Son illər Qəbələdə 2000 hektardan çox yeni fındıq bağları salınıb, mövcud bağların sahəsi 7069 hektara çatıb. 2019-cu ildə rayonda 8,7 min ton fındıq tədarük edilib, məhsul satışından 26 milyon manatdan çox gəlir götürülüb, fındıq tədarükünə 20 min nəfərdən çox işçi cəlb olunub.
Eləcə də bax: Azərbaycanda fındıq satanlar - 115 MİLYON DOLLAR QAZANIBLAR
FED.az xəbər verir ki, bunu Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Səbuhi Abdullayev bildirib ki, tədarük olunan fındıq Qəbələ fındıq zavodunda emal olunaraq İtaliya, Almaniya və Rusiyaya ixrac edilib.
Onun sözlərinə görə, Qəbələdə fəaliyyət göstərən digər sənaye müəssisələrində istehsal olunan məhsullar dünyanın 27 ölkəsinə göndərilir.
Ən yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş “AzRose” MMC-nin qızılgül istixanasında isə 2 milyon manat dəyərində təqribən 5 milyon ədəd qızılgül yetişdirilərək yerli bazara çıxarılıb.
Azərtac