Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütünqurutma müəssisəsinə yaponiyalı investor tərəfindən 2,2 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.
Eləcə də bax: İş adamı: "Xarici siqaretlər bu tütündən buraxılır, ixrac edirik"
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a verilən məlumata görə, müəssisəsə tərəfindən artıq ilk məhsul tədarükünə başlanılıb. Xarici investisiya əsasında qurulan müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması müasir texnologiyalara uyğun olaraq həyata keçirilir.
Hazırda müəssisədə 26 nəfər işlə təmin edilib.
Müəssisənin Qəbələ, Oğuz və Tovuz rayonlarında olan 210 hektar tütün təsərrüfatının növbəti illərdə Şəki, Zaqatala, Qax və Balakən rayonları da daxil olmaqla 900 hektara çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, KOBİA tərəfindən investora müəssisənin Oğuz rayonunda qurulması və fəaliyyətinin genişləndirilməsi, dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istiqamətlərində dəstək və xidmətlər göstərilib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsumlarından azad edir.