Naxçıvan Muxtar Respublikasında ilk dəfə taxıl istehsalçıları dövlət dəstəyi hesabına payızlıq əkin üçün buğda ilə yanaşı arpa toxumlarından istifadə edib, əkinlərini həyata keçirəcəklər.
Assosiasiyanın sədri: "Taxıl toxumuna tələbatın 70%-ini yerli istehsal ödəyir"
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, istehsalçılar fəaliyyət göstərdikləri regional dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edib, toxumları əldə edə bilərlər.
Bildirilir ki, ötən ilin payızlıq, cari ilin yazlıq əkinləri üzrə, ümumilikdə, 21 min 247 hektar sahədə taxıl əkinləri həyata keçirilib.
19 min 797 hektar sahədə biçin aparılıb, 49 min tondan çox taxıl əldə edilib və orta məhsuldarlıq 24,9 sentner olub. 1 450 hektar sahədə isə biçin aparmaq mümkün olmayıb. Biçin aparılmamasının səbəbləri isə istehsalçıların düzgün olmayan toxumlardan istifadə etməsi, aqrotexniki qulluq qaydalarına düzgün riayət olunmaması, eyni zamanda quraqlığın təsiridir.
Bu ildən etibarən bütün istehsalçılarla taxıl əkinləri üzrə vaxtında şumun qaldırılması, əkinin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarının göstərilməsi haqqında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilib və bu istiqamətdə işlər davam edir.
Eyni zamanda istehsalçıların tələbatlarının ödənilməsi üçün dövlət dəstəyi hesabına həm nağd formada subsidiyaların, eləcə də gübrələrin verilməsi təmin olunub. Bu istiqamətdə görülən işlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət dəstəyi hesabına toxumluq buğdaların gətirilməsi də reallaşdırılıb. Gətirilən buğda sortu “Alekseiç”dir. Toxum sertifikatlıdır, dövlət reyestrinə alınıb və Azərbaycanın digər bölgələrində, eləcə də muxtar respublikada sınaqdan keçirilib. Keçən il muxtar respublikanın müxtəlif bölgələrində əkini aparılıb və xüsusilə Şərurda yaxşı nəticələr əldə edilib. Bu mövsümdə də həmin toxumun istifadəsi nəzərdə tutulur.
Qeyd edək ki, təsərrüfatçılara dəstək olaraq gübrə təminatı istiqamətində də işlər aparılır. Əvvəlki illərdə hər zaman karbamid gübrəsindən istifadə olunub.
Hazırda isə gübrə çeşidlərinin artırılması ilə bağlı artıq müəyyən tədbirlərin görülməsinə başlanılıb. Bütün bu işləri görməkdə əsas məqsəd isə muxtar respublikada keyfiyyətli əkinlərin həyata keçirilməsinə nail olmaqdır.