Azərbaycan Prezidenti İlham Əliyev tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, oktyabrın 26-da imzalanmış sərəncama əsasən, Komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edəcək.
Komissiyanın əsas vəzifəsi tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi prosesində yaranan gecikmələrin aradan qaldırılması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və inzibati prosedurların sadələşdirilməsi üçün təkliflərin hazırlanmasıdır.
Sərəncama əsasən, Komissiya dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrası zamanı mövcud prosedurları, icra müddətlərinə riayət olunmasını və gecikmələrin səbəblərini təhlil edəcək.
Həmçinin dövlət qurumlarına daxil olan tikinti layihələri ilə bağlı müraciətlərə qanunvericilikdə müəyyən edilmiş müddətlərdə baxılmasına nəzarət olunacaq.
Tikinti icazələri və investisiya mexanizmləri yenidən nəzərdən keçiriləcək
Komissiyaya altı ay müddətində bir sıra istiqamətlər üzrə təkliflər hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb. Bu təkliflər tikinti layihələrinin razılaşdırılması, icazələrin verilməsi və digər inzibati prosedurların sadələşdirilməsini, mərhələlərin və müddətlərin optimallaşdırılmasını əhatə edəcək.
Bundan əlavə, özəl sektorun vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinə investisiyaların stimullaşdırılması üçün beynəlxalq təcrübəyə uyğun yeni alətlərin və təşviq mexanizmlərinin hazırlanması nəzərdə tutulur.
Xüsusilə rəqəmsal alətlərdən istifadə etməklə tikinti layihələri üzrə açıq, şəffaf və rəqabətli mexanizmlərin yaradılmasına dair təkliflər veriləcək.
Komissiya dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin smeta-normativlərinin, qiymətqoyma mexanizmlərinin və resurs metodunun təkmilləşdirilməsi istiqamətində də təkliflər hazırlayacaq.
Tikinti icazələri üçün vahid məlumat bazası nəzərdə tutulur
Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tikintiyə icazələrlə bağlı mövcud dövlət informasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırılıb.
Nazirlik altı ay ərzində tikinti icazələri üçün zəruri məlumatların vahid məlumat bazasında toplanması, dövlət qurumları arasında elektron məlumat mübadiləsinin gücləndirilməsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı təkliflərini Komissiyaya təqdim etməlidir.
Bu tədbirlər tikinti layihələrinin razılaşdırılması prosesində məlumat mübadiləsinin sürətləndirilməsinə və inzibati maneələrin azaldılmasına yönəlib.
Komissiyanın tərkibinə 17 dövlət qurumu və təşkilatının nümayəndəsi daxil edilib
Komissiyada iqtisadiyyat, maliyyə, nəqliyyat, fövqəladə hallar, ekologiya, kənd təsərrüfatı, səhiyyə və mədəniyyət sahələri üzrə nazir müavinləri, habelə digər dövlət qurumlarının rəhbər şəxsləri təmsil olunacaqlar.
Tərkibə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Su Ehtiyatları Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərenerji”, “Azərişıq” və “Azəriqaz”ın rəhbər şəxsləri də daxil edilib.
Komissiyanın Katibliyi funksiyasını Nazirlər Kabinetinin Aparatı həyata keçirəcək.
Sərəncama görə, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələri üzrə prosedurların icra vəziyyətinin monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Komissiya gördüyü işlər barədə ildə bir dəfə Prezidentə hesabat təqdim edəcək.
Sənədin icrası nəticəsində tikinti layihələrinin hazırlanması və razılaşdırılması proseslərində gecikmələrin azaldılması, dövlət investisiya layihələrinin icrasının sürətləndirilməsi və özəl sektor üçün daha əlverişli investisiya mühitinin formalaşdırılması hədəflənir.
Qeyd edək ki, sərəncam yeni icazə müddətlərini və ya sadələşdirilmiş qaydaları birbaşa müəyyən etmir. Bu istiqamətdə konkret dəyişikliklər Komissiyanın hazırlayacağı təkliflər əsasında müəyyənləşdiriləcək.













