Hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biridir. Kənd təsərrüfatı dedikdə, ilk növbədə əkin sahələri nəzərdə tutulur. Buna görə də, sərfəli məhsul əldə etmək üçün torpağı tanımaq, ona qulluq etmək xüsusi diqqət tələb edir.
Fermerlər məhsulunu girov qoyub kredit ala biləcəklər - NAZİRDƏN AÇIQLAMA
Kənd təsərrüfatının inkişaf etdirilməsi bu sahədə yeni şirkətlərin yaranmasını və kadr hazırlığı məsələsini aktuallaşdırır. Hazırda Azərbaycanda bu sektorda fəaliyyət göstərən şirkətlər kifayət qədər çox deyil.
FED.az biznes və maliyyə xəbərləri portalı kənd təsərrüfatının inkişafına diqqətin artırılması fonunda bu məsələləri “Aqromarket Servis” MMC-nin direktoru Ramazan Karaşahin ilə müzakirə edib.
- Ramazan bəy, “Aqromarket Servis” MMC-nin fəaliyyətinə nə aiddir? Hansı işləri həyata keçirirsiniz?
- Bizim “Aqromarket Servis” şirkətlər qrupumuz, kənd təsərrüfatında həm damcı suvarma stansiyası, həm toxumçuluq stansiyası, həm zavodumuz, həm əkin sahələrimiz, həm pivot suvarma, həm də damla suvarma sahəsində fəaliyyətimiz var.
Hal-hazırda Azərbaycanda 20 illik təcrübəmiz mövcuddur. Azərbaycan torpaqlarını A-dan Z-yə analiz edən və bunları izləyən laboratoriyamız var. Biz torpaqların keyfiyyətini müəyyən edib, ona uyğun rəy verərək nəticəyə əsasən resept yazan bir şirkətik.
- Ramazan bəy, məhsullarımız, yəni istehsal olunan və yetişdirilən məhsullar daxili bazara, yoxsa ixracata yönəlib?
- Hədəf ixracatdır, lakin hazırda daxili bazardayıq. Ayın sonuna yaxın Özbəkistanda olacağıq. Daha əvvəl Qazaxıstana qeydiyyatlar üçün getmişdik. Oradakı sınaqlarımız və testlərimiz davam edir. Ümid edirəm ki, uğurlu olsaq, qarşıdakı illərdən etibarən xarici bazarlara, Orta Asiya türk dövlətlərinə çıxacağıq.
- İstehsalımız tələbatımızın neçə faizini qarşılayır?
- Gübrə sahəsində yerli istehsalat hazırda bazarın təxminən 20 faizinə bərabərdir. Bu 20 faizlik payın daxilində isə 90 faizlik pay bizə məxsusdur. Yəni bu payın 90 faizini yalnız biz təmin edirik, yerdə qalan 10 faizi isə digər şirkətlərin payına düşür.
Ancaq yaxın gələcəkdə - 2030-cu ildən sonra ölkənin ehtiyacının 150 faizindən çoxunu özümüz qarşılaya bilərik. Onsuz da dövlətdən tələb etdiyimiz əsas məsələ yerli istehsalat üçün subsidiya mexanizminin yaradılmasıdır. Bu mexanizm işləmədiyi və yerli istehsalat təşviq edilmədiyi müddətcə yerli şirkətlərin inkişafı mümkün deyil.
Əgər xaricdən hər hansı toxum, dərman və ya gübrə gətirib yerli bazarda eyni qiymətə sataraq valyutanı xaricə daşıyırsınızsa, bu, yalnız günü xilas etməkdir, gələcəyi deyil. Əgər ölkənin və kənd təsərrüfatının gələcəyini, təməllərini qorumaq istəyiriksə, mütləq şəkildə subsidiya mexanizmini yerli istehsalçıya yönəltməliyik. Faiz dərəcəsini dövlət özü müəyyən edə bilər – 1 faiz, 5 faiz və ya 10 faiz ola bilər – lakin bu şəkildə bir fərqlilik yarada bilərik.
- Ramazan bəy, son zamanlar kənd təsərrüfatında pivot suvarma sistemindən geniş şəkildə istifadə olunmağa başlanılıb. Bizdə bu sistem yenidir, bu sahədə hazırkı vəziyyət necədir?
- İlk pivot suvarma sistemlərini Azərbaycana biz 20 il əvvəl gətirdik. Lakin dövlət bu subsidiya və pivot suvarma sistemlərinə 2016-cı ildən sonra diqqət ayırmağa başladı.
Burada məsələ təkcə su qənaəti deyil, həm də torpaqların qorunmasıdır. Torpağın sıxlaşmasının qarşısını alırsınız, torpağın ömrünü uzadırsınız, torpaqdakı mikroorqanizm fəaliyyətini dəstəkləyirsiniz. Əks təqdirdə, kimyəvi gübrələrlə və ənənəvi suvarma üsulları ilə torpağın hava, su və oksigen balansını pozduqda məhsuldarlıq aşağı düşür.
- Balansın pozulması məhsuldarlığa necə və hansı formada təsir edir?
