-ə enib. Beləliklə, faizlər illik müqayisədə 1 faiz bəndi, 2025-ci ilin sonu ilə müqayisədə isə 2 faiz bəndi azalıb.
Məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə orta faiz dərəcəsi də aşağı düşüb. Ötən ilin sentyabr və dekabr aylarının sonunda 26% təşkil edən göstərici bu ilin sentyabr ayının sonunda 25%-ə geriləyib.
Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə isə illik müqayisədə dəyişiklik baş verməyib. Həm 2025-ci ilin, həm də 2026-cı ilin sentyabr ayının sonunda bu kreditlər üzrə orta faiz dərəcəsi 17% olub. Bununla belə, 2025-ci ilin dekabr ayının sonundakı 18%-lik göstərici ilə müqayisədə 1 faiz bəndi azalma qeydə alınıb.















