Bir həftədən çoxdur Şəkidə ət kəsimi ilə bağlı ciddi problemlər yaranıb. Qəssablar ət kəsimini dayandırıb tətil elan ediblər. Səbəb isə Şəki şəhərində və kəndlərində ət kəsiminin yeni istifadəyə verilmiş ət kəsimi məntəqəsinə yönləndirilməsi olub ki, qəssablar da buna etiraz ediblər. Məsələ ilə bağlı Şəki şəhərində uzun zamandır qəssab işləyən və adının çəkilməsini istəməyən şəxs saytımıza açıqlama verərək bildirib ki:
“Bir neçə gün öncə Şəkidə tətil edən qəssablar onlara edilən hədə-qorxudan sonra artıq tətili dayandırıblar. Tətildə 100 yaxın qəssas iştirak edib. Biz yeni yaradılan ət kəsimi məntəqəsindən narazıyıq. Orda işləmək olmur. Əgər əvvəl bir heyvan üçün 1 manat ödüyürdüksə indi 4 manat ödəməliyik, orada işləmək üçün əlavə yer pulu ödəməliyik. Heyvanı alıb ora aparmaq əlavə xərclər tələb edir. Bir sözlə bizə heç bir qazanc qalmır. Mən artıq neçə gündür işləmirəm və mənə 300-400 manatlıq ziyan dəyib. Onlarla oturub danışdıq amma bizimlə razılaşmadılar Bu peşə mənə ulu babamdan qalıb. Biz bildiyimiz kəsinti məntəqəsinin 150 metr arasında heçnə tikinti olmamalıdır. Amma yeni tikilən ət məntəqəsinin yanında “çörək zavodu” qarşında marketlər, kafelər var. Bu heç bir standartlara uyğun deyil. Həm də orada malı kəsmək üçün uzun növbə olur, çatdıra bilmirlər. Mən öz malımı kəsməkdən ötrü həm özümlə qəssab aparmalıyam, həm onların qəssabına pul verməliyəm və əlavə olaraq yer pulu ödəməliyik. Bu bizə heç bir halda sərf eləmir.
Məsələ ilə bağlı AQTA ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Aysel Fərziyeva FED.az saytına açıqlama verərərək bildirib ki:
“Qəssablar heyvan kəsimi məntəqəsindəki qiymətlərdən və həmin məntəqənin gücünün az olmasından narazıdırlar. Həmin heyvan kəsimi məntəqəsi isə özəl sahibkarlıq müəssəsidir. Yəni ordakı qiymətləri bizim agentlik tənzimləmir. Orda neçə baş heyvanın kəsilib-kəsilməməsi kimi məsələlər sahibkarlara aid olan məsələdir. Dövlət rüsumu haqqında qanuna görə AQTA-nın orda fəaliyyət göstərən baytarları qanun çərçivəsində iri buynuzlu heyvana görə 5 manat xırdabuynuzlu heyvana görə 4 manat ödüyürlər. Amma orda göstərilən xidmətlər ki var heyvanın daşınması, kəsilməsi, soyulması və.s məsələlər heyvan kəsimini məntəqəsinin təklif etdiyi qiymətlərdir və bu qiymətləri də onlar müəyyən edir. Onu da qeyd edim ki, Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, metodiki köməklik almaq üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda bir neçə qəssab birləşərək standartlara uyğun kəsim məntəqəsi yarada bilərlər”.
Kəsim məntəqələri yaşayış yerindən 150 metr kənarda yerləşməlidir. Şəkidəki kəsim məntəqəsi parka yaxındır. AQTA bununla bağlı məlumatlıdırmı?sualımıza isə cavab olaraq bildirildi ki:
“Bununla bağlı olaraq artıq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kəsim məntəqəsinin sahibinə xəbərdarlıq edilib. Sahibkar müəssisənin həmin ərazidə yerləşməsinə səbəb kimi orada anti-sanitar şəraitdə heyvan kəsiminin qarşısını müvəqqəti olaraq almaq və ilkin mərhələdə məntəqənin yaxınlığında heyvan kəsimi ilə məşğul olan vətəndaşların cəlb edilməsini asanlaşdırmaq istədiyini əsas gətirib. Bildirib ki, yaxın vaxtlarda kəsim məntəqəsi qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğunlaşdıracaq.
Həmçinin Agentlik tərəfindən məsələ ilə bağlı yerli icra orqanlarına məlumat verilib. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirir”.
Məlumat üçün bildirək ki, AQTA əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün qanunvericiliyin tələblərinə əməl etməyə və heyvan kəsimi ilə məşğul olan şəxsləri qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun olmalıdır fikrini bildirsə də, bu haqda bizə heç bir normativ və sənədləri göstərmədi. Bir neçə dəfə cəhd etməyimizə baxmayaraq sualımız cavabsız qaldı.
Şəkidəki qəssablar ət kəsimi məntəqəsindəki şəraitdən və qiymətdən narazıdır
11:50
9 Aprel 2019