- Bəxın, torpaqda təxminən 33 faiz hava, 33 faiz su və lazımi oksigen balansı olmalıdır ki, bitki kökləri inkişaf edə bilsin. Əgər biz ənənəvi salma suvarma üsulundan istifadə etsək, torpaqdakı həmin hava boşluqlarını suyla doldurmuş oluruq ki, bu da köklərin inkişafına mane olur, göbələk xəstəliklərinə, kök çürüməsinə və kök xərçənginə səbəb olur. Sonra isə özümüzdən soruşuruq ki, niyə məhsuldarlıq aşağı düşür və ya bitkilər niyə xəstələnir? Çünki biz öz əlimizlə torpağı və bitkinin kök sistemini məhv edirik.
Buna görə də ölkənin gələcəyini düşünürüksə, mütləq şəkildə müasir suvarma sistemlərinə keçməliyik. Bunların həm də ölçülə bilən xüsusiyyətləri var. Verdiyiniz suyun miqdarını sayğacla (flowmeter) ölçə bilirsiniz: neçə kubmetr su verdiniz, neçə ton su sərf olundu? İki gün sonra həmin suyun gilli və ya qumlu torpaqda yararlı olub-olmadığını dəqiq bilə bilirsiniz.
- Ramazan bəy, hazırda torpaqların neçə faizi bu suvarma sisteminə keçib və ən çox hansı bitkilərdə istifadə olunur?
- Hazırda müasir suvarma sistemlərinin payı təxminən 8-10 faiz ətrafındadır. Damla suvarma ilə birlikdə bu rəqəm həmin aralıqdadır. Lakin bu, kifayət deyil. Çünki Azərbaycan torpaqları əsasən iki xüsusiyyətə malikdir: birincisi, daban suyu yüksəkdir, ikincisi isə gilli torpaqlardır. Açıq sahələrimizin əksəriyyəti gilli torpaqlardan ibarətdir. İstixanaları bura aid etmirəm, çünki istixanalarda istədiyiniz torpağı gətirə və ya kokopitdən istifadə edə bilərsiniz.
- Torpaqların gilli olması məhsuldarlığa necə təsir edir?
- Azərbaycanda təxminən 7 min hektar istixana sahəsi var, onları kənara qoysaq, açıq sahələrimizin əksəriyyəti gilli torpaqlardır. Gilli torpaqlarda su tutma qabiliyyəti çox yüksək, infiltrasiya (su sızması) isə çox azdır. Gil zərrəcikləri ən kiçik hissəciklərə sahib olduğu üçün ətrafındakı su elementlərini sıx şəkildə tutur və buraxmır. Quruyanda daş kimi sərtləşir, su dəydikdə isə palçıq kimi yapışır. Buna görə də bitkinin köklərinin həmin torpaqdan suyu çəkməsi çətinləşir. Siz gübrə versəniz belə, həmin gübrənin nə qədərinin gil tərəfindən udulduğunu və nə qədərinin bitkiyə keçdiyini dəqiq bilmək çətindir.
Buna görə də bu cür torpaqlara uyğun yanaşma tərzi tətbiq etməli, lazım gəldikdə yarpaqdan qidalandırma üsulundan istifadə etməliyik. Əgər bitki kökdən qida ala bilmirsə, xəstələndikdə insana damardan dərman vurulduğu kimi, bitkiyə də yarpaqdan qida verilməlidir.
- Ramazan bəy, hazırda bu sektorda hansı problemlər var və sizin təklifləriniz nədən ibarətdir?
- Əsas məsələlərdən biri kadr hazırlığı və yerli məhsulların istehsalına verilən dəstək mexanizmləridir. Təkliflərimiz olduqca sadədir: ölkə daxilində yerli toxum, gübrə və kənd təsərrüfatı aqreqatlarının istehsalı üçün insanlara təşviq mexanizmləri yaradılmalıdır. Belə olarsa, həmin şəxslər hər il öz istehsalatlarını daha da inkişaf etdirəcəklər. Lakin siz subsidiyanı yerli istehsalçıya deyil, xaricdən gələn məhsullara yönəltsəniz, həm daxili bazar xaricdən asılı vəziyyətə düşəcək, həm də yerli istehsal inkişaf etməyəcək.
- Hazırda bu sahədəki problemlərdən biri, kənd təsərrüfatı üçün yararlı ekspertlərin azlığıdır. Aqrar sahədə fəaliyyət göstərən şirkət kimi bu qıtlığı hiss edirsinizmi və bu problemin həllini necə görürsünüz?
- Kadrların təhsili və maarifləndirilməsi, torpaqlara düzgün yanaşma tərzinin formalaşdırılması, torpaq analizinin sadəcə kağız üzərində deyil, real şəkildə aparılması və nəticələrinə uyğun tədbirlərin görülməsi bizim təkliflərimiz arasındadır.
Əgər bu addımları atsaq, Azərbaycanda qısa müddət ərzində özünü təmin edən və ixrac edən ölkə vəziyyətinə gələ bilərik. Necə ki, 2017–2018-ci illərdə meyvəçiliyə üstünlük verilməsini tövsiyə edirdik və bu gün artıq həm yaş, həm də quru meyvə ixrac edə biliriksə, düzgün dövlət və özəl sektor əməkdaşlığı ilə 2030-cu ildən sonra açıq sahə kənd təsərrüfatında da eyni uğuru əldə edə bilərik.
- Ətraflı məlumat üçün çox sağ olun, Ramazan bəy, təşəkkür edirəm.













