Dövlət Neft Fondunun (ARDNF) və “Brookfield” şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədovun Kanadaya işgüzar səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində o, 14–15 sentyabr tarixlərində Toronto şəhərində keçirilən “Kanada İnvestisiya Sammiti 2026”da iştirak edib və aparıcı institusional investorların rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Kanadanın Baş naziri Mark Karninin ev sahibliyi, “Canada Pension Plan Investment Board” (“CPP Investments”) və “Public Sector Pension Investment Board” (“PSP Investments”) kimi qurumların tərəfdaşlığı ilə təşkil olunan Sammit qlobal investorları, Kanada şirkətlərinin rəhbərlərini və dövlət sektorunun nümayəndələrini bir araya gətirib. Tədbirdə uzunmüddətli kapitalın səfərbər edilməsi, yeni investisiya imkanlarının təşviqi, məhsuldar aktivlərə investisiyaların artırılması, eləcə də iqtisadi artım və dayanıqlılığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində İsrafil Məmmədov Kanadanın aparıcı institusional investorlarının rəhbərləri – “Canada Development Investment Corporation”ın (CDEV) Prezidenti və baş icraçı direktoru Elizabet Ueydeman, “CPP Investments”in Prezidenti və baş icraçı direktoru Con Qrem, “PSP Investments”in baş investisiya direktoru Patrik Şarbonno, eləcə də Kanada İnkişaf Fondunun Prezidenti və baş icraçı direktoru Yannik Boduen ilə görüşlər keçirib. Görüşlərdə Kanadanın investisiya mühiti, qlobal bazarlarda formalaşan yeni investisiya istiqamətləri, dövlət və özəl kapitalın strateji layihələrə cəlb edilməsi, eləcə də enerji keçidi və infrastruktur sahələrində investisiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İsrafil Məmmədov, həmçinin, “Brookfield” şirkətinin Direktorlar Şurasının sədri və “Toronto-Dominion Bank”ın sədr müavini Frenk MakKenna, eləcə də “Brookfield”in baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Görüşlərdə qlobal özəl bazarlarda mövcud investisiya mühiti, real aktivlərə kapital qoyuluşu, xüsusilə infrastruktur və enerji sahələrində uzunmüddətli investisiya imkanları müzakirə olunub. Bununla yanaşı, tərəflər rəqəmsallaşma və artan enerji tələbatının qlobal investisiya bazarlarına təsiri, eləcə də ARDNF ilə “Brookfield” arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Kanadanın «Brookfield Corporation» şirkəti hazırda dünya miqyasında fəaliyyət göstərən dünyanın ən iri alternativ aktiv idarəetmə və investisiya qruplarından biridir.
«Brookfield» adi, ənənəvi investisiya şirkəti deyil: Brookfield həm digər investorların kapitalını idarə edir, həm öz kapitalını yatırır, həm də aldığı infrastruktur, enerji, daşınmaz əmlak və digər bizneslərin idarə olunmasında birbaşa iştirak edir.
2025-ci ilin yekunlarına görə Brookfield ekosisteminin miqyası 1 trilyon dolları keçir. Belə ki, şirkətin idarə olunan aktivlərinin həcmi (AUM) 1 trilyondan artıqdır.
«Brookfield Corporation»un investisiya edilmiş kapitalı $180 mlrd-dan çox, sərmayə yatırmaq üçün əldə olan mövcud (hazır) kapital təxminən $188 mlrd-dır.
2025-ci ildə şirkət kənar investorlardan 112 milyard dollar investisiya cəlşb edib, ümumilikdə 126 milyard dollar isə yatırım edib. Eyni zamanda şirkətin 2025-ci ildə satılan/monetizasiya edilən aktivləri 91 milyard dollardan artıqdır.
50-dən artıq ölkədən çalışan «Brookfield Corporation»da İnvestisiya və aktivlərin idarə edilməsi heyəti 5800 nəfərdir. Əməliyyat şirkətlərindəki işçilər isə təxminən 250 min nəfərdir.
Brookfield nəyə investisiya edir?
«Brookfield»in əsas istiqamətləri infrastruktur, bərpa olunan enerji və enerji keçidi, daşınmaz əmlak, private equity, kredit və sığorta/wealth solutions sahələridir. Müştəriləri (yəni vəsaitlərini bu şirkətə idarə etməyə verənlər) arasında pensiya fondları, suveren fondlar, sığorta şirkətləri, maliyyə institutları və digər böyük investorlar var.
Xüsusilə infrastrukturda Brookfield-in payı çox böyükdür. Brookfield-in təkcə infrastruktur platformasının 262 milyard dollarlıq aktivi var və bu biznes 30-dan çox ölkədə fəaliyyət göstərir. Aktivlər arasında elektrik və enerji infrastrukturu, telekommunikasiya qüllələri, data infrastrukturu, dəmir yolları, limanlar, kommunal və digər kritik infrastrukturlar yer alır.
Enerji keçidi və bərpa olunan enerji platforması da çox böyükdür. Brookfield 2025-ci ilin sonunda bu istiqamətdə $140 milyarddan artıq AUM idarə etdiyini bildirirdi. Bura hidroenerji, günəş, külək, nüvə energetikası, enerji saxlama sistemləri və digər enerji infrastrukturu daxildir.
Əldə yatırıma hazır 188 milyard dollar pulu var
«Brookfield»in maliyyə imkanlarını göstərən ən maraqlı rəqəmlərdən biri 188 milyard dollara yaxın deployable capital, yəni uyğun investisiya imkanı yarananda istifadə edilə bilən (əldə olub yatırım gözləyən) kapitaldır. Üstəlik, Brookfield Corporation-un özünün 180 milyard dollardan artıq investisiya edilmiş kapitalı var.
Son illər DATA mərkəzlərə maraq göstərir
Brookfield son illərdə enerji + data mərkəzləri + süni intellekt infrastrukturu üçlüyünə ciddi kapital yönəldir. Məsələn, «Brookfield Infrastructure» şirkəti ABŞ, Kanada, İsveç, Fransa və Almaniya daxil olmaqla müxtəlif ölkələrdə AI infrastrukturu və “AI factories” üçün iri həcmli investisiyalar planlaşdırdığını açıqlayıb. «Brookfield Renewable»in isə 200 GW-dan artıq inkişaf layihələri portfeli var.













