Ukrayna ilə müharibə və tez-tez baş verən dron hücumları Rusiyanın sığorta bazarını inkişaf etdirməyə başlayıb. Rusiyada dron hücumlarından korporativ sığortaya tələbat kəskin artıb.
FED.az xəbər verir ki, Rusiya şirkətləri pilotsuz uçuş aparatlarının hücumları və hərbi əməliyyatların nəticələri ilə bağlı riskləri bədbəxt hadisələr və xəstəliklər üzrə korporativ sığorta polislərinə daha tez-tez daxil etməyə başlayıblar. FED.az xəbər verir ki, bu barədə «Remind» sığorta brokerinin araşdırmasında bildirilir.
Bu sığortaya tələbat Rusiyanın Ukrayna ilə sərhədyanı və yeni regionlarında (Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərində) xüsusilə böyükdür. Ən iri sığortaçılar belə riskləri sığortalamağa hazırdırlar, amam müqavilənin qiymətini artırmaq şərtilə: məsələn, müqaviləyə işçinin dron hücumundan sığortası bəndi əlavə edildikdə sığortanın qiyməti 3 dəfə arta bilər.
Bahalaşmaya baxmayaraq bu sığortaya maraq artmaqdadır. İndiyədək bu məhsul üzrə 100–300 milyon rubl sığorta haqqı toplanıb (1,2-3,5 milyon dollar).
Araşdırma göstərir ki, hərbi risklərin bədbəxt hadisələr və xəstəliklər üzrə sığorta polisinə daxil edilməsi, sığorta haqqını orta hesabla 10–15% artırır, təhlükəli zonalara tez-tez səfər edən əməkdaşlar üçün isə proqramın qiyməti 1,5–3 dəfə arta bilər.
Rusiya Sığortaçılar İttifaqının rəhbər müavini Qleb Yakovlev bildirib ki, dron hücumunun sığorta müqaviləsinə daxil olub-olmaması - hazırda müştərilərin verdiyi, ilk suallardan birinə çevrilib.
Sığorta polisi pilotsuz uçuş aparatının, bina qalıqlarının düşməsi, partlayış və ya yanğın nəticəsində əməkdaşların sağlamlığına dəyən zərərə və insan tələfatına görə ödənişləri nəzərdə tutur. Məbləğ bir nəfər üçün 500 min rubldan 2 milyon rubla qədər (6-25 min dollar), yüksək riskli zonalarda çalışan əməkdaşlar və rəhbərlər üçün isə 10 milyon rubla qədər (125 min dollar) ola bilər.
Yeni ərazilərdə hərbi riskləri sığortalamağa yalnız iki şirkət hazırdır, sərhədyanı regionlarda isə şirkətlərin təxminən 60%-i sığorta müqaviləsini problemsiz bağlayır.














